“Ölkəmizdə azsaylı xalqlar öz dillərindən qəzet və jurnallar nəşr etdirir və öz təşkilatlarını qururlar”backend

“Ölkəmizdə azsaylı xalqlar öz dillərindən qəzet və jurnallar nəşr etdirir və öz təşkilatlarını qururlar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın nüfuzlu və tanınmış İnformasiya Agentliyində Tribuna.md saytında YAP Zəngilan rayon Gənclər Birliyinin sədri Nərmin Hüseynzadənin “Bu, 30 illik bir siyasi iradənin, incə siyasətin və səmimiyyətin ifadəsidir…” mövzusunda məqaləsi dərc olunmuşdur. TİA.AZ həmin məqaləni təqdim edir:

“Azərbaycan tarixən dinlərin və mədəniyyətlərin qovşağı olub, dini və etnik müxtəliflik zamanla ölkəmizin ən böyük zənginliyinə çevrilib. Ölkəmiz dinlərin və mədəniyyətlərin qovuşduğu tarixi məkan kimi indi də eyni funksiyanı yerinə yetirir. Bu gün Azərbaycan təkcə sosial-iqtisadi uğurlarına, hərbi-siyasi potensialına, döyüş meydanlarında qələbələrinə görə deyil, eyni zamanda vicdan azadlığının və multikultural mühitin təmin edilməsi, yüzilliklər ərzində formalaşmış tolerantlıq ənənələrinin qorunmasına görə regionun lider dövlətidir.

Müstəqilliyimiz bərpa olunduqdan sonra ölkəmizdəki dini dözümlülük, bütövlükdə tolerantlıq mühiti və mədəniyyəti ümummilli lider Heydər Əliyevin formalaşdırdığı dövlət-din siyasətinə uyğun olaraq daha da möhkəmlənib, bu sahə dövlət siyasətinin prioritet istiqamətinə çevrilib. Ölkə vətəndaşlarının vicdan azadlığı hüququ birbaşa Konstitusiyamızda, eyni zamanda “Dini etiqad azadlığı haqqında” Qanunda daha müfəssəl şəkildə təsbit olunub.

Son illərdə Azərbaycanın dünya ölkələri sırasında öz layiqli yerini tutması və milli-mənəvi dəyərlərimizin qorunmasında, xüsusilə tolerantlığın və multikultural ənənələrin inkişaf etdirilərək dünyaya çatdırılmasında ulu öndər Heydər Əliyevin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin xidmətləri misilsizdir. Dövlət başçısının uğurlu siyasəti sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Məhz bu baxımdan Prezident İlham Əliyevin gördüyü işlərin nəticəsidir ki, ölkədəki dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənib, müxtəliflik harmoniyası qorunub saxlanılıb və daha da möhkəmləndirilib.

Azərbaycan həmçinin uzun illərdir ki, müxtəlif beynəlxalq konfranslara ev sahibliyi edir. Prezident İlham Əliyevin dilindən Azərbaycanın multicultural dəyərlə belə ifadə edilir: “Azərbaycan sivilizasiyaların, mədəniyyətlərin və dinlərin kəsişməsində yerləşir. Biz Avropa və Asiya arasında yerləşirik. Əlbəttə ki, bu coğrafi yerləşmə Azərbaycanın mədəni müxtəlifliyində öz rolunu oynayıb. Bu gün Azərbaycanda bütün dinlərin və etnik qrupların nümayəndələri yaşayır və ölkəmizin uğurlu inkişafına öz töhfələrini verirlər. Düşünürəm ki, bu, bizim ən böyük sərvətlərimizdəndir. Biz bundan qürur duyuruq və multikulturalizm dəyərlərinin, sülh, əməkdaşlıq və qarşılıqlı anlaşmanın təşviqi üçün müxtəlif beynəlxalq tədbirlər keçiririk. Hesab edirəm ki, müsbət meyillərin güclənməsi üçün dünyada belə tədbirlərə, açıq müzakirələr və fikir mübadiləsinə ehtiyac var. Təəssüflər olsun ki, bu gün dünyanın müxtəlif yerlərində baş verənlər dərin narahatlıq doğurur. Biz mənfi istiqamətdə cərəyan edən meyillərin şahidi oluruq. Bu səbəbdən ölkələri, sivilizasiyaları və dinləri daha da yaxınlaşdırmaq üçün hansı işlərin görülməli olduğunu açıq və səmimi şəkildə müzakirə etməliyik. Gərginliyin, nifrətin azaldılması beynəlxalq gündəmin ən mühüm məsələlərindəndir”.

Avropanın multikulturalizmin iflasa uğradığını qəbul və bəyan etdiyi müasir dövrdə dövlətimizin bu istiqamətdə nümayiş etdirdiyi nümunəvi mövqenin xarici qonaqlar, bu sahənin ekspertləri, araşdırmaçılar, sosioloq və politoloqlar tərəfindən rəğbətlə qarşılanması bir daha doğru yolda olduğumuzu sübut edir. Azərbaycan nümunəsi də təsdiq edir ki, multikulturalizm siyasətinin əsasında üç əsas prinsip dayanmalıdır:

– dövlət bütövlükdə plüralizmi, o cümlədən mədəni plüralizmi təmin etməlidir;

– hətta ən kiçik mədəni qrupların sosiallaşmasına mane olan əngəllər aradan qaldırılmalıdır;

– müxtəlif mədəniyyətlərin yenidən dirçəlməsi və inkişafı dəstəklənməlidir.

