Pandemiya məmurların biznesini çökdürürbackend

Pandemiya məmurların biznesini çökdürür

Onların nəzarətində olan turizm, hotelçilik, kafe- restoran, şadlıq evləri, əyləncə mərkəzləri və ticarət mərkəzləri iflas həddindədir

Koronavirus pandemiyasından ən çox zərərçəkən sahələr sırasında turizm, hotelçilik, kafe-restoran, şadlıq evləri, əyləncə mərkəzləri, ticarət mərkəzləri, daşımaçılıq və sair öndə gedir. Bu, əslində bütün dünyada belədir. Pandemiyanın aylardır bağlı qoyduğu bu sahələrdə fəaliyyət göstərən obyektlərin sahibləri böyük zərərlə üzləşməkdədilər. Bir çox analitik mərkəzlər bu sahələrin, xüsusilə turizm sektorunun pandemiyanın mənfi təsirlərindən yaxın 2-3 il ərzində qurtula bilməyəcəyini proqnozlaşdırırlar. Nəzərə alsaq ki, COVID-19-a qarşı peyvəndin əldə olunması, əhalinin kütləvi peyvəndlənməsi prosesinin ən yaxşı halda 2021-ci ilin ortalarında mümkün olacağı gözlənilir, onda qeyd olunan sahələrdə zərərin daha da artacağını söyləmək olar.

Qeyd edək ki, pandemiyadan ən çox zərər çəkən sahələr Azərbaycanda həm də məmur biznesinin ən yüksək təşəkkül tapdığı sahələrdir. Ölkədə vəzifəsindən alınan, həbs olunan məmurların, demək olar ki, hamısının bu sahələrdə obyektlərinin olduğu üzə çıxır. Eyni zamanda hazırda vəzifədə olan məmurların bir çoxu ilə bağlı belə faktlar aşkarlanmaqdadır.

Azərbaycanda pandemiyadan zərər çəkən sahələrə ayrılan dövlət dəstəyi bilavasitə iş yerlərinin saxlanmasına hesablanmaqla əsasən əmək haqqının ödənməsindən ibarətdir. Əksər mütəxəssislər ayrılan dəstəyin yetərli olmadığı, müəssisələrin üzləşdiyi zərərlə müqayisədə cüzi məbləğlə ifadə olunduğu qənaətindədirlər. Bu isə böyük əksəriyyəti məmur-oliqarxlara məxsus olan belə müəssisələrin ciddi itkilərə məruz qaldığı deməkdir. Belə itkilər fonunda məmurlar bizneslərini başqa sahələrə köçürə bilərlərmi?

Xatırladaq ki, Prezident İlham Əliyev çıxışlarında dəfələrlə ölkədə məmurların biznes fəaliyyətinin yaratdığı fəsadlara toxunub, bu vəziyyətə son qoyulmasının vacibliyini vurğulayıb. Bu şəraitdə məmurların biznes fəaliyyəti üçün başqa sahələrə üz tutmasına imkan veriləcəkmi?

Əkrəm Həsənov: “Regionlarımızda vəkillərə böyük ehtiyac var”

Əkrəm Həsənov

Hüquqşünas Əkrəm Həsənov bildirir ki, Azərbaycanda yalnız pandemiyadan zərər çəkən sahələrdə deyil, digər sahələrdə də məmur biznesi mövcuddur: “Məmur biznesi olmayan sahələr, demək olar ki, yoxdur. Sadəcə, qeyd olunan sahələr daha çox pul tələb edən, inzibati resurs tələb edən, eyni zamanda daha yüksək gəlir əldə etməyə imkan verən sahələrdir. Ona görə də məmurlar bu sahələrə həvəslə vəsait qoyublar. İndi o sahələrdə ciddi böhran var, böyük itkilərə məruz qalıblar. Amma nəzərə almaq lazımdır ki, turizm, hotelçilik, restoran və sair biznes daha çox daşınmaz əmlaka bağlıdır. Yəni müəssisələrin əksəriyyəti daşınmaz əmlakdan ibarətdir. İndiki böhran şəraitində bu əmlakları kimə satıb pulunu başqa sahəyə yönəltmək mümkündür? Faktiki olaraq, heç kimə. Çünki hazırda yalnız Azərbaycanda deyil, bütün dünyada belə obyektlərə ən gəlirsiz sahə kimi investisiya yatıran tapmaq mümkün deyil. Yəni bu gün biznes sahəsini dəyişmək mümkünsüzdür”.

