“Özümə ciddi rəqib görmürəm” – Şakir Eyyubovbackend

“Özümə ciddi rəqib görmürəm” – Şakir Eyyubov

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Birlik” Peşəkar Futbol Klubunun prezidenti, xeyriyyəçi iş adamı Şakir Eyyubov 35 saylı Xətai seçki dairəsindən deputatlığa namizədliyini irəli sürüb.

DOSYE: Şakir Musa oğlu Eyyubov 1963-cü ildə Gürcüstanda anadan olub. 1980-ci ildə Qardabani rayonu Kalino kənd orta məktəbini, 1988-ci Azərbaycan İnşaat Mühəndisləri İnsitutunu (indiki Azərbaycan Memarlıq və İnşaat Universiteti) bitirib. 12 yaşından peşəkar güləşlə məşğul olub və Azərbaycan çempionu, SSRİ-də ittifaq turnirlərinin qalibi olub. SSRİ idman ustasıdır.

1989-cu ildən sahibkarlıq fəaliyyəti ilə məşğuldur. Azərbaycanda futbolun və xüsusən uşaq futbolunun inkişafı istiqamətində fəaliyyət göstərir və onlarla uşaq futbolçunun beynəlxalq yarışlarda iştirakını təşkil edib. “Birlik” Peşəkar Futbol Klubunun prezidentidir. Çoxsaylı xeyriyyə aksiyalarının təşkilatçısı olub.

– Şakir müəllim, necə oldu ki, deputatlığa namizədliyinizi irəli sürdünüz?

-Tam səmimi deyəcəm, mən deputatlıq imtiyaz yox, xalqa xidmət vasitəsidir. Hətta Rusiyada yaşadığım dövrlərdə belə Azərbaycanın haqq səsinin ucaldılması, diaspora quruculuğu istiqamətində ciddi fəaliyyətim olub. Sahibkarlıq fəaliyyəti ilə məşğul olsam da, heç zaman ictimai proseslərdən kənarda qalmamışam. Azərbaycana qayıtdıqdan sonra da sahibkarlıq fəaliyyəti ilə yanaşı ictimai fəaliyyətimi də davam etdirmişəm və bu daha çox idman təşkilatçılığı sahəsində olub. Öz şəxsi vəsaitim hesabına ölkəmizdə futbolun inkişafına çalışmışam və Xətai rayonu ərazisində zibilliyin yerində peşəkar futbol klubu yaratmışam. Bu klubda maddi durumu zəif olan ailələrdən olan uşaqları təmənnasız məşqlərə cəlb etmişəm.

O ki qaldı hansı səbəbdən deputatlığa namizədliyimi irəli sürməyimə, hesab edirəm ki, hazırda bunun üçün kifayət qədər ciddi əsaslar var. Əslində çoxdan bu addımı atmaq niyyətindəydim. Lakin deputatların təyinatla seçilməsi, seçicilərin söz sahibi olmaması kimi iddialar məni bu fikrimdən daşındırırdı. Son dövrlər Azərbaycanda həyata keçirilən islahatlar, bu islahatların hakimiyyətin bütün qollarını, istər icraedici olsun, istərsə də qanunverici hakimiyyət qollarını əhatə etməsi cəmiyyətdə böyük ruh yüksəkliyi yaradıb.

İnanıram və şübhə etmirəm ki, fevralın 9-da keçirilən seçkilər tam demokratik və şəffaf olacaq. Əminəm ki, xalqın içərisindən çıxan, cəmiyyətin inkişafına çalışan, bu xüsusda böyük fəallıq nümayiş etdirən, eyni zamanda yaşadığım dairədə xüsusi nüfuza sahib olan biri kimi seçkilərin qalibi olacağam.

– Cəmiyyətdə sizin dairəni təmsil edən deputat Araz Əlizadənin fəaliyyəti ilə bağlı birmənalı fikir yoxdur. Siz həm də bu dairənin ərazisində yaşayırsınız. Onun fəaliyyəti barədə nə deyə bilərsiniz?

