ORDU HAQDA HANSI XƏBƏRLƏRİ YAYMAQ OLMAZ? – QULU MƏHƏRRƏMLİDƏN AÇIQLAMAbackend

ORDU HAQDA HANSI XƏBƏRLƏRİ YAYMAQ OLMAZ? – QULU MƏHƏRRƏMLİDƏN AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məlum olduğu kimi, sosial şəbəkədə Ordu barədə qanunla yayılması qadağan edilən informasiyanı yerləşdirdiyinə görə Şahmuradov Tofiq Təhmuraz oğlunun barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanaraq baxılması üçün Bakı şəhəri, Nizami rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə Tofiq Şahmuradov barəsində 1 ay müddətinə inzibati həbs tənbehi seçilib. Bəs, media ekspertləri necə düşünür, Ordu haqda xəbərlər necə verilməlidir?
TİA.Az-a danışan media eksperti Qulu Məhərrəmlinin sözlərinə görə, ordu, hərbi əməliyyatlarla bağlı mövzular həssas məsələlər olduğu üçün diqqətli yanaşma tələb edir:”Heç kim bilərəkdən 44 günlük müharibədə şərəfli döyüş aparmış, əraziləri işğaldan azad etmiş bir orduya ləkə yaxa bilməz və belə halların qarşısı alınmalıdır. Burada ciddi məsələ ondan ibarətdir ki, “orduda olan nöqsanları tənqid etmək olmaz” kimi fikirlər səslənə bilməz. Kimsə orda maliyyə pozuntusuna yol verirsə, kimsə hərbi nizamnaməni pozursa, əsas işini unudub bizneslə məşğul olursa, bunları ciddi şəkildə tənqid etmək lazımdır. Çünki o tənqidlər orduda şəffaflığın və qaydaların gözlənilməsinə xidmət edir. Ona görə də hər bir sosial şəbəkə istifadəçisi bilməlidir ki, bu statusu yazırsa, heç bir halda yalana, böhtana yol verməməlidir. Hesab edirəm ki, həssas mövzuya həssas yanaşılmalıdır. Heç kimə ixtiyar verilmir ki, o Azərbaycan ordusunun nüfuzuna xələl gətirsin. Amma bu ona da əsas vermir ki, biz söz və mətbuat azadlığını məhdudlaşdıraq. İnsanların sərbəst düşünmək və düşündüklərini ifadə etmək imkanlarını daraldaq. Məhz bu mövzunun həssaslığı və ona yanaşma bununla bağlıdır. Yəni sosial media iştirakçıları məsuliyyətli olmalı, yazdıqları materiallara xüsusilə də ordu ilə bağlı çox diqqətli yanaşmalıdırlar. Eyni zamanda rəsmi qurumlar da bundan bəhanə kimi istifadə edərək söz və mətbuat azadlığının meydadını daralda bilməz”.

Aytac

TİA.Az