“Öyrən, inan, faydalan” adlı layihə üzrə təlimlər yekunlaşıbbackend

“Öyrən, inan, faydalan” adlı layihə üzrə təlimlər yekunlaşıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tia.az xəbər verir ki, Xəzər rayonunda yerli icma birlikləri tərəfindən “Regional İnkişaf” İctimai Birliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Agentliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin dəstəyi ilə həyata keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsi çərçivəsində keçirilən  təlimlər  yekunlaşıbdır. Təlimlərdə Xəzər rayonunun Binə, Türkan, Zirə, Şüvəlan qəsəbələrindən olan könüllülər   iştirak edibər. 3 saylı Bakı DOST Mərkəzində keçirilən “Öyrən, inan, faydalan” tibbi və sosial xidmətlər barədə məlumat və maarifləndirmə layihəsinin “Sosial sahə qanunvericiliyi” mövzusu üzrə təlim proqramı “Sosial müavinətlər”, “Ünvanlı dövlət sosial yardım (ÜDSY)”,“Məşğulluq (özünəməşğulluq) xidmətləri”, “Əmək pensiyaları” ilə bağlı mövzuları əhatə edib və ümumilikdə 10 sessiyadan ibarət olub.

Təlimlər yüksək peşəkarlıq səviyyəsi olan təlimçilər tərəfindən keçirilib və təlimlərin keçirilməsində məqsəd Azərbaycanda icbari tibbi sığorta sisteminin tətbiqi, eləcə də, əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək vermək olub.

1 saylı Bakı DOST mərkəzinin direktoru Kamran Abdullayev “Ünvanlı dövlət sosial yardım (ÜDSY)” mövzusunda, 1 saylı Bakı DOST mərkəzinin direktor müavini Ramil Babayi “Sosial müavinətlər” mövzusunda, DOST Xidmətləri departamenti, Xidmətlərin təşkili şöbəsinin böyük məsləhətçisi Əşrəf Qurbanov “Məşğulluq (özünəməşğulluq) xidmətləri” mövzusunda, Çağrı mərkəzi 142/Xidmətin təşkili və keyfiyyətin təminatı şöbəsinin müdiri Sevinc Məmmədova  “Əmək pensiyaları” mövzusunda “Sosial sahə qanunvericiliyi” üzrə proqramda nəzərdə tutulan təlimlər üzrə geniş təqdimatlarla çıxış ediblər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova könüllülərə “İcbari tibbi sığorta” mövzusunda olan  maarifləndirmə təqdimatı ilə çıxış edibdir.

Təlimlər zamanı iştirakçılar ilə ünvanlı dövlət sosial yardım (ÜDSY) və sosial müavinətlər modulu üzrə qruplarda iş aparılaraq problem situasiyaların həllinə dair tapşırıqlar verilib və mövzu ətrafında yaranan suallar cavablandırılıbdır. Keçilən mövzular üzrə real vətəndaş müraciətini qanunvericilik çərçivəsində araşdırmaq imkanları yaradılıb və hər təlim sessiyasının sonunda tapşırıqlar verilib. Könüllülərin mövzuya hakimlik səviyyəsini artırmaq üçün müxtəlif elektron təlim vəsaitləri tövsiyyə edilib.İştirakçıların mövzular üzrə öyrəndiklərinin qiymətləndirilməsi məqsədilə keys tipli qrup işləri və post-test imtahanları həyata keçirilib.

Bir ay müddətində keçirilən təlimlərdə iştirak edən könüllülərin yekun qiymətləndirilməsi təlimçi-mütəxəssislərin də daxil olduğu münsiflər heyəti tərəfindən 5 meyar üzrə aparılıbdır. Qiymətləndirmə, müsahibə formasında aparılaraq özünü təqdim etmə, dünyagörüşü, eləcə də sosial sahə qanunvericiliyi haqqında sual-cavab və tibbi icbari sığorta üzrə qısa test şəklində  həyata keçirilib. Ümumi təlimlərə qatılan 11 nəfər könüllüdən seçim mərhələsində 9 nəfər iştirak edib, onlardan 6 nəfər seçilərək növbəti mərhələyə vəsiqə qazanıbdır. Növbəti mərhələdə əhalinin sosial müdafiəsi sahəsində mövcud qanunvericilik  və onun yaratdığı imkanlar haqqında maarifləndirmə işinə dəstək məqsədi ilə altı  nəfər könüllü arasından biri koordinator olmaqla, hər qəsəbə üzrə iki  nəfər könüllü təyin olunacaq.