Ordumuz Ağdərə və Sərsəng istiqamətində irəliləyə bilər – Ermənilər yenidən azğınlaşırbackend

Ordumuz Ağdərə və Sərsəng istiqamətində irəliləyə bilər – Ermənilər yenidən azğınlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Son zamanlar ermənilərin həm rus sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycanın Qarabağ ərazisindən, həm də Azərbaycanla Ermənistanın dövlət sərhəddindən atəşkəsi pozması intensiv bir xarakter alıb”.

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, növbəti “Qisas” əməliyyatına zərurət yaranıb:

“Erməni qanunsuz silahlı birləşmələri və silahlı qüvvələrinin bu “fəaliyyətlərinin” qarşısını almaq üçün Azərbaycan ilk növbədə Qarabağ ərazilərindən erməni silahlılarının tam təmizlənməsinə nail olmalıdır. Azərbaycan ilə Ermənistan sərhəddində isə atəşkəsin pozulduğu məntəqələri darmadağın etməliyik, orada Azərbaycan bayrağını qaldırmalı və Azərbaycan əsgərini yerləşdirməliyik.

Əgər bu, Ermənistan tərəfinin sərhəd xəttinin pozulması ilə bağlı hansısa bir narahatlığına səbəb olarsa, o zaman Ermənistan tərəfi gəlib o sərhədd xəttini əvvəlcə Azərbaycana nümayiş etdirməlidir və sərhədlərin delimitasiya prosesini sürətləndirməlidir. İstənilən halda Azərbaycan ərazisinə, əsgərinə, texnikasına atəş açılması Azərbaycana qarşı növbəti ərazi iddiaları dəyərləndirilməli, ən təsirli və adekvat şəkildə cavabı verilməlidir.

Biz “Qisas” əməliyyatının növbəti mərhələlərinin keçirilməsini heç zaman istisna etməmişik, bu gün də istisna etmirik. Əksinə, artıq buna bir zərurət də yaranıb.Təbii ki, bu qərar yuxarı komandanlığın səlahiyyətinə aiddir. Amma mənim subyektiv fikrimə görə, onların miqyası Ermənistanı gələcəkdə mümkün və bənzər fəaliyyətlərdən çəkindirmək üçün yetərli olmalıdır.

Qarabağ ərazisindəki əməliyyatlardan danışırıqsa, biz burada ilkin olaraq Ağdərə, Sərsəng istiqamətində erməni silahlılarının təmizlənməsini həyata keçirməliyik. Dövlət sərhəddinə gəldikdə isə, təbii ki, orada əməliyyatların dərinliyi məhdud ola bilər, amma ən azından atəş açılan mövqelərin darmadağın edilməsinə nail olmalıyıq”.