Omikrona yoluxmalar rekord qırırbackend

Omikrona yoluxmalar rekord qırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dekabrın 23-də İspaniya, Fransa, Britaniya və İtaliyada koronavirusun omikron ştammına gündəlik yoluxmalar rekord vurub. Bu arada bayram mövsümüylə əlaqədar aeroportlar, digər nəqliyyat habları səyahətçilərlə qaynayır.

TİA.AZ xəbər verir ki, İspaniyada gündəlik yoluxma artıq üçüncü gündür rekord həddə çatır. Fransa, Britaniya və İtaliyada isə COVID-19-a yeni yoluxmalara görə ən pis gün qeydə alınıb. Almaniyada omikrona yoluxmuş bir xəstə vəfat edib.

Milyonlarla amerikalı Milad öncəsi səyahətə çıxdığından gündəlik yoluxmalar yüksək həddə çatıb.

Dekabrın 22-də ABŞ aeroportlarından 2 milyondan çox sərnişin keçib. İki il öncə eyni günün göstəricisi 144 min nəfər olmuşdu.

Amerika Avtomobil Assosiasiyasının hesablamasına görə, dekabrın 23-dən yanvarın 2-cən 109 milyondan çox insan avtomobil, təyyarə, yaxud başqa nəqliyyat vasitəsilə 80 km və daha artıq məsafəli səyahətə çıxacaq. Bu, 2020-ci ildəkindən 34 faizlik artım deməkdir.

ABŞ rəsmiləri əhalini peyvənd vurdurmağa çağırır, qapalı məkanlarda maska taxmaq qaydasını bərpa edir. Amma böyük bayram şənlikləri təxirə salınmayıb.

Nyu Yorkun meri Taymz Meydanında Yeni il şənliyinin miqyasının kiçiləcəyini, tamamilə açıq havada olacağını, iştirakçılardan maska taxmaq və peyvənd sertifikatı tələb olunacağını bildirib.

İtaliyada ictimai Yeni il şənlikləri qadağan olunub. Yunanıstanda ictimai Milad tədbirləri yasaqlanıb. Hər iki ölkə açıq havada da maska taxmağı məcburi edib.

Səhiyyə rəsmiləri bayram səyahətləri və şənliklərinin yoluxmaları artıracağından, xəstəxanaların yüklənəcəyindən narahatdırlar.

Artıq Birləşmiş Ştatların bəzi yerlərində reanimasiya şöbələri 90 faizdən çox dolub, bəzi xəstəxanalar digər əməliyyatları təxirə salırlar.

Bu arada omikrona yoluxanların xəstəxanaya yerləşdirilmə faizinin az olması haqda müsbət xəbərlər də yayılır. Böyük Britaniya Səhiyyə Təhlükəsizliyi Agentliyinin (UKHSA) ilkin datasına görə, omikrona yoluxan şəxsin xəstəxanaya getmək ehtimalı deltaya yoluxanla müqayisədə 31-45 faiz az, xəstəxanaya düşmək ehtimalı isə 50-70 faiz azdır.

UKHSA rəhbəri Cenni Harris bunu “ürəkləndirici erkən əlamət” adlandrıb, amma onu da deyib ki, “bu, ilkin datadır, onları təsdiqləmək üçün daha çox tədqiqat aparılmalıdır”.

Dekabrın 23-də ABŞ-ın tənzimləyici orqanları yüksək risk qrupunda olan müəyyən yetkin yaşlı pasientlər üçün Merck farmaseptik şirkətinin hazırladığı həbi təsdiqləyib. Bir gün öncə Pfizer şirkətinin oxşar müalicəsi təsdiqlənmişdi.

Bu həblər vaksinləri tamamlayır, xəstəliyin ağırlaşması halında köməyi dəyir.

Omikronun ilk dəfə aşkarlandığı Cənubi Afrikadan hospitalizasiya səviyyəsi ilə bağlı ürəkaçan məlumatlar gəlir. Amma Afrika Xəstəliklərə Nəzarət Mərkəzinin (CDC) rəhbəri Con Nkenqasonq Dünya Səhiyyə Təşkilatına qoşularaq daha geniş qənaətə gəlmək üçün çox tez olduğunu deyib.

“Cənubi Afrikada gördüyümüzü qitəyə, dünyaya aid etməyə tələsməyək”, – o deyib.