Ölkədə pomidorun qiyməti niyə kəskin bahalaşıb?backend

Ölkədə pomidorun qiyməti niyə kəskin bahalaşıb?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda pomidorun qiyməti kəskin bahalaşıb. Bir neçə gün əvvəl bir kiloqramı 1 manata təklif edilən pomidor artıq 3 manata satılır. “Report” pomidorun qiymətinin bahalaşmasının səbəbi ilə bağlı araşdırma aparıb.

Aqrar sahə üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, artıq açıq şəraitdə yetişidirilən pomidorun istehsalı azalır: “Bundan sonra pomidorun satış qiyməti artacaq. İstixana şəraitində yetişdirilən pomidorun həcmi çox olacaqsa, qiymətlər nisbətən azala bilər. Bu il bizim örtülü təsərrüfatlarda pomidor istehsal edən sahibkarlar ciddi ziyana məruz qalıb. İndi onların əksəriyyətinin toxum, ştil almağa imkanları yoxdur. Bu səbəbdən istixana şəraitində yerləşdirilən pomidorun həcmi azala bilər. Bu il Rusiya tərəfindən pomidor ixracına ciddi maneələr yaradıldı. Pomidor istehsalçıları ciddi maddi ziyana məruz qaldı.

Daha çox istixana şəraitində pomidor yetişdirən Şəmkir sahibkarlarıdır. Onlarla daim müzakirələr aparıram, bu il onlar üçün çox çətin keçdiyini bildirirlər. Pomidor istehsalçıları əsaslı gəlirdən məhrum olublar, onlar Rusiyaya ixrac etdikləri məhsulun bir hissəsi sərhəddə, bir hissəsi yolda, bir hissəsi də bazarlarda xarab olub. İstixanalarda pomidor yetişdirən sahibkarların bir çoxu bu səbəbdən həm də həvəsdən düşüb. Buna görə də pomidorun qiyməti artmaqda davam edəcək”.

V.Məhərrəmovun sözlərinə görə, Rusiya rəsmiləri Azərbaycana meyvə-tərəvəz ixracı ilə bağlı çağırış edib: “Lakin əsas məqam bundan ibarət idi ki, Rusiya tərəfi ilə ixracdan əvvəl müqavilələr imzalanmalı idi. Belə olan təqdirdə istehsalçıların ixrac məsələsi şübhə altında olmayacaqdı”.

O deyib ki, ötən illərdə açıq şəraitdə yetişdirilən pomidoru oktyabrın ortalarına qədər tapmaq mümkün idi: “Həmçinin, əvvəlki illərlə müqayisədə bu il pomidorun keyfiyyəti də aşağı düşüb. Bu il həm təklif azalıb, həm də əldə olunan məhsulun keyfiyyəti aşağıdır. Bu il bol və keyfiyyətli məhsul istehsal etmək üçün hava şəraiti münbit idi. Təəssüf ki, bizim fermerlər, kəndlilər yaranmış şəraitdən bəhrələnə bilmədilər. Digər tərəfdən bu il ziyana məruz qalmış ixracatçı fermerlərə, sahibkarla hökumət tərəfindən dəstək göstərilməli idi. Lakin bu, olmadı.”

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında sahələrdən 1 milyon 423,8 min ton tərəvəz yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,1 % çoxdur. Həmçinin, bu ilin yanvar-avqust aylarında Azərbaycanda 446,8 min ton bostan məhsulları yığılıb. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 % çoxdur.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Report”a bazarlarda süni qiymət artımının olub-olmamasına münasibət bildirib: “Pomidorun qiyməti dövlət tərəfindən tənzimlənmədiyi üçün, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitində, tələb-təklif əsasında formalaşır”.

Xatırladaq ki, bu ilin yanvar-avqust aylarında Azərbaycan 128,2 milyon ABŞ dollarıdəyərində pomidor ixrac edib.