Tribuna İnformasiya Agentliyi

Oqtay Mirqasımov “Şərəf” ordeni ilə təltif edildi

07 İyun
Azərbaycan Prezidenti İlham Əliyev xalq artisti Oqtay Mirqasımovun təltif edilməsi haqqında sərəncam imzalayıb.
TİA.AZ xəbər verir ki, sərəncamla Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Oqtay Mirəsədulla oğlu Mirqasımov “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, iyunun 12-də kinorejissor, xalq artisti Oqtay Mirqasımovun 75 yaşı tamam olur. O, 12 iyun 1943-cı ildə Bakı şəhərində anadan olub. 1963-1968-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil aldıqdan sonra Bakıya “Azərbaycanfilm” kinostudiyasına qayıdıb. Bir neçə sənədli, bədii filmlərin quruluşçu rejissoru və ssenari müəllifidir. Filmləri Ümumittifaq festivallarında mükafat alıb. 1993-2001-ci illərdə “Azərkinovideo” İstehsalat Birliyinin baş direktoru vəzifəsində çalışıb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatına layiq görülüb.