ÖLKƏDƏ SÜRƏTLİ BAHALAŞMANIN SƏBƏBİ: MONOPOLİYA, YOXSA… – İQTİSADÇI AÇIQLADIbackend

ÖLKƏDƏ SÜRƏTLİ BAHALAŞMANIN SƏBƏBİ: MONOPOLİYA, YOXSA… – İQTİSADÇI AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanda qiymət artımı ilə bağlı kompleks tədbirlərin görülməsinə ehtiyac var”.

Bunu TİA.Az-a iqtisadçı ekspert Elşad Məmmədov deyib. Onun sözlərinə görə, məsələ ilə bağlı səbəblər dəqiq tədqiq olunmalıdır:
“Azərbaycanda qiymət artımına təsir edən bir sıra amillər var. İlk növbədə biz inflyasiya faktorundan danışmalıyıq. Çünki dünya bazarındakı kəskin qiymət artımı öz təsirini göstərir. Pul kütləsinin dünya iqtisadiyyatında kəskin artması, iqtisadi qeyri -tarazlıqlar, istehsal, nəqliyyat, logistika zəncirlərinin sınması, qiymət artımını şərtləndirdi və ölkəmizin idxaldan asılılığını nəzərə aldıqda biz faktiki olaraq ölkəyə inflyasiyanı idxal edirik.
Digər amil ölkədə inhisarçılığın yüksək səviyyədə olmasıdır. Bu inhisarçılıq həm istehsalda həm ticarətdə mövcuddur. Nəticədə biz görürük ki, istehsalçıdan müəyyən hallarda daha çox ticarət şəbəkələri mənfəət götürür, bu da sözsüz ki, yolverilməzdir. Digər amil təbii insan subyektləri ilə bağlıdır. Su, qaz, işıq, yanacaq – bunların qiymət artımı ümumən ölkədə qiymət artımına təkan verir. Ona görə də vəziyyətdən çıxış yolu kimi biz daxili istehsalın inkişafına qoyulan investisiyaları artırmalıyıq. Fikrimcə, bu istiqamətdə çox böyük işlər görülməlidir.


Biz investisiyaların azalmasının yox, artmasının şahidi olmalıyıq. Bank kredit faizlərinin kəskin şəkildə yumşaldılması, idxaldan asılılığın mümkün qədər azaldılması və inhisarçılıq meylləri ilə effektiv mübarizənin həyata keçirilməsi lazımdır. Digər tərəfdən təbii inhisar subyektlərinin, tariflərin artımı ilə bağlı heç olmasa, üçillik dondurmaya getmək lazımdır.
Bunun üçün də imkanlar mövcuddur. Çünki ölkəyə valyuta daxilolmaları kəskin şəkildə artıb. Biz obyektivlik naminə bunu deməliyik ki, daxili istehsalı formalaşdırsaq belə rəqabət qabiliyyətinin dayanıqlı şəkildə təmin edilməsi üçün geniş satış bazarları lazımdır.
Yalnız ölkədaxili satış bazarı ilə biz müxtəlif istiqamətlərdə dayanıqlı istehsal prosesini qura bilmərik. Ona görə də regional iqtisadi inteqrasiyaya getmək lazımdır ki, ölkəmizdə istehsal olunan məhsulların satış bazarları genişləndirilsin. Yəni bu işlər gördüyünüz kimi kompleksli şəkildə reallaşmasa, hansısa tədbirlərin görülməsi ilə qiymət artımının qarşısını almaq mümkün deyil”.

Aytac

TİA.Az