Tribuna İnformasiya Agentliyi

Ömürlük məhbusların məsələsi niyə həll olunmur?

12 Sentyabr

Son günlər Qobustan həbsxanasında cəza çəkən ömürlük məhbuslarla bağlı məsələ yenidən aktuallaşıb. 23 məhbus anası həbsxanadakı ağır vəziyyətlə bağlı QAT sədri, Ömürlük Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Akif Nağıya müraciət ediblər.

Bununla bağlı A.Nağının ölkə başçısına müraciət etməsi ömürlük məhbusların taleyini gündəmə gətirib. Onların cəzalarının müddətli həbslə əvəzlənməməsi, Avropa Şurasına üzvlükdən sonra bu məsələnin həllinin yubanması və digər bu kimi məsələlər müzakirə obyektinə çevrilib. Milli Məclisin qarşıdan gələn sessiyasında ömürlük məhbuslarla bağlı məsələnin deputatlar tərəfindən gündəmə gətirilməsinin vacibliyindən söz açılır.

Картинки по запросу Fazil Mustafa

Böyük Quruluş Partiyasının sədri, deputat Fazil Mustafa “Yeni Müsavat”a açıqlamasında bunları dedi: “Bunun parlamentdə gündəmə gətirilməsinə ehtiyac görmürəm. Ömürlük həbs olunublar, etdikləri cinayətlərə görə məsuliyyət daşıyıblar. Kiminsə yaxınını öldürüblər, dövlətə böyük zərər vurublar. Bu baxımdan məsələni qaldırmağın heç bir adı yoxdur. İnsanlar fərdi qaydada bununla bağlı müraciətlər edə bilərlər. Bu müraciətlər əsasında onların müraciətləri nəzərə alına bilər. Onların cəzalarının illə əvəz edilməsi bir az mürəkkəb məsələdir. İnanmıram ki, qanunvericilikdə buna imkan tanına”.

Картинки по запросу Mirvari Qəhrəmanlı

Hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirdi ki, ömürlük məhbuslarla bağlı ciddi problemlər var: “2013-2014-cü illərə qədər siyasi məhbuslarla, həmçinin ömürlük məhbuslarla bağlı vaxtaşırı yazılar gedirdi. Tədbirlər keçirmək üçün xüsusi yerlər var idi. Eyni zamanda məhbusların valideynləri də aktiv idilər. Amma indi hansısa bir mətbuat konfransı keçirməyə vəsait lazımdır. Bu cür məsələləri dövlət qurumları qarşısında ictimailəşdirən mətbuat orqanları, QHT-lər illər öncəyə kimi kifayət qədər çox idi. O zaman müstəqil vəkillər də indiki kimi az deyildi. Bu sahələr üzrə çalışan QHT-lər həmin vəkillərlə birlikdə mətbuat konfransı keçirirdilər. 5-6 il öncəyə qədər ömürlük məhbuslarla bağlı tez-tez hesabatlar hazırlanır, beynəlxalq təşkilatlara göndərilirdi. İndi isə məhbus ailələri şikayət etməyə yer tapmırlar. Çox sağ olsun ki, Akif bəy zaman-zaman ömürlük məhbuslarla bağlı məsələləri qaldırır. Amma onun səlahiyyəti yoxdur ki, bu problemlərlə bağlı monitorinq aparsın. Heç bizlərin də bu cür imkanları yoxdur. Akif Nağı yazdıqlarını təsdiq də edə bilmir. Sizin qəzeti çox sağ olsun ki, zaman-zaman bu məsələni gündəmə gətirirsiz, gündəmdə saxlayırsız. Ömürlük məhbusların vəkillərə ödəməyə maliyyə imkanları belə yoxdur. Bu problemlər aradan qaldırılmayınca, ömürlük məhbusların taleyi acınacaqlı olaraq qalacaq. Getdikcə onlar tam olaraq unudulacaqlar”.