Pandemiya dövrü süni intellektin inkişafını daha da gücləndirdibackend

Pandemiya dövrü süni intellektin inkişafını daha da gücləndirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə gün öncə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin, Elektron Hökumətin İnkişafı Mərkəzinin təşkilatçılığı və “Paşa Holdinq”in sponsorluğu ilə “Rəqəmsal Jurnalistikaya doğru” proqramı əsasında dörd günlük maraqlı bir vebinarın iştirakçısı oldum.

Xüsusi olaraq qeyd edim ki, təlimdə seçilən mövzular maraqlı olmaqla yanaşı təcrübəli təlimçilər tərəfdən bol-bol informasiyalar almağımıza kömək etdi. Həmçinin, məqalələrin yazılması üçün təklif olunan mövzuların hərəsinin özünəməxsus özəlliyi var idi. Bundan başqa seçilən mövzuların gündəmlə səsləşən vacibliyi də diqqəti cəlb edirdi.

Bir iqtisadçı jurnalist kimi bu mövzulardan Rəqəmsal hökumətdə Süni İntellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi” başlıqlı mövzu marağıma səbəb oldu. Bununla yanaşı pandemiya dövründə süni intellektdən asılı olmağımız bu mövzuya olan diqqətimi ayırca çəkdi.

Məqaləmdə “Rəqəmsal hökümətdə süni intelektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflər”in verilməsi ilə yanaşı “rəqəmsal iqtisadiyyatın” iqtisadiyyat sektorunun şəffaflığına təsiri mövzusuna da toxunacam.

Öncə nəzər yetirək görək süni intelelkt anlayışı nədir? Və nə vaxtdan inkişaf etməyə başlayıb?

Süni  intellekt (Sİ) (ing. artificial intelligence (AI)) – insan məntiqini maşınlarda tətbiq etmək məqsədi daşıyan riyazi elmdir. Süni intellekt, bir elmi istiqamət olaraq, müxtəlif elm sahələrinin inteqrasiyasına əyani nümunədir. Bu həm də riyaziyyat və məntiq sahəsində əldə edilən nailiyyətlər nəticəsində,  bəşəriyyətin canlı və cansız təbiət barədə topladığı biliklər əsasında formalaşmış sərbəst elmi tədqiqat sahəsidir. Qərarlaşmış elmi biliklər sahəsi olaraq süni intellekt XX əsrin ortalarında formalaşsa da, bu sahənin tarixi çox qədimdi. Praktik olaraq, hələ orta əsrlərdə bu yeni biliklər sahəsi ilə məşğul olan alimlər təfəkkürün konstruktiv təyini və modelləşdirilməsi üçün xüsusi məsələlərdən çıxış etməyi və bu məsələlərin həllindən ötrü bir mexanizm kimi “süni intellekt” anlayışından istifadə etməyi məqsəduyğun saymışlar.

Vebinar zamanı təlimçi öz təqdimatında, əsasən, hansı xidmətlərdə süni intellekt texnologiyasından istifadə edildiyini vurğulamışdı.

Təlimçinin qeyd etdiyi kimi süni intellektin tətbiq sahələri geniş olduğundan vahid tərif vermək olduqca çətindir. Bu gün şahmat oynayan kompüterlərdən tutmuş, özünü idarə edən avtomobillərə qədər eşitdiyimiz texnologiyaların hər biri süni intellekt nümunələridir.

150

 

Mövzuya uyğun olaraq Rəqəmsal hökumətdə Süni İntellektin tətbiqi üzrə uğurlu nümunələrdən bəhs etmək istərdim.

Bildiyimiz kimi hazırda dünya yeni qlobal dəyişikliklər astanasındadır.

Hamımıza məlumdur ki, Çindən başlayan koronavirus infeksiyası, Ümumdünya Səhiyyə Təşkilatının bu virusu (COVİD -19) pandemiya elan etməsi ilə artıq dünya üzrə milyonlarla ev və ofislərdə insanlar daha aktiv şəkildə rəqəmsal platformalardan istifadə edirlər. Baş verən bu hadisədə koronavirus yeni nəsil texnologiyaların istifadəsinə təkan verməklə yanaşı, rəqəmsal texnologiyaları da önə çıxardı.

Bu sahənin inkişafı iqtisadi dəyişikliklərə yol açmaqla yanaşı, həmdə bir çox davranış vərdişlərinin insanların beyninə həkk olunacağını göstərir. Xüsusi proqramlar vasitəsi ilə onlayn video konfransların təşkili, bağlantı xidmətlərindən geniş istifadə, milyonlarla insanın ofislərə getmədən evdən işlərini idarə etməsi süni intellektin inkişafının sürətlənməsinə təkan verir. Daha dəqiq desək, virusa yoluxma təhlükəsini nəzərə alan insanlar və şirkətlər oflayn deyil, onlayn xidmətlərə daha çox üstünlük verirlər.

