Tribuna İnformasiya Agentliyi

“Oralar” beynəlxalq festivalda birinci oldu – FOTO

13 Oktyabr

Bakı Media Mərkəzinin istehsalı olan “Oralar” verilişi Xorvatiyanın paytaxtı Zaqreb şəhərində keçirilən Beynəlxalq Turizm Filmləri Festivalında “Televiziya verilişləri”  nominasiyasında birinci yerə layiq görülüb.

Mərkəzdən verilən məlumata görə, “Oralar” verilişi birinci yerin mükafatını yeni orijinal formatı və peşəkar təqdimatına görə qazanıb.

Zaqreb Festivalı Beynəlxalq Turizm Filmləri Festivalı Komitəsinin üzvüdür və bu sahədə ən nüfuzlu tədbirlərdən biri sayılır. Festival hər il Xorvatiya prezidentinin himayəsi altında keçirilir. Bu il festivala 91 ölkədən 807 iş təqdim olunub.

Bakı Media Mərkəzinin istehsal etdiyi “Oralar” verilişi dünyanın ən məşhur şəhərlərindən bəhs edir. Həm əyləncəli, həm də maarifləndirici olan bu verilişin məqsədi dünya şəhərlərini seyr edib, onların görünən və görünməyən tərəflərini Azərbaycan tamaşaçısına təqdim etməkdir.