Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz.. – Yeni məktəbli formalarından narazılıqbackend

Parça keyfiyyətsiz, ətək nazik, tikişlər səliqəsiz.. – Yeni məktəbli formalarından narazılıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Yeni sezon məktəbli formaları ilə bağlı valideynlər arasında narazılıqlar var.
Belə ki, valideynlər iddia edir ki, formaların keyfiyyəti onun qiyməti ilə müqayisədə xeyli aşağıdır. Ətəklərin tikilməsində istifadə olunan parçaların həddindən artıq nazik olması, eləcə də tikilişdə yol verilən xətalar valideynlərin diqqətindən yayınmayıb. Halbuki Bakı Tikiş Fabrikinin rəhbəri bildirmişdi ki, parçalar keyfiyyətli olduğu üçün qiyməti ucuz etmək mümkün deyil. Övladı bu il ikinci sinifə gedən valideyn qız uşağı üçün aldığı bir ətək və bir polo köynək üçün 39 manat ödəniş etdiyini deyir:
“Ətək həddindən artıq nazik parçadan tikilib. Payız fəsli üçün əlverişli deyil. Üstəlik tikişlər səliqəsizdir. Hiss olunur ki, başdansovdu, necə gəldi tikilib. Allah bilir, bir dəfə yuyulandan sonra ölçüsü kiçiləcək”.
Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova da Bakupost.az -a açıqlamasında məktəbli formalarının keyfiyyətsiz və zövqsüz olmasının şəkillərdən belə göründüyünü bildirib:
“Valideyn məktəbli formaları üçün kifayət qədər pul ödəyir. Məktəbli formalarının müxtəlif vaxtlarda dəyişilməsi də valideynin problem deyil. Düzdür, nazir öz çıxışında dedi ki, məcburi xarakter daşımır. Hətta aztəminatlı və sosial dəstəyə ehtiyacı olan ailələrin forma təminatı ilə bağlı müəyyən prosesdur işlənib hazırlanacaq. Digər tərəfdən, valideyn keyfiyyətsiz formanı niyə almalıdır? Ondansa əvvəlki kimi qara ətək, qara şalvar, yaxud özü keyfiyyətinə güvəndiyi geyimi almalıdır. Hazırkı foraların alınması məcburi deyil, tövsiyə xarakterlidir. Bu səbədən bizə elə də çox müraciət daxil olmayıb. Lakin bu məsələ növbəti illərdə geniş müzakirələrə səbəb olacaq. Və biz ictimai şura olaraq geyimlərin keyfiyyətilə maraqlanacağıq”.
G.Səfərova məktəbli formalarının kifayət qədər olmaması ilə bağlı məsələyə də diqqət çəkib:
“Məktəbli formaları ilə bağlı bir il əvvəl qərar verilsə də, məsuliyyətsiz yanaşma səbəbindən hazırda satışda kifayət qədər forma olmadığı müşahidə olunur. Eyni zamanda pedaqoji heyətə fprmaların müzakirə edilməsi üçün seçimlər təqdim edildi. Görünür, pedaqoji heyətin qərar verməsi müəyyən zaman alıb. Daha açıq desək, bu, tələsik qərara da oxşayır. Dizayn əvvəldən verilsəydi, keyfiyyətə nəzarət mümkün olardı. Bu il problemlər olacaq, yəni, məktəbli formaları çatmayacaq. Bu sahədəki özəl şirkətlərə də imkan yaradılmalıdır ki, rəqabətli mühit yaransın. Əgər rəqabətli mühit yaradılsa, keyfiyyət üzərindən bazara xeyli maraqlı şirkətlər daxil olar. O zaman valideyn olaraq biz daha keyfiyyətli forma ala bilərik”.
Filologiya üzrə fəlsəfə doktoru, dosent Vüsalə Ağabəyli də məktəbli formalarının keyfiyyətsizliyilə bağlı valideynlərin narazılığını haqlı hesab edib:
“İstər yeni sezon, istərsə də öncəki sezon məktəb formalarının keyfiyyətsizliyindən valideynlər haqlı narazılıq bildirirdi. Çünki formaya kifayət qədər pul verilir. Bir evdən 2 və ya 3 uşaq məktəblidirsə, görün, ailə büdcəsindən nə qədər vəsait ayrılmalıdır. Nazir qeyd edir ki, formanın qiymətinə qarışmır, bunu bazar münasibətləri müəyyən edir. Lakin dərs vəsaitləri, o cümlədən, məktəb forması da təhsilin bir parçasıdır. Formanın dizaynını verməkdə maraqlıdırlarsa, qiymətlərin tənzimlənməsinə də nəzarət etməlidirlər. Digər tərəfdən, əgər keyfiyyət dəyişməyəcəkdisə, o zaman bu formanın dizaynını dəyişməyin nə əhəmiyyəti var? Çarəsiz valideyn nə etməlidir, ildə neçə dəfə məktəbli forması almalıdır?”