Qeyd etdiyimiz kimi dünyanı cənginə alan pandemiyaya görə hər kəs rəqəmsal platformadan istifadə edir.

Baxaq görək ölkəmizdə bu tələbatın öhdəsindən gəlmək üçün hansı amillər mövcuddur;

Bildiyimiz kimi, artıq bir neçə ildir ki, əksər dövlətlər kimi, Azərbaycan da yeni sistemə keçidlə vətəndaş-hökumət münasibətlərində çeviklik, şəffaflıq prinsipinə əsaslanan “Rəqəmsal hökumət” (Digital Government) sisteminin tətbiqinə başlayıb.

Bu xidmət növlərindən demək olar ki, mütəmadi olaraq istifadə edirik və bir vətəndaş kimi məndə yaxşı ki, “kağız dövrü”, “zaman itkisi” geridə qaldı deyirəm. Bu gün baş verən bu müsbət gedişatda – “Elektron Hökumət”in yaradılmasında vətəndaş məmnuniyyətinin ön planda olduğunu görürük. Bununla yanaşı vebinar təlimdə təlimçinin elektronlaşma sahəsində Azərbaycanın həyata keçirdiyi layihələrin bir çox ölkələr üçün nümunəyə çevrildiyini bildirməsi də faktdir. Bu gün dünyanın öndə olan dövlətləri təcrübə toplamaq üçün öz nümayəndələrini məhz bizim ölkəyə göndərirlər. Və bu da öz növbəsində ölkəmizin iqtisadi sahədə böyük inkişafından xəbər verir.

İndiki dövrdə vaxtımızın çox hissəsini evdə keçirməyimiz yuxu rejiminə də təsirsiz ötüşməyib.  Amma mərkəzin (EHİM) 7 gün 24 saat fəaliyyət göstərməsi bu kimi çətinlikləri də aradan qaldıraraq işlərimizi mütəmadi Asanlaşdırır.

Yuxarıda qeyd etdiyim kimi bu gün rəqəmsal texnologiyalar Azərbaycanda da tətbiq edilir, ölkə artıq rəqəmsal transformasiya yolundadır. Ölkə rəhbərliyi tərəfindən Azərbaycanda iqtisadiyyatın rəqəmsallaşması və rəqəmsal iqtisadiyyat qurulması istiqamətində çox böyük işlər görülür. Dünyada gedən dəyişikliklər, pandemiyaya qarşı mübarizə fonunda Azərbaycanın da qarşısında zamanın çağırışlarına cavab vermək və iqtisadi inkişafda yeni üfüqlərə çıxmaq kimi vəzifələr qoyur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, ölkəmiz üçün də rəqəmsal iqtisadiyyatın qurulması, innovasiyaların tətbiqi prioritet məsələlərdəndir.

Məhz buna görə də, Dövlət xidmətləri rəqəmsal dövrdə EHİM – “Elektron Hökumət” portalı, “ASAN viza”, “ASAN login”, “ASAN ödəniş”, “ASAN finans”, “ASAN wifi”, “E-Agro”, Elektron Satınalma Sistemi, Elektron Lisenziya və İcazələr Sistemi, “Digital.gov.az”, Avtomatlaşdırılmış Əmək Monitorinqi Sistemi, “İdeya Bankı”, “Bir Pəncərə” Tikintiyə İcazə Sistemi, Dövlət Xidmətləri Reyestri, İnsan Resursları Sistemi və s. digər layihələrin sürətli fəaliyyətini təmin edir.

EHİM tərəfindən həyata keçirilən uğurlu layihələrdən bir neçəsi barədə məqaləmdə qeyd etmək istərdim.

Bu uğurlu layihələrdən biri “ASAN ödəniş” sistemidir. EHİM-dən sorğu əsasında əldə etdiyim rəsmi məlumata görə, “ASAN ödəniş” sisteminə artıq 30 mərkəzi icra hakimiyyəti, 79 yerli icra hakimiyyəti, 113 məhkəmə orqanı, 8 publik hüquqi şəxs, 11 dövlətə məxsus hüquqi şəxs, 3 özəl təşkilat və 21 ödəniş xidməti təchizatçısı (ödəniş sistemi) 632 xidmət, 10 000+ terminal və 1200 poçt şəbəkəsi bu sistemə daxildir.

