Tribuna İnformasiya Agentliyi

Öldürücü arıqlama dərmanları və çiçəklənən “dietoloq biznesi”

08 Dekabr

Telekanallarda insanların kortəbii şəkildə arıqladılmasına dair təbliğata nəzarət olunması zərurəti yaranıb; dövlət bu məsələləri nəzarətə götürməlidir 

Telekanallarda insanların kortəbii şəkildə arıqladılmasına dair təbliğata nəzarət olunması zərurəti yaranıb; dövlət bu məsələləri nəzarətə götürməlidir


Bugünlərdə sosial şəbəkədə İsveçdə yaşayan azərbaycanlı ailənin üzvü olan 37 yaşlı qadının arıqlamaq istəyərkən dünyasını dəyişdiyi barədə məlumatlar yayıldı. 

Mərhumun yaxınları “Yeni Müsavat”a açıqlamasında qadının şəxsiyyəti haqqında məlumat vermək istəməslər də, onun son iki ayda limonlu su ilə pəhriz saxladığını, arıqlamaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini, sonda bütün bunların faciə ilə nəticələndiyini bildiriblər.

Bu cür olay ötən il Bakıda baş vermişdi. Kriminal.az saytının yaydığı məlumata görə, dərman qəbul etməklə arıqlamaq istəyən iki yaxın rəfiqə həyatları ilə vidalaşmalı olub. Hər iki qadın arıqlamaq üçün “Tengda Plus”dan istifadə edib. Qadınlardan birinin adı Cəmilə İsmayılova, digərinin adı isə Lalə olub. Əvvəlcə Lalə dünyasını dəyişib. Bir neçə gün sonra isə C.İsmayılova da bu dərmanın qurbanı olub. Rəfiqələri onların məhz arıqlama dərmanından öldüklərini təsdiqləyiblər. 

Qeyd edək ki, son illərdə limon və digər adda olan pəhrizlər və müxtəlif arıqladıcı dərman preparatlarından istifadə bir çox Avropa ölkələrində, qonşu Türkiyədə və o cümlədən Azərbaycanda sürətlə artmağa başlayıb. Həmçinin son vaxtlar telekanallarda sanki bir “dietoloq biznesi” çiçəklənməyə başlayıb…  

Öncə dərman preparatlarından söz açaq. Bir neçə il bundan əvvəl ABŞ və bir sıra Avropa ölkələrində aparılan araşdırmalar zamanı istifadə olunan bu cür preparatların tərkibində sağlamlığa ziyan vuran bəzi vasitələrin aşkar edilməsi ilə bağlı artıq məlumatlar verilib. Belə ki, “Payuytsi” çayında və həbində sibutramin aşkar edilərək Avropada təhlükəli hesab olunub. Buna görə həmin dərmanın satışı qadağan edilib. Həmçinin həkimlər belə dərmanların infarkt və insult xəstəliklərinin inkişafına kömək etdiyini aşkarlayıblar. Həmin dərmanların ucbatından xeyli sayda insan dünyasını dəyişib. Doğrudur ki, bu cür ölümlərin dəqiq statistikası verilməsə də ölkələr faktları da gizlətmir.

Artıq bir neçə ildir ki, ABŞ-da da qeyd olunan dərmanların satışı qadağan edilib.
Azərbaycanda da bu cür dərmanların satışı kütləviləşməyə başlayıb. Digər ölkələrlə müqayisədə bizdə həmin dərmanlara heç bir nəzarət tətbiq edilməyib. Araşdırma zamanı məlum olur ki, qanunvericilikdə bu preparatlarla bağlı heç bir məqam yoxdur, həmin dərmanları müayinə edən laboratoriyalar fəaliyyət göstərmir. Televiziya kanallarında, sosial şəbəkələrdə isə mənşəyi bilinməyən bu cür dərmanların reklam kampaniyaları təşkil edilir. Həmin kampaniyalarda təqdim etdikləri dərmanların, həblərin bitki mənşəli və tamamilə ziyansız olduğunu bildirirlər.

Estetik əməliyyatlardan qaçan, pəhriz saxlamağa səbirləri çatmayan insanlar isə “asan yola”, bu cür dərmanların istifadəsinə üz tuturlar. Ekspertlər bildirir ki, bu dərmanları 2-3 gün içdikdə fəsadlar vermir, amma ən azı 1 ay, 1 ay yarım içildikdə fəsadlaşma başlayır, mədə-bağırsaq, ürək-damar, dəri, əsəb xəstəlikləri, yuxu pozğunluqları, qadınlarda isə ginekoloji xəstəliklər, sonsuzluq, hətta onkoloji xəstəliklər yaranır. Bəzi hallarda həmin vasitələr həyati təhlükəyə, ölüm kabusuna çevrilir.

Tibb elmləri doktoru, professor Adil Qeybulla mövzu ilə bağlı öz şərhini bildirib. Ekspert qeyd edib ki, tez bir zamanda arıqlama istəyi insan orqanizmində ciddi fəsadlar törədə, hətta psixi dəyişikliklər yarada bilir: “Ümumiyyətlə, arıqlamaq üçün nəzərdə tutulan dərman preparatları hər an həkim nəzarəti altında tətbiq olunmalıdır. Bunları peşəkar həkim orqanizmin xüsusiyyətindən,  kökəlməyin növündən, başqa yanaşı xəstəliklərin olmasından asılı olaraq təyin edir.  Təəssüflər olsun ki, insanlar bir çox hallarda özləri dərman alıb istifadə edirlər. Doğrudur, xaricdə bu cür dərmanlar reseptlə buraxılır, az hallarda sərbəst şəkildə olur. Bizdə də isə hamısı sərbəst şəkildə satışa buraxılır. Bizə bu barədə problem yoxdur, dərmanlar adi sabun kimi reklam olunur, insanlar da gedir alır. Bizdə bunun nəticələri ilə bağlı xeyli problemlər yaşanır, lakin onun statistikası verilmir. Yəni ölən də, vəziyyəti ağırlaşan da, psixi xəstəliyə tutulan da olur. Bunun real  statistikası ya aparılmır, ya da açıqlanmır. İnsanlar diqqətli və ehtiyatlı olmalıdırlar. Nəzarət olmadan, məsləhətləşmədən tanınmayan dərmanı qəbul etmək tamamilə məqsədəuyğun deyil”.

Adil Qeybulla onu da qeyd etdi ki, tətbiq edilən pəhrizlər də orqanizmdən asılı olaraq seçilməlidir: “Şəkərli diabet, xərçəng xəstəlikləri var ki, onların hamısı ona universal deyil. İlk növbədə pəhrizin əsas məqsədi orqanizmdə toplaşsan, əlavə yük yaradan maddələrin orqanizminə daxil olmasının qarşısını almaqdır. Yəni çalışılmalıdır ki, artıq kalorilər və həmin maddələr rasionda olmasın və yaxud müəyyən qədər olsun. İkinci bir məsələ, bəzən rasionda hansısa bir maddənin çatışmaması orqanizmi məcbur edir ki, onun bədənində depolaşmış piyləri həmin maddəyə çevirsin. Yəni pəhrizlərin bir xüsusiyyəti passiv yolla depolaşan həmin maddələrin miqdarını azaltmaq, digər rolu isə orqanizmi prosesə qoşaraq onun bədənində olan piyləri təkrar istehsala, zülal və digər maddələrin istehsalı üçün xammala çevirməkdən ibarətdir ki, bu da arıqlama ilə müşahidə olunur. Ona görə də bunların hamısı həkim nəzarəti altında olmalıdır”.

Qəribəsi isə odur ki, telekanallarda dietoloq biznesi müşahidə olunur. Bu isə insanlara əksər hallarda yanlış təbliğat effekti verir. Yəni arıqlama prosesi konfidensial,  hər orqanizmə uyğun aparılmalıdır. Ümumi verilən məsləhət isə orqanizmində problemlər olan insanları ölümcül hala da sala bilir.

Son vaxtlar dietoloqlar, hansı ki, onların bu sahə uzmanı olması şübhəlidir, efirə ekspert kimi deyil, veriliş aparıcısı kimi çıxırlar. İnsanların sağlamlığının qorunması üçün yaradılan verilişə bir sahə həkimi aparıcılıq edərsə, təbii ki, bu zaman məhz özünün maraqlarını önə çəkəcək.
Problem isə son zamanlar efirə çıxarılan həkimlərin insanları kortəbii şəkildə arıqlatmaq və ya kökəltmək kimi təbliğat aparmalarıdır. Hazırda ölkənin bütün telekanallarında belə kortəbii verilişlər var. Müvafiq qurumların onları nəzarətə götürməsi zərurəti də ortadadır.

pia.az