“Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub” – Prezidentbackend

“Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub” – Prezident

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Şuşa bizim tarixi şəhərimizdir və biz bu şəhərə qayıtmışıq. Əgər ermənilər bu şəhəri öz şəhəri hesab edirdilərsə, nə üçün 28 il ərzində bir daş daş üstə qoymayıblar? Nə üçün Şuşanın tarixi abidələrini qoruyub saxlaya bilməyiblər?”

Bu fikirləri Prezident İlham Əliyev Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Dövlət başçısı qeyd edib ki, bütün bulaqlar quruyub: “Hər bir məhəllədə bulaq olub, birində də su yoxdur. Yaxşı, əgər bu, sənin şəhərindirsə, niyə sən bulaqları qurudursan? Bütün tarixi abidələr yerlə-yeksan edilib. Əgər bu, sənin şəhərindirsə, niyə sən bu abidələri dağıtmısan? Əgər sən Ermənistan olaraq bəyan edirdin ki, Şuşanı azad etdiniz, kimdən azad etdiniz? Dinc əhalidən azad etdiniz? Azərbaycanlılardan azad etdiniz? Yaxşı, əgər hesab edirdiniz ki, siz bunu azad etmisiniz, niyə binaları dağıdırsınız? Əgər bu, erməni şəhəridirsə, nə üçün yerlə-yeksan edirsiniz? Orada təkcə bizim məscidlərimiz yox, bütün binalar dağıdılıb. Sovet vaxtında tikilmiş “Xruşovka”lar deyilən binalar, – hansı ki, Şuşanın memarlıq ansamblını kobudcasına pozur, – qalmışdı, orada da məskunlaşmışdılar. Mən Şuşada olarkən bu dağıntıları öz gözümlə görmüşəm. Elə bil ki, oradan vəhşi qəbilə keçib, vandallar Şuşanı bu günə salıblar. Sonra da deyirlər ki, Şuşa erməni şəhəridir. Bu, növbəti erməni yalanıdır, saxtakarlığıdır! Onların bütün tarixi saxtakarlıq və mifologiya üzərində qurulub. Onlar və onların müxtəlif ölkələrdəki havadarları onlar üçün saxta tarix yaradıblar və bu saxtakarlıq bu gün də davam edir”.