Ölkəyə elektromobil idxalının önü açılır – “Böyük təlabat var, avtopark yenilənməlidir”backend

Ölkəyə elektromobil idxalının önü açılır – “Böyük təlabat var, avtopark yenilənməlidir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycana idxal olunacaq elektromobillərin vergi və rüsumlardan azad edilməsi üzərində iş aparılır. Nazirlər Kabinetinin 2020-ci ilin nəticələrinə dair hesabatında elektrik mühərrikli avtomobillərin idxalında güzəştlərin olacağı qeyd edilib. Bununla bağlı bir sıra ölkələrin təcrübəsindən istifadə olunacaq.

Hesabatda deyilir ki, istehsal tarixinə görə yeni nəqliyyat vasitələrinin idxalı zamanı tətbiq edilən vergi və gömrük rüsumlarına yenidən baxılması, ekoloji və yol təhlükəsizliyinin təmin edilməsi məqsədilə elektrik mühərrikli nəqliyyat vasitələrinin idxalı, dövlət qeydiyyatı və istismarının bütün gömrük rüsumlarından və vergilərdən azad olunması, habelə hibrid avtomobillərin idxal zamanı əlavə dəyər vergisindən azad edilməsi istiqamətində işlər həyata keçirilir.

İqtisadçı ekspert Rəşad Həsənov pressklub.az-a bildirib ki, güzəştlər hərtərəfli nəzərə alınmalıdır: “Çünki bu avtomobillər həm bahalı olduğundan, həm də usta və ehtiyat hissələri tapılmadığından, əlçatan olmaya bilər. Bəzi ölkələrdə hətta elektromobil alan vətəndaşa dövlət tərəfindən subsidiya verilir, onun bütün park xidmətlərindən azad edilməsi, güzəştli kreditlərlə təmin olunması və s. istiqamətində proqramlar hazırlanıb, tətbiq olunur. Elektrik avtomobillərinə güzəştlərin verilməsi o nəticəyə gətirib çıxarmayacaq ki, bu avtomobillər sürətlə Azərbaycanda avtomobil parkını tutacaq. Ölkədə 1 milyon 400 mindən artıq avtomobil var. Bu parkın indiki templə elektromobillərə çevrilməsi illər ala bilər”.

Hibrid avtomobillər elektrik mühərrikli avtomobillərdən sonra ekoloji baxımdan ən təmiz maşınlar hesab edilir. Sərfiyyat baxımından da bu avtomobillər olduqca sərfəlidir. Avtomobildə iki mühərrik var və elektrik mühərriki ilə işlədiyi zaman təbiətə heç bir zərər vurmur. Ötən il ərzində ölkəmizə gətirilən avtomobillərin 20 faizi məhz hibrid mühərrikli avtomobil olub. Lakin onların heç birinə idxal zamanı güzəşt edilməyib.

Ekspert ötən illər ərzində hibrid avtomobillərə böyük tələbat yarandığını söylədi: “2013-2014-cü illərə baxsaq, hər il ölkəyə yüz min avtomobil gətirilirdi. Amma 2016-cı ildə müvafiq göstərici iqtisadiyyatın resessiyasından sonra altı minə düşmüşdü. Ötən dövr ərzində baş vermiş proses avtoparkın sürətlə köhnəlməsinə gətirib çıxarıb. Bu təzələnmə ehtiyacını hökumət müasir tələb və siyasətə uyğun şəkildə yönləndirməlidir. Müasir tələblərdən biri də hibrid avtomobilləridir. Bu avtomobillərin ölkəyə idxalına tətbiq edilən rüsumlar, aksiz vergiləri və ƏDV ləğv edilməlidir”.

Ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrinin təşviqi və kütləvi istifadəsi ilə bağlı  məsələlər yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üzrə Dövlət Proqramında da nəzərdə tutulub. Proqramın əsas 5 istiqamətindən biri də məhz ekoloji baxımdan təmiz nəqliyyat vasitələrinə olan güzəşt və stimullaşdırıcı tədbirlərin həyata keçirilməsidir.