Ə.Həsənovun sözlərinə görə, Azərbaycanda məmurlar yalnız bir sahəyə vəsait yatırmırlar: “Bu gün eyni məmurun həm turizm, həm daşımaçılıq, həm tikinti, həm kənd təsərrüfatında, həm ticarətdə fəaliyyət göstərən obyektləri var. Bu isə bir sahədən çəkilən zərərin digər sahələr hesabına kompensasiya etməyə imkan verir. Digər tərəfdən, bu məmurların mövcud biznesinin cüzi hissəsi Azərbaycandadır. İndiki şəraitdə onlar bizneslərini, xaricdəki vəsaitlərini ölkəyə gətirməyəcəklər. Eyni zamanda digər sahələrə – daha aşağı gəlirli sahələrə də vəsait qoyacaq deyillər. Bu baxımdan, düşünmürəm ki, pandemiyadan zərərçəkən sahələrdəki məmur biznesi azalacaq, yerini dəyişəcək”.

Ekspertə görə, ölkə iqtisadiyyatı, ölkədəki biznes mühiti ümumiyyətlə, buraya investisiya cəlbi üçün əlverişli hesab olunmur: “Son illərdə investisiyaların kəskin azalması bunun nəticəsidir. Bir halda ki, vətəndaşın, sahibkarın mülkiyyətinin toxunulmazlığı təmin olunmur, o zaman kim gəlib bura investisiya yatıracaq? Azərbaycan sərmayə qoyuluşu üçün onsuz da riskli ölkə hesab olunurdu. Amma risklər çox olsa da, gəlirlilik də yüksək idi. İndi isə gəlir də azalıb. Bu şəraitdə nəinki xarici, heç yerli investorlar da harasa sərmayə qoymağa risk etməzlər. Məmur-oliqarxlar isə heç buna getməzlər: son vaxtlar başlanan proseslər göstərir ki, onların biznesi hər an əllərindən çıxa bilər”.

Hüquqşünas bildirir ki, Azərbaycan indiki vəziyyəti bir fürsətə çevirmək şansı əldə edib: “Məhkəmə sistemində islahatları dərinləşdirmək, azad və rəqabət biznes mühiti formalaşdırmaqla sıravi vətəndaşlarımızın, vəsaiti olan insanlarımızın özlərinin iqtisadiyyata yetərincə investisiya yatırmasına nail ola bilərik. Bu proses qısamüddətli deyil, amma başlamağa və axıradək getməyə dəyər”.

Natiq Cəfərli: “Virus olmasaydı da, neft ucuzlaşacaqdı”

Natiq Cəfərli

İqtisadçı-ekspert Natiq Cəfərli Azərbaycan iqtisadiyyatında məmur biznesinin rolunun çox böyük olduğu qənaətindədir: “Bunların hamısı dolayı yollarla fəaliyyət göstərir: məmurlara biznes fəaliyyəti qadağandır. Bütün bizneslər məmurları yaxınları, qohumları, dostlarının adınadır. Lakin onlara himayəçilik bilavasitə məmurlar tərəfindən həyata keçirilir deyə, əslində hazırda hansı məmurun hansı sahədə hansı obyektlərinin olduğu hər kəsə məlumdur. İqtisadiyyatın əksər sahələrində belə himayə olunan biznes yüksək paya malikdir ki, bu da ölkədə sağlam rəqabət mühitinin boğulmasına gətirib çıxarıb. İndiki dövrdə məmur biznesinin pandemiyadan zərərçəkən sahələrdən başqa sahələrə keçid etməsindən danışmaq tezdir. Hazırda biz daha çox ölkədən capital çıxışından danışa bilərik. Məmurlar əllərində olan vəsaitləri ölkədən çıxarmağa çalışacaqlar”.

Xatırladaq ki, prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatında liberallaşdırmaya gedilməsinin zəruri olduğunu bildirib. Prezidentin bu çıxışından sonra digər sahələrə məmur pullarının yatırılması real görünürmü? N.Cəfərli bildirir ki, indiki halda liberallaşdırma xarakterli addımların əsasında iri dövlət şirkətlərinin tam və ya qismən özəlləşdirilməsi, yaxud özəl sektora idarəetməyə verilməsi dayanacaq: “Bu müəssisələrin özəlləşdirilməsində məmurların leqal şəkildə iştirakı indiki halda mümkün deyil. Ümumilikdə belə özəlləşməyə gedilməsi üçün bir sıra hüquqi addımların atılması lazım gələcək: məhkəmə sistemində islahatlar, hüquqlara təminat, maliyyə amnistiyası və sair. Ən əsası isə ölkədə siyasi islahatların aparılması zəruridir – demokratik siyasi mühit xarici investorların ölkəyə gəlməsi üçün ən mühüm şərtlərdən biridir. Əks halda, liberallaşma məqsədli addımlar effekt verməyəcək”.

Dünya SAKİT

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki