Tribuna İnformasiya Agentliyi

“Onu aradan götürə bilərlər” – “AST Telman” yeni müraciət yaydı

01 May

Müflis olmuş azərbaycanlı milyarder ona irəli sürülən ittihamda əsas şahidin öldürülə biləcəyini deyir

Azərbaycanlı milyarder, AST Şirkətlər Qrupunun yaradıcısı Telman İsmayılov videomüraciət ünvanlayıb.
“Yeni Müsavat” xəbər verir ki, T. İsmayılov məhkəmə ilə bağlı fikirlərini bildirib və istintaqın yekunlaşdığını söyləyib: “Üzləşmə olmalıdır. Obyektiv məhkəməyə ümid edirəm. Kərimovu məhkəməyə gətirib çıxarmalıdır. Yalnız onun yanlış ifadələri ittiham olaraq qəbul edilib. Mən ehtiyat edirəm ki, onu məhkəməyə gətirməyəcəklər və qorxuram ki, onu aradan götürə bilərlər. Buna görə də mən hüquq-mühafizə orqanlarından və məhkəmədən xahiş edirəm ki, bu məsələyə obyektiv yanaşsınlar. Diqqətiniz üçün təşəkkür edirəm”.
İndi isə keçək bu müraciətin edilməsinin səbəblərinə. 2017-ci ilin dekabrında məlum oldu ki, Rusiya İstintaq Komitəsi azərbaycanlı iş adamı Telman İsmayılovun qətl hadisəsi ilə bağlı açılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərar qəbul edib. T.İsmayılov qətl və qanunsuz silah dövriyyəsində ittiham olunur.
“İstintaq Komitəsinin məlumatlarına görə, T.İsmayılov 2016-cı ildə qətlə yetirilən iki iş adamının – Vladimit Savkin və Yuriy Brılevin qətlinin sifarişçisidir”.
İstintaq Komitəsi əmindir ki, T.İsmayılov iş adamları Vladimir Savkin və Yuri Brılevin qətlinin sifarişçisidir. Qətli isə qardaşları Rafiq və Vaqif İsmayılovlarla birgə həyata keçirib. Cinayəti törədən isə Mehman Kərimov olub.
Rafiq və Vaqif İsmayılov ile ilgili görsel sonucu
2016-cı ilin 15 mayında Novorijski şosesində M.Kərimov maşında olan V.Savkin və Y.Brılevini pistoletlə öldürüb. Sonuncular aldıqları zədələrdən sonra həyatlarını itiriblər. Rafiq İsmayılov Kərimovu cinayətin törədildiyi məkandan aparıb. Bundan sonra qətlin iştirakçıları ona gizlənməkdə və silahını gizlətməkdə yardım ediblər.
Hazırda qətldə təqsirləndirilən Rafiq İsmayılov və Mehman Kərimov həbs olunub, Telman və Vaqif İsmayılovlar barəsində isə nəzarət altında saxlanılmaqla qiyabi olaraq ehtiyat tədbiri seçilib.
Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib ki, T.İsmayılovun beynəlxalq axtarışının təşkili üçün müvafiq materiallar RF Baş Prokurorluğuna göndərilib.
Rusiya mətbuatı araşdırma apararaq üzə çıxarmışdı ki, T.İsmayılov vəziyyətinin pisləşəcəyini öncədən bildiyi üçün  bir neçə mənzilini, şirkətini və ona məxsus iri torpaq sahələrini yaxın qohumlarının adına keçirib. Araşdırma zamanı məlum olub ki, Moskvanın Kutuzov prospektində 12 yaşlı nəvəsi Telmanın adına bir neçə mənzil varmış.
Məlumata görə, bundan başqa, Moskva vilayətindəki torpaq sahələrini və evlərini müflis elan olunmamışdan əvvəl “Demetra” investisiya fonduna satıbmış. Bu ərazilərdəki torpaq sahəsi və evlərin qiyməti 197 milyon rubl, təxminən 3 milyon 400 min dollar təşkil edir.