 

Onu da qeyd edim ki, eyni zamanda “E-manat”, “E-pul”, “Hesab.az”, “MilliÖN” və ölkədə olan digər ödəniş təchizatları bu sistemə inteqrasiya edilib.

 

Rəqəmsal hökumətdə Süni İntellektin tətbiqi üzrə uğurlu nümunələrdən biri kimi “MyGov”u göstərmək olar.

“MyGov” “qabaqlayıcı hökumət” konsepti əsasında vətəndaş, dövlət və biznes qurumlarını vahid platformada birləşdirən elektron xidmətlərin göstərildiyi platformadır.

Bu gün hərkəs bu sistemdən uğurla  yararlanır.

Məsələn, vətəndaşlar “MyGov” platformasında qeydiyyatdan keçərək “şəxsi kabinet”lərinə daxil olmaqla özlərinə aid məlumatları görə bilirlər. Platformaya daxil olmaq üçün vətəndaşın şəxsiyyət vəsiqəsinin 7 rəqəmli “FİN” kodu və ya elektron imzası (elektron imza və ya ASAN imza) kifayət edir.

Portala daxil olduqdan sonra hər bir şəxs xidmətlərə elektron qaydada müraciət edə, elektron arayışlar və digər sənədləri əldə edə, məlumatlarının doğruluğunu təsdiqləyə, həmçinin özünə aid məlumatların digər qurumlara ötürülməsi prosesini tənzimləyə bilir.

Sistemin bir neçə üstünlüyünə nəzər yetirək. Əgər istənilən müəssisədə, təşkilatda, bankda vətəndaşdan hər hansısa bir sənəd tələb olunarsa, vətəndaş haqqındakı bilgiləri “MyGov”da yerləşən “şəxsi kabinet”indən götürülməsinə icazə verir. Bu da rəqəmsal transformasiya hesab olunur.

Digər bir üstünlük vətəndaşa göndərilən 7 növ bildiriş mesajlarıdır. Hər hansısa bir sənədinin etibarlılıq müddətinin bitməsi ilə bağlı vətəndaşa mesaj gəlir ki, sənədinizin vaxtı bu tarixdə bitir və dəyişmək lazımdır. Hətta övladına peyvənd vurulma vaxtı belə valideynlərə elektron bildirişlə xatırladılır. Bu bildirişlərin sayı daha da artırılacaq və digər sənədlərlə də bağlı məlumatlar vətəndaşlara bildiriş formasında təqdim ediləcəkdir.

Vebinarda, əsasən, təlimçinin “MyGov” haqqında vurğuladığı fikirlər diqqətimi çəkdi. Beləki, hər hansı bank sizdən icazəsiz, sizi sorğulayarsa, sadəcə, “MyGov”dan qeydiyyatdan keçərək və prosesləri izləyərək dərhal bu kimi xoşa gəlməz hadisələrdən tez məlumat əldə edə bilərsiniz. Elə mən özüm də həmin anda qeydiyyatdan keçərək bu kimi şəxsi işlərimi nəzarət altına götürməyə başlamışam.

Qeyd: Ölkəmizdə də Rəqəmsal hökumətdə Süni İntellektin tətbiqi üzrə uğurlu nümunələrin keyfiyyətli xidmət göstərməsi bir vətəndaş kimi məni sevindirməyə bilməzdi.

Digər uğurlu nümunələrdən biri kimi “ASAN viza”nı göstərmək olar.

“ASAN viza” haqqında məlumatım olsa da, bir neçə qaranlıq suallarıma vebinar zamanı təlimçi ətraflı cavab verdi.

Belə ki, “ASAN viza”nı Ölkənin çox önəmli layihələrindən biri adlandırmaq olar. Qısa zamanda əldə olunan uğurlara görə bu kəlməni çəkinmədən qeyd edə bilərəm.

Layihə yarandığı ilk vaxtlarda üç gün ərzində viza verilirdisə, daha sonra əcnəbi vətəndaşın müraciətindən 3 saat sonra vizanın verilməsi təmin edilməyə başlanıb. 2018-ci ilin may ayından etibarən beynəlxalq hava limanlarındakı terminallar vasitəsilə hətta 2 dəqiqə ərzində vizanın verilməsi təmin olunur.

Vebinar zamanı təlimçinin açıqladığı statistikalara baxdıqda görürük ki, turizmin inkişafında “ASAN viza”nın keyfiyyətli xidməti böyük rol oynayır.


Digər uğurlu layihələrdən və “Elektron Hökumət”in inqilabi yeniliyi adlandırılan, virtual dövlət satınalmalarını da qeyd etmək olar.

