Ölkədə tətildir, tədbirlər ertələnir, amma toylar “şıdırğıdır”…backend

Ölkədə tətildir, tədbirlər ertələnir, amma toylar “şıdırğıdır”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Apardığımız monitorinq və müşahidələrimizin nəticəsi olaraq deyə bilərəm ki, ölkədə koronavirusa yoluxma halının qeydə alınması şadlıq saraylarının işinə heç bir təsir göstərməyib. Ancaq digər iaşə obyektləri, kafe və restoranlarda bir qədər seyrəklik var.

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov koronavirus təhlükəsi ilə əlaqədar olaraq təxirə salınan kütləvi tədbirlərdən sonra virusun şadlıq sarayları, restoran və iaşə obyektlərinin işinə hansı formada təsir göstərməsinə münasibət bildirərkən deyib.

E.Hüseynovun sözlərinə görə, heç kəs vətəndaşa deyə bilməz ki, virus təhlükəsinə görə toyunu təxirə sal:

“Toy və restoranlarla bağlı heç bir qadağa yoxdur. Buna heç kəs maneə yaratmır, yarada da bilməz. Apardığımız araşdırma və şəxsi müşahidələrimə görə deyə bilərəm ki, virusla əlaqədar hələ təxirə salınan mərasim olmayıb. Burada söhbət təkcə toylardan getmir, yaş mərasimləri də var ki, orada da insan çox olur”.

Qeyd edək ki, koronavirusla bağlı ölkədə bağça, məktəb və universitetlərdə tədrisə martın 10-na qədər fasilə verilib, bir neçə böyük konsert təxirə salınıb.

Mütəxəssislərin sözlərinə görə, bu tədbirlər koronavirusun yayılması ilə bağlı həyəcan deyil, sadəcə, önləyici addımlardır və profilaktik xarakter daşıyır.