backend

Ömründə iki dəfə çimən kral

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyanın ən möhtəşəm saraylarından olan, Fransa monarxiyasının atributu hesab edilən Versal sarayını görmək çoxlarının arzusudur. 

 

Dünyanın ən möhtəşəm saraylarından olan, Fransa monarxiyasının atributu hesab edilən Versal sarayını görmək çoxlarının arzusudur. Hər il 7 milyon turistin ziyarət etdiyi bu saray təkcə gözəlliyi ilə deyil, qoxusu ilə hər kəsi təəccübləndirir. Niyəsini oxuyub bilək…

256 milyard dollarlıq saray

Əvvəla bildirək ki, Versalın tikintisinə 1661-ci ildə başlanılıb. Bu tikinti işləri təxminən 50 il çəkib. Roma İmperatorluğundan sonra Avropada ilk dəfə böyük ölçüdə saray vəziyyətinə gəlib. Bunun səbəbi sabit və mərkəzi monarxiya idarəsi idi. İtaliya, Almaniya, İngiltərədə siyasi şərait fərqli olduğundan uzun müddət oralarda belə saraylar tikilməyib. Qeyd edək ki, Versalın salınması üçün Lüdovik 800 hektar bataqlığı qurudub. 101 hektarlıq bağın salınması məqsədilə bir meşənin ağacı bura köçürülüb. Burada qazon, çiçək ləkləri, göllər, hovuzlar, fontanlardan və heykəllərdən ibarət xiyaban salınıb. XIV Lüdovik Parisin siyasi intriqalarından uzaq durmaq və aristokratları göz önündə saxlamaq məqsədilə onları da monarxın mütləq hakimiyyətini ifadə edən bu nəhəng ölçülərə malik sarayda yerləşdirmişdi. 30 min işçinin tikdiyi sarayın o zaman 10.500 ton gümüşün dəyərindəki 25 milyon lirəyə, indiki ekvivalentlə 259,56 milyard avroya başa gəldiyi deyilir.

6 min nəfərin tualet kimi istifadə etdiyi saray

Sarayın maraqlı cəhəti tikilərkən tualet və ya vanna otağının layihələndirilməməsidir. 1000-dən çox otağın olmasına rəğmən, sarayda tualet və vanna otağının olmamasının səbəbi isə o dövrdə zadəganların istədiyi yerdə ehtiyaclarını qarşılamalarına dair inanc idi. Yəni sarayda yaşayan zadəganlar təbii ehtiyaclarını istədikləri yerdə edə bilərdilər. Xidmətçilər isə onların arxasınca bu natəmizliyi təmizləməliydilər.

Kralın özünün isə dəbdəbəli kreslo-qarşoğu var idi. O, hətta əyanlarının yanında həmin kresloya əyləşib təbii ehtiyaclarını edirdi. Bəzi zadəgan qadınlar isə özləri ilə kiçik qab gəzdirirdilər. Hətta bal zamanı belə kənara çəkilib qabı enli ətəklərinin altına sürüşdürüb asan şəkildə təbii ehtiyaclarını edirdilər.

Xidmətçilərə gəlincə, onlara harda gəldi bunu etməyə icazə yox idi. İşçilər adətən gizli-gizli “qarşoqlardan” istifadə edərək, güvəcləri Versalın pəncərələrindən aşağı boşaldırdılar. Nəzərə alsaq ki, 1682-ci ildən etibarən sarayda 6 min nəfər yaşayırdı, bu cür natəmizlik Versalın pis qoxumasına gətirib çıxardı. Avropada Versal sarayının qoxusunu “Avropadakı bütün saraylardan fərqli” (Memoirs: Duc de Saint-Simon) adlandırırdılar. Nəhayət, məhz üfunət iyinə görə 1789-cu ildə imperiyanın mərkəzini Yeliseyə dəyişdilər. Bir maraqlı faktı da qeyd edək ki, Versal şəhərciyində gəzintiyə çıxan zənginlər daim özləri ilə çətir götürürdülər. Bu onların günəşdə yanmaq, yaxud da yağışda islanmaq qorxuları ilə bağlı deyildi. Onlar məhz Versal sarayının balkonlarından atılan güvəclərin üst-başlarını bulaşdırmasından ehtiyat edirdilər.

Saray əhli çimmirdi

Çimmək məsələsinə gəlincə, dövrün kralları ildə bir dəfə bağçadakı hovuzda yuyunurlarmış. Sarayı tikdirən XIV Lüdovik 77 il yaşasa da, həyatı boyu cəmi 2 dəfə çimmişdi. Bu da həkimlərin məsləhəti ilə baş vermişdi. Ümumiyyətlə, 17-ci əsrdən fransızlar çimməyin daşını atmışdılar. Buna görə, sarayda vanna otağının olmaması heç kimi narahat etmirdi. Sadəcə insanlar bədənlərindən gələn pis qoxuya qarşı qəribə mübarizələr aparırdılar. Məsələn, ətir kəşf edilmişdi. Ətir istehsalçılarının əsas vəzifəsi onun qalıcı olmasını təmin etmək idi. Bundan əlavə, qadınlar üst-üstə ətəklər geyinməklə qoxunu həfiflədirdilər. Enli ətəklərin daha bir funksiyası da vardı. Qadınlar onun altında balaca itlər gəzdirirdi ki, bədənlərindəki birələr itin canına daraşsın.

Versalda ilk tualet tikilir

Sarayda ilk tualet 16-cı Lüdovikin əmri ilə həyat yoldaşı, Avstriya imperatorunun qızı Mariya Antuanetta üçün tikilir. 1789-cu ildə Fransa inqilabından sonra sarayda daha bir neçə tualet layihələndirilir. Ərazisinə görə, dünyanın ən böyük saraylarından olan Versalda tualetlərin sayı 9-a çatdırılır. Bu tualetlərdən isə ancaq kral və yaxınları istifadə edə bilərdi. Xidmətçilər isə yenə də qarşoqlardan istifadə edirdilər.