Araşdırma zamanı bu layihə barədə bir neçə məlumat da əldə edə bildim. Qeyd edim ki, bütün dövlət satınalmaları elektron formada həyata keçirilir. Hər bir proses üçün elektron imza yetərlidir. Dövlət qurumunun nümayəndəsi, tender komissiyası, elektron protokollar, podratçı şirkətlər, təkliflər, qiymətləndirmələr və nəticələrin hamısı elektron qaydada həll edilir.

Bir üstünlük kimi onu da qeyd etmək olar ki, tenderin nəticələri bəlli olduqda qaliblərə də, məğlub şirkətlərə də bu barədə bildiriş göndərilir. Yəni hər şey virtual həyata keçirilir. Bu prosesin davamı olaraq sistem İqtisadiyyat və Maliyyə nazirliklərinə qoşulur.

Layihənin vergi dövriyyəsi, işçi qüvvəsinin sayına qədər hesablamalar aparılır. Ümumiyyətlə, bu sistemdə hazırda minlərlə dövlət əsaslı şirkət və qurum iştirak edir.

İndiki dövrdə dünya ölkələri COVİD-19 kimi tanınan virusun qarşısını almaq üçün  müxtəlif layihələr hazırlayırlar. Qeyd etmək istərdim ki, bu uğurlu layihələrdən biri elə bizim ölkədə gerçəkləşdirilir. Hansı ki, bu layihədən digər ölkələrdə nümunə götürə bilərlər. Bu layihənin adı “İcazələrin alınması və Monitorinqi Sistemidir”.

“Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən Daxili İşlər Nazirliyi (DİN) birgə əməkdaşlıq əsasında ərsəyə gətirilib. Sistem Azərbaycan Respublikası ərazisində xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların fəaliyyət göstərməsi və evdən çıxmalarına dair icazələrin alınması üçün nəzərdə tutulub.

Xüsusi karantin rejiminin tətbiqi zamanı vətəndaşların evdən çıxmalarına dair icazənin əldə edilməsi üçün hazırda ölkədə 8103 SMS İcazə Sistemi tətbiq edilir. Sistem hər vətəndaşa bir gün ərzində limitli sayda icazə vermək, müvafiq kod və şəxsiyyət vəsiqəsinin seriya nömrəsinin uyğunluğu məlumatlarını emal etmək, icazə üçün müraciətləri təsdiq və ya ləğv etmək funksiyalarına malikdir.

 

Qeyd edim ki, smslərin göndərilməsi ödənişsizdir. Yəni burada əsas məqsəd vətəndaşların təhlükəsizliyinin qorunmasıdır. Vaxtında atılan bu kimi addımlar virusun qarşısını müəyyən qədər almağı bacardığı üçün bu tətbiq təqdirəlayiq hesab edilir.

Rəsmi mənbədən aldığım məlumata görə, hazırda Prezident İlham Əliyevin fərmanı ilə ölkədə bütün dövlət qurumlarının vahid sənəd dövriyyəsi sistemi hazırlanır.

Rəqəmsal hökumətdə Süni İntellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi” mövzusunda süni intellekt anlayışı və uğurlu nümunələrdən bir neçəsini yuxarıda qeyd etdim. Bununla yanaşı əlavə olaraq iqtisadçı jurnalist kimi rəqəmsal iqtisadiyyatla bağlı mövzuya toxunmaq istərdim.

Qeyd edə bilərəm ki, bu gün rəqəmsal iqtisadiyyata keçid və bu sahənin sürətli inkişafı əksəriyyət kimi məni də qane edir. Çünki bu zaman iqtisadiyyatın bütün sahələrində şəffaflıq yaranaraq “kölgə iqtisadiyyatı” kəlməsi kölgədə qalmağa başalyır.Rəqəmsallaşmanın kölgə iqtisadiyyatının azaldılması, şəffaflığın səviyyəsinin yüksəldilməsinin ən səmərəli üsullarından biri olduğunu çox yaxşı dərk edirik.

Araşdırmalar göstərir ki, rəqəmsal iqtisadiyyatın inkişafının ölkənin ÜDM-nin artımına mühüm təsiri vardır. Müxtəlif dövlətlərin iqtisadi inkişaf göstəricilərinə nəzər salsaq görərik ki, rəqəmsal sektorun Cənubi Koreya iqtisadiyyatında payı 12%, İsveçdə 8.6%, Finlandiyada 8,3%, ABŞ-da 7,4%, Böyük Britaniyada isə 7,1 %-dir.