Tarixi ənənələrə nəzər salsaq görərik ki, Azərbaycan ərazisində yaşayan digər xalqlar və dini qrupların nümayəndələrinin təmsilçiliyini özündə cəmləyən bu siyasi davranış XX əsrin sonlarında Heydər Əliyev tərəfindən dövlətçilik ideologiyası formasına çevrilmış, tolerantlıq və multikulturalizm ənənələri bərpa edilmişdir.

Məlumdur ki, bu gün Azərbaycanda 115 azsaylı xalq yaşayır. Ancaq heç bir zaman xalqlar arasında qarşıdurma və ya hər hansı bir problem yaşanmayıb. Dövlətin uğurlu siyasəti nəticəsində azsaylı xalqların Azərbaycanda yaşayışı, inkişafı və təhlükəsizliyi tam şəkildə təmin olub. Hazırda Azərbaycan ərazisində məskunlaşmış xalqların dilləri, əsasən, dörd böyük dil ailəsinə – türk, Şimali Qafqaz, Hind-Avropa və kartvel dil ailələrinə mənsub olsalar da, ölkədəki müasir etnolinqvistik durumda dominantlıq türk dillərinin oğuz qrupuna daxil olan Azərbaycan dilinə məxsusdur.

Ölkənin əsas əhalisini (90%-dən çoxunu) Azərbaycan türkləri təşkil edir. Azərbaycan gürklərinin ölkədə yaşayan xalqlar arasında birləşdirici rol oynaması xüsusilə vurğulanmalıdır. Ərazi birliyi, oxşar ictimai-iqtisadi, coğrafi və tarixi şərait Azərbaycan türklərini və azsaylı xalqların məişət və mədəniyyətlərində, adət-ənənələrində ümumi cəhətlərin formalaşmasına səbəb olmuşdur. Şübhəsiz ki, burada xalqlar arasında gedən intensiv ticarət-iqtisadi və etno-mədəni əlaqələr də az rol oynamamışdır.

Ölkəmizdə azsaylı xalqlar öz dillərindən qəzet və jurnallar nəşr etdirir və öz təşkilatlarını qururlar.

Bakıda S.Vurğun adına Rus Dövlət Dram Teatrı ilə yanaşı, respublikanın bir çox aparıcı teatrlarında rus truppaları, Lənkəranda Dövlət Dram Teatrı, Qusarda Ləzgi Dövlət Dram Teatrı, Qaxda Gürcü Dövlət Teatrı, o cümlədən Bakı şəhərində və Azərbaycanın bir sıra bölgələrində milli azlıqların 40-dan çox musiqi və folklor kollektivləri fəaliyyət göstərir.

Azərbaycanın milli azlıqların sıx yaşadıqları rayonların orta məktəblərində (ibtidai siniflərdə) ana dili dərslərinin tədrisi (avar, kürd, ləzgi, talış, saxur, tat, udi, xınalıq, ivrit dillərində) təşkil olunmuş, milli dillərdə dərsliklər və proqramlar tərtib edilmişdir. Dövlət vəsaiti hesabına rus, avar, talış, kürd, ləzgi, saxur, tat, udi, xınalıq və s. dillərdə əlifbalar, tədris proqramları və digər dərsliklər, məktəbli lüğətləri çap olunur və bu iş mütəmadi olaraq davam etdirilir.

Azərbaycanda dini azadlıqlar lazımı qədər qorunur. Ölkəmiz zərdüştiliyin, Qafqazda xristianlığın ilk beşiyi olması ilə yanaşı, həm də İslamın geniş yayıldığı bir ölkədir. Paytaxt Bakıda bir-birinə yaxın yerləşən həm məscid, həm kilsə, həm də sineqoq görmək mümkündür. Azərbaycanın tarixi dini abidələrinə qarşı erməni terrorunun nəticələrinin şahidi olsaq da, Bakının mərkəzində erməni kilsəsinin ən müasir üslubda təmiri, qorunması dövlətimizin və millətimizin xoş məramının açıq nümunəsidir. Bəlkə də dünyanın əksər şəhərlərində belə bir tolerantlıq nümunəsi görmək mümkün deyil. Bakı isə bu mənada tarixə iz qoyan şəhərlər siyahısındadır.

Bu milli-dini birlik və bərabəriyin arxasında 30 illik bir siyasi iradənin, Heydər Əliyev – İlham Əliyev kimi liderlərin incə siyasətinin və səmimiyyətinin dayandığı şübhəsizdir”.

Азербайджан исторически был перекрестком религий и культур, а религиозное и этническое разнообразие со временем стало величайшим достоянием страны