Tribuna İnformasiya Agentliyi

Onun yalnız bir məqsədi var – Əli Həsənov kimdir?

09 Mart
Sabah Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun doğum günüdür.
Ölkə ictimaiyyətinin çox yaxşı tanıdığı, demək olar hər gün efirdə görməyə adət etdiyimiz professor Əli Həsənovun 58 yaşı tamam olur.
Qısaca olaraq deyək ki, gələcəyin məmuru 10 mart 1960-cı ildə Şərur rayonunda anadan olub. Moskva Dövlət Universitetini bitirib. Tarix elmləri doktorudur.
Hələ tələbə olduğu vaxtlarda o zamanlar SSRİ rəhbərliyinin ciddi təzyiqlərinə məruz qalan Ulu Öndər Heydər Əliyevlə vaxtaşırı təmaslar qurmağa başlayır. Sonradan mətbuata açıqlamalar verən Əli Həsənov bildirir ki, Ulu Öndər Heydər Əliyevlə tanışlıq onun həyatında ciddi dönüş nöqtəsi və böyük təcrübə olur.
Bir çoxlarının, hətta vaxtilə ona yaxın olmuş bəzi keçmiş  silahdaşlarının Ulu Öndərlə təmasdan yayındığı vaxtlarda tələbə Həsənov SSRİ-nin paytaxtında Ulu Öndərə açıq dəstək verirdi. Heç şübhəsiz bütün bunlar təsadüfi deyildi. Cənab Həsənov bilirdi ki, ölkəmizi qarşıda çox ağır və məsuliyyətli bir dönəm gözləyir. Hər kəs bilirdi ki, Azərbaycan yaxın illərdə sovetlərin tərkibindən ayrılacaq və müstəqil dövlət olacaq. Meydanlarda “oturmayan ermənidir” təfəkkürünün dövləti idarə etməkdə aciz qalacağını, Azərbaycanın real təhlükələrlə üz-üzə dayanacağını bilirdi.
Axı o tarixçi idi və anlayırdı ki, yenicə müstəqillik əldə edəcək dövləti yalnız fitri istedad və böyük təcrübə xilas edə bilər. Dərin intuisiyası ona xilas yolunu göstərirdi və o, millətini, dövlətini sevən, onun gələcəyini firavan görmək istəyən bir Azərbaycan gənci olaraq Ulu Öndər Heydər Əliyevin yanında yer aldı.
Əli Həsənovun dövlət idarəçiliyinə gəlişi ötən əsrin 90-cı illərinin əvvəllərinə təsadüf edir. O dövrə ki, Azərbaycanda yeni-yeni siyasi təsisatlar yaranır, ictimai birliklər formalaşır, azad mətbuat təşəkkül tapırdı. Yaxın tarixə qısa ekskurs etsək görərik ki, Ulu Öndər Heydər Əliyev və Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu siyasətin icra edilməsində, ictimai-siyasi sabitliyin bərpa olunmasında, müasir mətbuatın yaranmasında, vətəndaş cəmiyyəti insitutlarının inkişafında onunda bir sadiq əliyevçi olaraq ciddi əməyi var.
1998-ci il avqust ayının 6-da Ulu Öndər Heydər Əliyevin sərəncamı ilə ölkə mətbuatının üzərindən senzura götürüldü. Yəqin xatırlayanlar bilər, ona qədər bütün qəzetlər hazır səhifələrini “Qlavlit” adlanan idarəyə aparırdılar. Səhifələri “Qlavlit”ə aparan adam ürəyi əsə-əsə gözləyirdi ki, görəsən, hansı yazını, ya da yazıların hansı hissəsini səhifədən çıxaracaqlar.
Ölkə mətbuatı üçün inqilab sayılacaq bu hadisənin ardınca Azərbaycan Nəşriyyatına külli miqdarda borcu olan qəzetlərin borcu əvvəlcə üç illiyə donduruldu, sonradan isə birdəfəlik ləğv edildi. Bu yeni medianın daha rahat və inamlı fəaliyyəti üçün zəmin yaratdı. Heç şübhəsiz bütün bu baş verənlər Ulu Öndər Heydər Əliyevin ölkə mətbuatının qarşısında açdığı böyük imkanlar idi. Və heç şübhəsiz Əli Həsənov Prezidentin İcra Aparatında ictimai-siyasi şöbənin müdiri olaraq Ulu Öndər Heydər Əliyev tərəfindən həyata keçirilən siyasətin uğurlu icraçılarından idi.
Əslində siyahını uzatmaq da olar. Mətbuat Şurasının, Azərbaycan Respublikası Prezidenti yanında KİV-ə Dəstək Fondunun (KİVDF) yaradılması, mətbuat orqanları və fərdi jurnalistlər üçün qrant müsabiqələrinin təşkili, qələm əhli üçün dünyada analoqu olmayan bir hadisənin – jurnalist binalarının inşası və onlarla bu kimi nümunələr Cənab Prezident İlham Əliyevin mətbuata qayğısı idi. Və bütün bu işlərdə də Əli Həsənov öz missiyasını ləyaqətlə icra edirdi.
Əli Həsənov istər Ulu Öndər Heydər Əliyevin, istərsə də Cənab Prezident İlham Əliyevin ölkəyə rəhbərlyi dövrlərində bu dövlətə, onun rəhbərinə daim sədaqətlə xidmət edib. Ölkəmizə qarşı potensial təhlükə sayılan daxili və xarici qüvvələrin təxribatçı planlarının vaxtında qarşısının alınmasında, müxtəlif dini və ekstremist cərəyanların dövlətimizin informasiya məkanına mümkün təsirlərinin zərərsizləşdirilməsində xidmətləri olan Əli Həsənov hər zaman dövlət rəhbərliyinin xüsusi etimadını qazanıb. Məhz bunun nəticəsidir ki, sonradan Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi vəzifəsinə də təyinat alıb.
“Harada uğurlu fəaliyyət varsa, orada qısqanclıqların olması təbiidir” məntiqinə söykənsək, bəzi mətbuat orqanları və sosial şəbəkələrdə müxtəlif şəxslər tərəfindən Əli Həsənova qarşı qarayaxmalar təbii qəbul olunmalıdır. İstər müxtəlif beynəlxalq dairələr tərəfindən qaranlıq məqsədlər üçün maliyyələşərək fəaliyyət göstərən, istərsə də bu həyatda nə istədiyini bilməyib, işi-gücü ona-buna qarayaxmaqdan ibarət olan şəxslər tərəfindən ittiham olunması, hədəf seçilməsi onu göstərir ki, Cənab Həsənov dövlətimiz və onun rəhbərinə sədaqətli fəaliyyəti ilə “vətənpərvərlər” üçün arzuolunmaz şəxsə çevrilib.
Doğum tarixi bəziləri üçün sıradan bir təqvim, bəziləri üçünsə növbəti bir hesabatdır. O adamlar xoşbəxtdir ki, onlar təkcə özlərinə deyil, həm də bütöv bir cəmiyyətə hesabat verirlər. Əli Həsənov hələ gənc yaşlarından xalqına, dövlətinə, onun rəhbərinə sədaqəti, uğurlu fəaliyyəti ilə hər il yeni bir hesabat yazmış olur. İnanırıq ki, o, bu bu ənənəsini daim davam etdirəcək, Cənab Prezident İlham Əliyevin sadiq əsgəri olaraq bundan sonra da əzmlə çalışacaq.
Doğum günün mübarək, Əli müəllim!
Azər Niftiyev
 
Sosial Media Mərkəzinin direktoru