Tribuna İnformasiya Agentliyi

“Orfoqrafiya qaydaları” layihəsi ictimai müzakirə mərhələsinədir- Sabir Rüstəmxanlıdan açıqlama

11 Sentyabr

Bir qrup elm, təhsil, mədəniyyət və mətbuat nümayəndəsi Azərbaycan Respublikası Dövlət Dil Komissiyasına müraciət edib.

Onların müraciət yazmağına səbəb Azərbaycan Milli Elmlər Akademiyasının Orfoqrafiya Komissiyası və Dilçilik İnstitutunun bir neçə ay öncə ictimaiyyətin müzakirəsinə təqdim etdiyi “Orfoqrafiya qaydaları” layihəsi və onun yaratdığı ciddi narahatlıqdır.

“Göründüyü kimi, bu işlə məşğul olmalı qurumun (indiki halda AMEA-nın Dilçilik İnstitutu) vəzifəsi dil qaydalarını və ya sözlərin yazılışını tez-tez dəyişmək deyil, sadəcə dildə gedən yeni proses və təzahürləri dilimizin qanunauyğunluqlarına görə tənzimləməkdir. Bu qurum heç bir halda ana dilinin yüz illər boyunca möhkəmlənmiş yazı qaydalarını dəyişmək iddiasına düşməməli, bu qaydalara müdaxilə etməməlidir”,-deyə müraciətdə bildirib.

Mövzu ilə bağlı bizimyol.info-ya Azərbaycan Dil Qurumunun başqanı Sabir Rüstəmxanlı bildirib ki, hələ “Orfoqrafiya qaydaları” layihəsi ictimai müzakirə mərhələsinədir: “Ona görə də bununla bağlı ciddi narahatlığa əsas yoxdur. Bununla bağlı kampaniya aparamağa ehtiyac yoxdur. Alimlərin rəyi və ictimai rəy öyrənilir”.

S.Rüstəmxanlının sözlərinə görə, “Orfoqrafiya qaydaları” layihəsində zərərli təklif yoxdur: “Təklif olunur ki ədəbiyyat, fəaliyyət, cəmiyyət və bu kimi sözlər iki “y” ilə deyil, bir “y” ilə yazılsın. Onsuz da biz tələffüz edərkən bir “y” deyirik. Yəni bu sözlərin yazılış qaydasının də¬yişdirilməsinin zərəri yoxdur. Təşfişə düşmək lazım deyil. Guya ərəb kəlmələrinin olduğu kimi yazılması dilimizin inkişafıdır? Dilimizin inkişafı nəyi tələb edirsə, dilin umumi qanunauyğunluğu necədirsə, o çür də olmalıdır. Vaxtı ilə dilimizdə bəzi sözlərdən apostrof götürüləndə də eyni reaksiya olmuşdu ki guya dilimiz dəyişəcək. Nə oldu? Heç bir şey dəyişilməyib. İndi də o təkliflərdə mübahisəli məsələlər var. Amma onun bu qədər geniş hay-küyə səbəb olmasında əsas görmürəm”.

S.Rüstəmxanlı deyib ki, Azərbaycan Dil Qurumunda bu məsələ müzakirə olunub: “Öz rəyimizi qeyd etmişik. Sonrakı proseslərdə də yəqin biz iştirak edəcəyik, mövqeyimizi bildirəcəyik”.