Özəl çimərliklərdə qiymətlər “əl yandırır” – AKTUALbackend

Özəl çimərliklərdə qiymətlər “əl yandırır” – AKTUAL

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çimərlik mövsümünün başlanması ilə əlaqədar Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin və Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən çimərlik ərazilərindəki dəniz suyundan nümunələr götürülərək mikrobioloji və fiziki-kimyəvi təhlillərin aparılması davam edir.

İdarənin rəisi Nazim Mahmudov “Report”a bildirib ki, aparılan birgə monitorinq və analizlərin nəticələrinə görə, Bilgəh, Novxanı, Mərdəkan, Şüvəlan, Goradil, Zaqulba, Nardaran və Buzovna çimərliklərindəki dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində müəyyən edilib: “Hazırda Xəzər dənizinin digər çimərlik ərazilərindəki dəniz suyundan götürülmüş nümunələr üzərində laborator təhlillər aparılır”.

Ötən dəfə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Xəzər kompleks ekoloji monitorinq idarəsinin rəisi Nazim Mahmudov nazirliyin “Ekspert saatı” verilişində çıxış edərək istifadəsi yararlı olan çimərliklərin adlarını açıqlayıb.

N.Mahmudov bildirib ki, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi ilə birlikdə aparılan monitorinqlər hər 15 gündən bir davam etdiriləcək.

Novxanı, Goradil, Sabunçu rayonunda Nardaran, eləcə də Zağulba çimərliyi bakterioloji baxımdan aparılan ilkin müayinələrin nəticəsinə görə əhalinin istifadəsi üçün yararlı hesab edilir. Çirklənmə ilə əlaqədar Bakı və Bakıətrafı ərazilərdə dörd çimərliyin fəaliyyətinə isə hələ ki, icazə verilmir.

Bunlar Qaradağ rayonunda Sahil, Səbail rayonunda Şıx, Suraxanı rayonunda Hövsan, Xəzər rayonunda isə Türkan çimərliyində insanların çimməsinə müvəqqəti qadağa qoyulub. Monitorinqlər kompleks keçirilir. Biz hazırda dəniz suyunda fiziki-kimyəvi göstəricilər, taksikoloji göstəricilər və qum örtüyündə yoluxucu xəstəliklərin olub-olmadığını analiz edirik.

Çimərliklərdə aparılan monitorinqlərin faydalı olduğunu deyən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, müvafiq dövlət strukturları çimərliklərlə bağlı epidemioloji vəziyyəti açıqlayır, lakin qaydalara ciddi riayət etmək əhalinin öhdəsinə düşür:

– Hər il çimərlik mövsümündə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Gigiyena və Epidemiologiya Mərkəzi istifadəsi yararlı olan və olmayan çimərliklərin adlarını açıqlayır. Amma görürük ki, əhali, həmçinin də yararsız çimərlikləri işlədən sahibkarlar bu məlumatlara çox da əhəmiyyət vermir. Mövsüm açılan kimi istifadəsi qadağan olunan çimərliklər də “işə salınır”.

Bu, ilk növbədə əhalinin sağlamlığı üçün təhlükədir. İkinci tərəfdən də dövlət qanunlarını pozmaqdır. Bir məsələ var ki, özəl çimərliklərdə xidmət növləri həddindən artıq bahadır. Aztəminatlı ailələr belə çimərliklərə gedə bilmir, bu, onların büdcəsinə uyğun gəlmir.

Onlar da məcbur olur, istifadəsi qadağan edilmiş, yararsız çimərliklərə üz tuturlar. “Çimərlik mövsümündə orqanizmi möhkəmlədim” düşünərkən, əksinə, sağlamlıqlarını təhlükə altında qoyurlar. İstirahətləri azara çevrilir. İnsanların minimum ödənişlərlə istirahət edə biləcəkləri ictimai çimərliklərin sayı çox olmalıdır.

Yoxsa dəniz sahilini özəlləşdirib hərə bir istirahət mərkəzi tikib, qiymətlər də “əl yandırır”. Belə çimərliklərə sadə vətəndaş gedə bilmir. Əlacları çirkli sularda üzməyə qalır.