“Olimpiakos”a Akropoldan baxış – REPORTAJbackend

“Olimpiakos”a Akropoldan baxış – REPORTAJ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün “Neftçi” komandası UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda Yunanıstan “Olimpiakos”unun qonağı olacaq.

Pirey şəhərindəki “Georgios Karaiskakis” stadionunda keçiriləcək qarşılaşmanı işıqlandırmağa ezam olunanlar arasında “Report”un əməkdaşı da var. Jurnalistlər paytaxt Afinanın mərkəzindəki otellərdən birində məskunlaşıblar.

“Elefterios Venizelos” hava limanına ayaq basan kimi koronavirus pandemiyası ilə əlaqədar test götürülür. Aeroportdan şəhərin mərhkəzinədək isə 40 dəqiqəyədək yol var. Afinanı qədim mədəniyyət abidəsi sayılan və 156 metr yüksəklikdə olan tarixi abidə iki yerə bölür. Şəhərin yeni binaları elə də uca deyil və hamısı bir-birinə bənzəyir.

Son bir həftədə Yunanıstanda koronavirusa orta hesabla 2600 yoluxma qeydə alınıb. Lakin bu, açıq havada rahat gəzməyə, kütləvi gəzinti məkanlarının fəaliyyətinə heç bir əngəl törətmir. İnsanlar xüsusən gecə həyatını çox sevirlər. Burada nəqliyyatın hərəkətində gecə-gündüz məhdudiyyəti yoxdur. Afinada nəqliyyat vasitələri, o cümlədən, tramvay və trolleybuslar hətta gecələr də işləyirlər. Sakinlərin geniş istifadə etdikləri motosikletlərin uğultulu səsi uzaqdan eşidilir.

Lakin qapalı məkanlarda maska taxmaq mütləqdir və buna ciddi riayət olunur. Mollarda isə mağazalara giriş sayına məhdudiyyət qoyulub. Yəni, içəri daxil olanların sayı müəyyən normanı keçdikdə digərləri çöldə gözləməli olurlar.

***

Turistlər üçün ən maraqlı yer Akropol sayılır. Jurnalistlərin qaldığı otelə yaxın olan tarixi məkan 300 metr uzunluğa və 170 metr eninə malik qayalıqlar üzərində eramızdan əvvəl V əsrdə salınıb. Məbəd Parfenon, Propilei, Erexteyon və Niki Apteros abidələrindən ibarətdir. Bu abidələr Yunanıstanın dövlət xadimi Periklin təşəbbüsü ilə tikilib. XVII əsrdə Osmanlı – Venesiya müharibəsi zamanı tarixi binalar ciddi zərər görüb.

Tarixi binaların ərazisini gəzmək üçün 30 avroya bilet almaq tələb olunur. Lakin jurnalist vəsiqəsini təqdim etməklə içəriyə pulsuz daxil olmaq mümkündür. Biz də belə bir fürsətdən yararlandıq.

Havanın isti olmasına baxmayaraq, buranı görmək üçün yüksəkliyə qalxmağın çətinliyinə dözməyə dəyər. Xüsusən, Afina ilahəsinə həsr olunmuş Parfenon məbədi hətta yarı-dağınıq görkəmi ilə də turistlərin marağını cəlb edir. Erexteyon məbədi də eyni vəziyyətdədir və Parfenonun yaxınlığında yerləşir. Niki Apteros məbədi Akropolda ən tez salınan tarixi əbidələrdəndir. Bu, qələbə ilahəsinin şərəfinə tikilib.

Akropola qalxarkən, baha qiymətə satılan su və digər içkilərdən almağa gərək yoxdur. Çünki artıq tarixi binaların ərazisində bulaq düzəldilib. Buradan həm də sol və sağ tərəfdən şəhər görüntüləri canlanır, uzaqdan isə Egey dənizi göz oxşayır.

Yunanıstan hökuməti qədimi abidə kompleksinin ən azı hazırkı görkəminin saxlanılmasından ötrü əlindən gələni edir. Xüsusən, təmir-bərpa işlərinə diqqət göstərildiyini demək olar.

***

“Olimpiakos” – “Neftçi” matçının keçiriləcəyi stadion Pirey şəhərində yerləşir. Lakin Afina ilə Pirey demək olar ki, bir-birinə bitişikdir. “Georgios Karaiskakis” stadionu oteldən 10-15 dəqiqəlik məsafədə yerləşir. Arena təxminən Tofiq Bəhramov adına Respublika stadionu kimi sadə dizaynda salınıb. Tamaşaçı tutumu da demək olar ki, bizim stadionunku qədər – 33 000-dəkdir. Lakin arena 1896-cı ildə açılıb, 1964 və 2004-cü illərdə bərpa olunub.

Yolüstü Olimpiya Stadionunu da görmək mümkündür. 70 min tamaşaçı tutumuna malik arenada 2004-cü il Afina Yay Olimpiya Oyunlarının açılış və bağlanış mərasimi keçirilib. Ümumiyyətlə, yol boyunca digər idman qurğuları da gözə dəyir.

“Olimpiakos”un stadionunun sahibi kimi Yunanıstan Olimpiya Komitəsi göstərilsə də, buranın təpədən-dırnağa məhz kluba məxsus olduğunu demək olar. Arenaya yaxınlaşarkən “qırmızı-ağ” görkəmi ilə diqqət çəkən qurğu müxtəlif şüarların olduğu qraffitilərlə əhatəyə alınıb.

Maraqlıdır ki, “Neftçi”nin əvvəlki mərhələdə mübarizədən kənarlaşdırdığı Gürcüstanın “Dinamo” (Tbilisi) klubu kimi, “Olimpiakos” da 1925-ci ildə yaradılıb və hər ikisi öz ölkələrinin ən titullu klublarıdır. Lakin “Olimpiakos”un uğurları daha böyükdür. 46 qat Yunanıstan çempionu həm də 28 dəfə ölkə kubokunu və 4 dəfə Superkubok qazanıb. Klub son olaraq, 2011/2012 mövsümündən Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələlərində iştirak edib və hətta 1/8 finaladək yüksəlməyi bacarıb.

Beş qardaş – Yannis, Dinos, Yorqos, Vasilios və Leonidas Adrianopulosun əsasını qoyduğu “Olimpiakos” ilk çempionluğunu 90 il əvvəl – 1930/1931 mövsümündə qoyub. Elə “Geogios Karaiskakis” stadionu da beş qardaşın təşəbbüsü ilə tikilib. Georgios Karaiskakis (1782 – 1827) Yunanıstanın müstəqilliyi uğrunda mübarizə aparıb və Osmanlı türklərinə qarşı vuruşub.

Yunanıstan və Türkiyə arasındakı siyasi münasibətlər indi də gərgindir. Lakin Afinanın adi həyatında bu, elə də hiss olunmur. 1,5 illik həsrətdən sonra tribunalara qayıdacaq azarkeşlərin oyun zamanı necə davranacaqları isə bu gün bilinəcək. Odur ki, stadionda görüşənədək…