Tribuna İnformasiya Agentliyi

“Ora türmə kimi yer idi” – Narkoloji Mərkəzdə yanaraq ölən şəxsin qardaşı

11 Sentyabr
Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəmə prosesi davam etdirilib.
BakuPost Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə zərəçəkmiş şəxsin hüquqi varisi qismində Murad Sadəddinov dindirilib.
O bildirib ki, hadisə zamanı ölən diş həkimi Azər Sadəddinov onun qardaşıdır: “Qardaşım spirtli içki asılılığından əziyyət çəkirdi. Keçən ilin sonlarında ailəsi tərəfindən ora yerləşdirmişdi. Hadisə barədə internetdən xəbər tutdum. Morqa dəvət etdilər. Prokurorluqda verdiyim ifadəni təsdiqəyirəm”.
Yanğında vəfat edən Nurlan Quliyevin qardaşı Sübhan Quliyev deyib ki, martın 2-də onu çıxarmaq üçün ora gedib və yanğın olduğunu bilib: “Həmin gün müalicəsi başa çatırdı, çıxarıb evə gətirəcəkdik. Müalicə üçün Azad həkimə 450 manat pul vermişəm”.
Digər zərərçəkən şəxsin hüquqi varisi bildirib ki, qardaşı Fəryad yanğın zamanı yanaraq ölüb: “O tüstüdən boğulmayıb, tamamilə yanmışdı. Düşünürəm ki, oranı yandırmaq əvvəldən planlaşdırılıb, qapıları da bağlayıblar. Ora “türmə” kimi yer idi. Bu qoca kişi oranı yandırıb qaça bilir, mənim qardaşım yox?”.
Prosesdə ölən Tərlan Ələkbərovun atası Abdulla Ələkbərov ifadə verib: “Ora xəstəxana deyil, “türmə”dən beşbətərdi. Köhnə balıqçıların yerini xəstəxana eləyiblər. Taxtadan xəstəxana olar? “Türmə”də ondan yaxşıdı həyat tərzi. Hanı bunun gözətçisi, sanitarı? Mənim oğlum 15 gün idi orada yatırdı. İki nəvəm yetim qaldı”.
Proses sentyabrın 14-də davam edəcək.
Qeyd edək ki, bu ilin martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.
Görülən tədbirlərlə Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi mərkəzi tərk etdiyini göstərib.
M.Məmmədov Cinayət Məcəlləsinin (CM) 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.
Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev saxlanılıb və barələrində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Məlumata görə, şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb.