Operativ Qərargahın taksi şirkəti var?backend

Operativ Qərargahın taksi şirkəti var?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən Azərbaycan ərazisində xüsusi karantin rejiminin müddəti 1 sentyabr saat 06:00-dək uzadılıb. Bu qərarda bildirilir ki, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə 2021-ci il 31 iyul saat 00:00-dan 2 avqust saat 06:00-dək, 7 avqust saat 00:00-dan 9 avqust saat 06:00-dək, 14 avqust saat 00:00-dan 16 avqust saat 06:00-dək, 21 avqust saat 00:00-dan 23 avqust saat 06:00-dək, 28 avqust saat 00:00-dan 30 avqust saat 06:00-dək ictimai nəqliyyatda, həmçinin Bakı Metropolitenində sərnişindaşıma fəaliyyəti dayandırılacaq.
İctimai nəqliyyata həftəsonu qadağasının uzadılması sosial platformada ciddi narazılıqla qarşılanıb. Vətəndaşlar həftəsonları və bayram günləri  ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının  onların sosial durumuna mənfi təsir etdiyindən şikayətlənirlər. Onlardan bir neçəsi həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ailə büdcələrinə təsiri barədə fikirlərini Sputnik Azərbaycan-la bölüşüb.
Bayram günlərində ictimai nəqliyyata qadağa taksilərdə qiymətləri bahalaşdırdı
37 yaşlı Səidə Qurbanova paytaxtdakı özəl klinikalardan birində tibb bacısı işləyir. Onun sözlərinə görə, istirahət və bayram günlərindən asılı olmayaraq çalışdığı xəstəxanada növbəsi düşürsə işə getməlidir: “İşlədiyim xəstəxanada 6 gün iş rejimidir. Şənbə və bazar günləri isə ictimai nəqliyyat işləmir. Mən məcburam ki, Masazır qəsəbəsindən işə taksi ilə gəlib-gedəm. Bu azmış kimi bayram günlərində də icimai nəqliyyatın hərəkəti dayandırılır. Belə çıxır ki, heç kəs istirahət günlərində, bayram günlərində iş başında olanları fikirləşmir. Mən dörd günlük Qurban bayramı tətilinin üç gününü işə taksi ilə gedib-gəlmişəm. Bayram günləri taksiyə təlabat artdığından, şənbə və bazar günləri taksiyə xərclədiyimdən daha çox pulum çıxıb. Bayram günlərində 1 manatlıq taksilər qiyməti 3 manata qaldırmışdılar. Taksi şirkətləri isə qiyməti ikiqat artırmışdı. Əvvəl 4 manat 80 qəpiyə Masazırdan 20 yanvara qədər getdiyim yolu bayram günlərində 9 manat 60 qəpiyə getməli oldum. Ordan işə isə 1 manatlıq taksi tapmağı ümid etsəm də taksilər qiyməti üç manata qaldırmışdı. Bir gün işə gedib-gəlməyim mənə 25 manata başa gəldi. Aylıq maaşım isə 456 manatdır” deyə vətəndaş bildirir.
Əzim Şabanov isə mebel ustasıdır. Onun sözlərinə görə, bayram-bazar olmasından asılı olmayaraq baş usta olduğu üçün işdə olmaldır. Həmsöhbətimiz deyir ki, bayram günlərində, eləcə də şənbə-bazar ictimai nəqliyyatın fəaliyyəti dayandırıldığından, bütün işləyənlər kimi o da taksi xidmətinin ümidinə qalıb: “Şənbə və bazar günlərində, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə qadağa qoyanlar aztəminatlı insanları, hər gün işləmək məcburiyyətində olanları başa düşmürlər. Azərbaycanda hər kəsin şəxsi avtomobili yoxdur. Mən şənbə və bazar günlərində, eləcə də bayramda taksiyə gündəlik 35 manatdan çox pul xərcləmişəm. İş yerim “Xalqlar Dostluğu” metrosuna yaxın olduğundan, taksi ilə 16 manat 50 qəpiyə işə getmişəm. Dörd günə 100 manatdan çox taksiyə xərcim çıxıb. Hökumət bizim kimi insanların vəziyyətini nəzərə alıb ictimai nəqliyyatın fəaliyyətinə həftəsonu və bayram günləri qoyduğu qadağanı aradan qaldırmalıdır. Taksilərə n şənbə-bazar  və bayram günləri təlabat artdığından qiymətlər daha da bahalaşır. Mənim işlədiyim sexdə iki nəfər taksiyə verməyə pulu olmadığından bayram günləri işləyə bilmədi. Bu isə onların qazancına təsir edir”deyə Ə. Şabanov bildirir.
Taksi şirkətlərindən də bayram günlərində və şənbə-bazar qiymətlərin bahalaşdığını təsdiqlədilər.  “Ulduz” taksi şirkətindən bildirdilər ki, bayram günlərində, eləcə də şənbə-bazar günləri taksilərə təlabat kəskin artır. Bu isə bazar iqtisadiyyatının prinsiplərinə görə, avtomatik olaraq taksi xidmətlərinin bahalaşmasına səbəb olur.  Taksi şirkətlərindən qiymətlərdə adi günlərlə müqayisədə 4-5 manat civarında bahalaşmanın olduğunu təsdiqlədilər.
Qadağanın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb!?