-Araz Əlizadə deputat kimi fəaliyyət göstərdiyi müddətdə heç bir ciddi addım atmayıb. İstər seçicilərlə münasibət, istərsə də qanunvericilik təşəbbüsləri və ictimai rəydəki mövqeyinə görə, çox uğursuz deputat olub. Bu mənada mən onu özümə ciddi rəqib görmürəm. Nəzərə alanda ki, mən bu dairənin ərazisində yaşayıram və ictimai baxımdan fəalam, bircə dəfə Araz Əlizadəni görməməyim onun deputat kimi fəaliyyətinə mənfi qiymət vermək üçün tutarlı dəlildir. Biz keçmişə yox, gələcəyə baxırıq və inanırıq ki, digər dairələrdə olduğu kimi, 35 saylı dairədə də seçicilərin etimadını qazanan, dövlət və dövlətçilik prinsiplərini rəhbər tutan şəxslər mandat qazanacaq.

-Sizin deputat kimi fəaliyyətiniz nədən ibarət olacaq? Deputat seçilsəniz, seçicilər sizin fəaliyyətinizdə hansı yenilikləri müşahidə edəcək?

-Bir daha o məqamın üzərinə qayıtmaq istəyirəm ki, son dövrlər Azərbaycanda həyata keçirilən islahatlar ölkəmizin gələcəyi üçün böyük imkanlar yaradır və dövlətini, vətənini sevən hər bir Azərbaycan vətəndaşı bu prosesdə yer almalıdır. Əgər deputat seçilərəmsə, ilk növbədə seçicilərin hüquqlarının müdafiəsi, qanunvericilik bazasının təkmilləşdirilməsi mənim əsas fəaliyyət istiqamətim olacaq. Və ən əsası biz seçicilərlə dialoq platforması quracaq, başlatdığımız prosesi seçkilərdən sonra da davam etdirəcəyik. Vaxtaşırı olaraq seçicilərlə görüşlər keçirəcək, onların problemlərini qabardacaq, həlli istiqamətində konkret fəaliyyətə keçəcəyik.

-Bildiyimiz qədər uşaq futbolunun inkişafına xüsusi önəm verirsiniz. Özünüz güləşçisiniz, nəyə görə güləş yox, məhz futbol?

-Tamamilə düzgün buyurursunuz ki, ağlım kəsəndən güləşlə məşğul olmuşam. Həm ölkə, həm də ittifaq səviyyəsində nailiyyətlər əldə etmişəm. Güləş mənim həyatımdır və bu gün də çox rahat güləşə, öz bacarığımı ortaya qoya bilirəm. Amma futbol bizim ağrılı yerimizdir və hər hansı ölkədə futbolun inkişafına nail olmaq istəyiriksə, ilk növbədə uşaq futbolunun inkişafına nail olmaq lazımdır. Beynəlxalq təcrübə də bunu deyir. Biz Braziliyanın, Almaniyanın, Argentinanın, Portuqaliyanın təcrübəsinə baxsaq, bunu aydın görərik. Məhz bu səbəbdən uşaq futbolunun inkişafına xüsusi önəm verirəm.

-Seçkilərdə şüarınız nədir?

-Bizim şüarımız “Xalqın içindən çıxan xalqın vəkili”dir və biz bunu bütün fəaliyyətimizdə ortaya qoyacağıq. Təbliğat-təşviqat kampaniyasına start veriləndən sonra hər gün 2-3 məntəqədə seçicilərlə görüşlər keçirəcəyik. Seçki qərargahımız formalaşacaq və bu qərargah seçkilərdən sonra ictimai birlik kimi fəaliyyət göstərəcək. Bu birlİyin əsas missiyası Xətai sakinlərinin problemlərini ortaya çıxarmaq, onların həllinə çalışmaq, rayonun ərazisində olan gəncləri önə çıxarmaq və məşğulluq səviyyəsini artırmaq olacaq.