Pandemiya bitsə, iqtisadiyyatın özünə gəlməsi 6-8 ay çəkə bilərbackend

Pandemiya bitsə, iqtisadiyyatın özünə gəlməsi 6-8 ay çəkə bilər

Dünyada indiyədək görünməmiş iqtisadi-sosial böhranlarla müşahidə olunan 2020-ci ilin ilk 4 ayı geridə qaldı. Koronavirus pandemiyasının dünyanın 200-dən çox ölkəsində milyonlarla insana yoluxması ilə son 100 illikdə ilk dəfə dünya iqtisadiyyatı durma nöqtəsinə gəldi, sərhədlər bağlandı, turizm dayandı, aviareyslər minimuma düşdü, qeyri-ərzaq sahələrinin dövriyyəsi sıfırlandı, ən əsası isə neftin qiyməti maya dəyərindən də aşağı qiymətə düşdü. Azərbaycan da bu baş verənlərdən kənarda qalmadı. Ölkəmiz həm neftin kəskin ucuzlaşaraq 20 dolların altına düşməsindən maliyyə itkisi verdi, həm iqtisadiyyatın çarxlarının dayanması dövlətin gəlirlərini azaltdı, həm də koronavirusla və karantin rejiminin ortaya çıxartdığı sosial prolemlərlə üz-üzə qaldı.

Bəs görəsən, iqtisadçılar üçün ilin ilk 4 ayı nə ilə yadda qaldı? Koronavirusun vurduğu zərbələrdən nə zaman xilas ola nilərik? İqtisadiyyatın əvvəlki vəziyyətə qayıtması üçün nə qədər zamana ehtiyac var?

“Yeni Müsavat”a açıqlamasında 4 ayın yekunlarını dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, ilk iki ay sabit keçsə də, mart və aprel aylarında iqtisadiyyatın bütün sahələrində böhran yaşandı: “Ötən dörd ayın ilk iki ayını götürsək, bu dövrdə iqtisadiyyatda elə də ciddi problemlər yox idi. Həm neftin qiymətinin yüksək olması, həm də karantin rejiminin hələ tətbiq olunmaması yanvar və fevral aylarında makroiqtisadi göstəricilərin normal olmasına səbəb oldu. Həm iqtisadi göstəricilər, həm ticarət dövriyyəsində müsbət saldo kifayət qədər yaxşı həddə idi. Əsas problemlər mart ayının ortalarından başladı. Sərhədlərin bağlanması ilə turistlərin gəlişi dayandı, turizmə bağlı olan bütün sahələr qapadıldı. Aprel ayının əvvəlindən etibarən bir çox sahələrin rəsmən qapadıldığının şahidi olduq. Bu isə iqtisadi aktivliyin birdən-birə xeyli aşağı düşməsinə səbəb oldu. Ticarət dövriyyəsi zəiflədi, qeyri-ərzaq ticarəti sıfıra düşdü, hər yer qapadıldı”.

İqtisadçı vurğuladı ki, mart ayının ortasından və aprel ayında bütünlüklə makroiqtisadi göstəricilərdə çox dərin düşmələr oldu: “Aprel ayının rəsmi rəqəmləri may ayının 10-na kimi açıqlanacaq. Xarici ticarət döriyyəsi və ÜDM-lə bağlı rəqəmlər o qədər də ürəkaçan olmayacaq. Çox güman ki, ÜDM-də düşmə yaşayacağıq, xarici ticarətdə kəskin azalmaların olduğunu görəcəyik. Hətta ola bilər ki, aprel ayında ticarət dövriyyəsində mənfi saldo yaransın. Bütün sahələrə, həm vergi daxilolmalarına, həm də gömrük daxilolmalarına kifayət qədər mənfi təsir göstərəcək. Bu 4 ayın nəticələri ilk iki ayın hesabına gərək o qədər də pis olmasın. Ancaq ikinci rübün nəticələri ciddi şəkildə mənfiyə gedəcək”.

N.Cəfərlinin sözlərinə görə, bizneslə yanaşı, əhali üçün də problemlər mart ayından başladı: “Yanvar-fevral aylarında elə ciddi problem yox idi. Sosial proqramların genişlənməsinə, 600 min nəfər işsizə 190 manat verilməsinə, ünvanlı sosial yardım alanların sayının artmasına baxmayaraq, yenə də əhalinin alıcılıq qabiliyyəti aşağı düşdü. Növbəti aylarda da biz bu prosesin davam etməsinin şahidi olacağıq. Statistik göstəricilər açıqlananda daha dəqiq rəqəmlər səsləndirə biləcəyik. İqtisadiyyatın əvvəlki vəziyyətə qayıtması üçün zamana ehtiyac var. Turizmlə bağlı bir mövsüm qapadıldı, insanların postpandemiya dönəmindəki davranışlarına belə bu təsir edəcək. Bir çox sahələrin dirçəlməsi ciddi zaman alacaq. Pandemiya bitsə, iqtisadiyyatın özünə gəlməsi 6-8 ay çəkə bilər. Yəni, gələn ilin əvvəlində tədricən iqtisadiyyatda geri dönüş baş verə bilər”.

Manatın məzənnəsinə gəlincə, N.Cəfərli bildirdi ki, bu inzibati qaydada tənzimlənir: “Məntiq isə onu deyir ki, az da olsa 15-20 faizlik devalvasiyaya getmək həm valyuta rezervlərinə qənaət etməyə imkan verər, həm də qonşu ölkələrlə rəqabət qabiliyyəti yara bilər. Bu, siyasi iradədən asılı olacaq, Nə zaman veriləcəyi və hansı şəkildə olacağı inzibati qərarla müəyyən ediləcək. Təəssüf ki, bizdə sərbəst valyuta bazarı yoxdur. Birja və qiymətli kağızlar yoxdur, valyuta bazarı siyasi qərarla tənzimlənir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az