Bundan başqa, “Demetra” İsmayılovdan Skolkovo qəsəbəsi ərazisində 2 min kvadratmetrlik torpaq sahəsini də alıbmış.
Araşdırma zamanı o da məlum olub ki, bütün alqı-satqı baş ofisi Rostovda yerləşən “Novıe texnologii upravleniya” şirkəti tərəfindən aparılıb.
Amma bu məsələdə ən maraqlı detal Antalyada T.İsmayılov tərəfindən 1.4 milyard dollara inşa edilən “Mardan Palace Hotel”in yenidən fəaliyyətə başlayacağı tarix olub. Məlumatlarda qeyd olunurdu ki,  31 mart 2018-ci il tarixində hotel yenidən xidmətə açılacaq. Hotelin baş direktoru Selçuk Şentepe “Mardan Palace Hotel”in üzərinə həbs qoyulmadığını bildirmişdi: “Hotelimizdə olan əmlakın dəyəri borcların 5 qatıdır. Hər dövrdə şirkətlərin müəyyən çətinlikləri olur. Biz hər şeyimizi yenidən qururuq. Gələcəyə daha yaxşı baxaraq, hərəkət etməyə çalışırıq. Bir çox hotelin çətinlikləri olduğu kimi, bizim də çətinliklərimiz var. Bu çətinlikləri aşıb, yolumuza davam edəcəyik. Hoteli təmir səbəbi ilə bağladıq. Lakin 200-ə yaxın personalımız işə davam edir. 2018-ci ildə bir çox yeni plana başlayırıq. Görüşdüyümüz bir hind toyu var. Hotelimizin yeni il açılışını çox yaxşı bir hind toyu ilə edəcəyik. Hoteli köhnə günlərinə qaytaracağıq. 31 martda hotelin açılışı olacaq”.
Amma mətbuatdan da məlum olduğu kimi, sözügedən tarixdə hotel fəaliyyətə başlamadı.
Başlanğıcda asayiş keşikçiləri T.İsmayılovun Rusiya ərazisində olduğunu və yaranmış situasiyanı həll etməyə çalışdıqlarını bildiriblər. Amma İsmayılov qardaşları Türkiyənin onları Rusiyaya verəcəyindən ehtiyatlanaraq Fransaya köçüblər və hazırda oradadırlar.
Fransa Telman İsmayılova yad ölkə deyil. Bu, Rusiya DİN-in keçmiş əməkdaşı Dmitriy Zaxarçenko ilə bağlı istintaq materiallarından da görünür. İşlə bağlı verilən şahid ifadələrində də bildirilir ki, Zaxarçenko İsmayılovla hələ o, Moskva regionundakı bazarların sahibi olan vaxtlardan yaxşı tanışdır. Şahidlərin sözlərinə görə, İsmayılov Rusiyadan getdikdən sonra Zaxarçenko ona Fransada görüşüb birlikdə mümkün biznes-layihələri müzakirə etməyi təklif edib.
Telman İsmayılovun qardaşı Rafiq 2016-cı ilin mayında Savkin və Brilyovun qətlində ittiham edilərək həbs olunub.
2009-cu ildə Telman İsmayılovun rəhbərlik etdiyi Moskvanın “Çerkizov bazarı”nın işində qanunsuzluqlar aşkarlanıb və bazar bağlanıb. İsmayılov bunun ardınca xaricə gedərək əmlakını satmağa başlayıb. 2017-ci ilin martında İsmayılov müflis elan olunub.
Qeyd edək ki, Moskvanın Basman Rayon Məhkəməsi ötən il noyabrın 11-də T.İsmayılov barəsində həbs-qətimkan tədbiri seçib. O, iki nəfərin qətlində şübhəli bilinir və həbs-qətimkan tədbiri həmin cinayət işi üzrə qəbul edilib. T.İsmayılov qardaşı Vaqiflə birlikdə son vaxtlarda yaşadığı Türkiyəni tərk edərək Fransaya gedib.