İqtisadçı ekspert Samir Əliyev həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın səhv olduğunu və təcili ləğv edilməli olduğunu söyləyir. Ekspert deyir ki, həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyəti pandemiya dövründə yoluxmaların artmaması səbəbindən dayandırılsa da, artıq bu qərarın təhlükəsizlik baxımından əhəmiyyəti qalmayıb. Samir Əliyev həftəsonu və bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinə tətbiq edilən məhdudiyyətin sosial baxımdan həssas təbəqələrin büdcəsinə əhəmiyyətli dərəcədə zərər vurduğunu söyləyir: “Taksilərə 4 nəfər əyləşir və avtobusdan fərqli olaraq bir-birinə daha yaxın məsafədə otururlar. Bu zaman yoluxmanın qarşısı alınmır. Əksinə, sıx təmas olduğundan virusa yoluxma üçün münbit şərait yaranır. Bundan əlavə gediş haqqı baha başa gəlir. Taksilərdə gediş haqqı 1 manat olsa belə sərnişinlər avtobuslardan (30 qəpik) fərqli olaraq 3 dəfədən çox gediş haqqı ödəməli olurlar. Nəzərə alsaq ki, son günlər 1 manatlıq taksilər də həftəsonu qiyməti iki-üç manatadək bahalaşdırır, bu zaman taksidən istifadə etmək məcburiyyətinə qalanların vəziyyətini düşünmək elə də çətin deyil.  Bu şənbə və bazar, eləcə də bayram günləri işləyənlər üçün əlavə xərcdir”.
S. Əliyev deyir ki, şəhər yerlərində tıxacların qarşısını alınması yollarından biri də ictimai nəqliyyatın səmərəli işləməsidir: “Bizdə isə onsuz da səmərəli işləməyən nəqliyyat həftəsonu tamam dayanır. 1 və 2 manatlıq taksilər hesabına tıxac daha da artır.  Təsəvvür edin 40 nəfər aparan 1 avtobus əvəzinə 10 ədəd minik maşını xidmət göstərir. Üstəgəl həftəsonları şəxsi maşınlardan istifadə artır.  Bundan  əlavə ictimai nəqliyyat qadağası kölgə iqtisadiyyatını çiçəkləndirir. Şəhərdaxili nəqliyyatın şənbə-bazar, eləcə də bayram günləri əldə edə biləcəyi gəlirdən dəfələrlə çox vəsaiti qanunsuz işləyən taksilər qazanır. Həmin vəsait fakiti olaraq vergidən kənarda qalır. Ona görə də Nazirlər Kabineti yanında Operativ Qərargah qərarlar qəbul edərkən bu amilləri nəzərə almalıdır”.
“Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir”
Millət vəkili Sabir Rüstəmxanlı Sputnik Azərbaycan-a açıqlamasında  bildirib ki, Operativ Qərargahın qərarları pandemiya dövründə əhalinin sağlamlığının qorunması məqsədilə qəbul olunur. Deputat deyir ki, toylara qoyulan qadağanın aradan qaldırılmasından sonra yoluxma sayının artması, pandemiya dövründə qərarların yumşaldılmasının bəzən təhlükə yaratdığını ortaya çıxartdı. Bununla belə Sabir Rüstəmxanlı həftəsonları, eləcə də bayram günlərində ictimai nəqliyyatın fəaliyyətinin dayandırılmasının düzgün olmadığı fikrindədir: “Avtobuslar və metro həftəsonları da işləməlidir. İnsanlar metro işləmədiyi dövrdə avtobusların ümidinə qalmışdı. Avtobuslarda nəticədə sıxlıq yaranmışdı. Metronun fəaliyyətinə icazə verildikdən sonra avtobuslarda sərnişin sıxlığı azaldı. Mənim fikrimcə də həftəsonu ictimai nəqliyyatın fəaliyyəti tam dayandırılmamalıdır. Amma digər tərəfdən yaxşı tərəfi odur ki, ölkəmizdə taksi qiymətləri ucuzlaşıb” deyə S. Rüstəmxanlı bildirir.
Millət vəkili Fazil Mustafa isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın həftəsonu və bayram günləri ictimai nəqliyyatın hərəkətini tam məhdudlaşdırması, Qərargah üzvlərindən hansınınsa taksi şirkəti olduğuna, gəliri taksi şirkətlərinə yönəltdiyinə şübhələr yaradıb: ” Qərarlar qəbul edilərkən vətəndaşların sosial durumu mütləq nəzərə alınmalıdır. Amma Operativ Qərargahın ictimai nəqliyyatla bağlı qəbul etdiyi qərarda taksi şirkətlərinin marağı güdülür. Elə qərar qəbul olunur ki, taksi şirkətləri daha çox gəlir əldə edir. Bu qərarların ən böyük zərbəsi kasıb insanlara dəyir. Hansı ki, onlar gündəlik çörək arxasınca gedir və mütləq əksəriyyətinin şəxsi avtomobili yoxdur. Bu qərarlar verilərkən yoxsul insanlar və orta təbəqə nəzərə alınmalıdır. İctimai nəqliyyata həftəsonu qadağasını uzatmaq düzgün qərar deyil. Bu qərarın heç bir əhəmiyyəti qalmayıb” deyə F. Talıblı bildirir.
Qeyd edək ki, pandemiya dövründə ictimai nəqliyyatın fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən tənzimlənir. Buna görə də, istər sərnişindaşıma ilə məşğul olan marşrut sahibləri, istərsə də Bakı Metropoliteni qərar verməkdə sərbəst deyil.