Dünayada rəqəmsal iqtisadiyyatın mövcud vəziyyətinə nəzər yetirsək görərik ki, bu gün  biznesin təxminən 12%- i internet üzərindən aparılır. Yaxın 30 ildə biznesin 80%-nin internet vasitəsilə aparılacağı proqnozlaşdırılır.

İnkişaf etmiş və inkişaf etmək də olan dövlətlər kağız sənədlərin ləğvi ilə bürokratik əngəllərin, get-gəl proseslərinin məhdudlaşdırılması və tamamilə aradan qaldırılmasına nail oldu. Çünki çox yaxşı başa düşülür ki, texnologiya korrupsiya ilə mübarizədə əsas müttəfiqdir. Yeni texnologiyalar və aparılan maarifləndirmə siyasəti insanlara keçmişdə kağız üzərində işlədilən qeyri-şəffaflığın pərdə arxasında saxlanıla bilən korrupsiya tətbiqlərinin qarşısını almaq və hətta proqnozlaşdırmaq imkanı verir.

Bu gün ölkəmizdə də bu kimi halların qarşısını almaq üçün rəqəmsal iqtisadiyyatla bağlı uğurlu layihələrin sayının çox olduğunu bilirik. Bunlardan bir qismini yuxarıda qeyd etdim. Digər nümunə kimi ASAN xidmətin, 2018-2020-ci illərdə Azərbaycan Respublikasında “Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət proqramı”nın, “Dost” şəbəkəsinin, E-hökümətin yaradılması ilə bağlı qəbul edilmiş qanun və qərarları, Strateji Yol Xəritələri və əhalinin maliyyə savadsızlığının aradan qaldırılmasını və s. bu kimi şəffaflıq yarada biləcək digər uğurlu layihələri qeyd etmək  olar.

Rəqəmsal hökumətdə Süni İntellektin tətbiqi üzrə uğurlu nümunələr və ölkə üzrə təkliflərin verilməsi” mövzusu ilə bağlı bir neçə təklif irəli sürmək istərdim.

Bu sahənin sürətli inkişafının tərəfdarı kimi deməliyəm ki, ən vacib məqam bu sahədə səriştəli kadrların olması üçün mövcud sistemin təkmilləşdirilməsidir. Belə olan halda, əlbəttə, əhali müvafiq bacarıqlara yiyələnəcəkdir. Hazır ki pandemiya fonunda artıq təhsil sisteminin distant təhsil formasına keçdiyini bilirik. Araşdırma zamanı BƏƏ-nin artıq süni intellektlə bağlı universitet açmaq niyyətində olduqlarını bildim. Yəni bu sahədə bizdə də ali təhsil ocaqlarında ixtisasların daha da gücləndirilməsi, köhnə ədəbiyyat kitablarının, yeniləri ilə əvəzlənməsinin kadr potensialının inkişafına dəstək ola biləcəyinə əminəm.

Əlavə təklif kimi qeyd etmək istərdim ki, bu sahənin qurulması məhz dayanıqlı infrastrukturla sıx bağlıdır. Çünki müasir texnoloji infrastruktur rəqəmsallaşma və rəqəmsal iqtisadiyyatın əsasıdır.

Digər təklif kimi bildirmək istərdim ki, Azərbaycanda fəaliyyət göstərən bütün sahələrin internetə qoşulması müsbət nəticə verə bilər. Bundan başqa kibertəhlükəsizliyin inkişafı barədə ölkədə daha sıx və geniş marifləndirilmə işləri aparılması da mütləqdir.

Süni intellektin inkişafında bir çox sahənin əməkdaşlarının işsiz qalacaqları bildirilir. Deyilənləri nəzərə alaraq, həmin şəxslərin (bank, vergi, gömrük, müfəttişlər, maliyyə əməkdaşları və s. bu kimi mütəxəssisləri) bu sahəyə yönləndirilməsi üçün layihə hazırlanmalı və tətbiq edilməsi məqsədyönlü olardı. Bu zaman həmin mütəxəssislər gələcəkdə geniş informasiya seli ilə işləməyi bacaracaq, analitik təhlillər aparacaqdır.

Sonda qeyd etmək istərdim ki, vətəndaşların həyat şəraitini yaxşılaşdırmaq və dövlət xidmətlərinin əlçatanlığını artırmaq üçün rəqəmsal texnologiyadan istifadə həm istehsalçıları, həm də istehlakçıları məmnun edəcək. Bu da öz növbəsində ölkə iqtisadiyyatının və digər sahələrin  sürətli inkişafına öz töhvəsini vermiş olacaq.

Arzu Qafarov