Ödəniş kartlarından istifadəyə böyük əngəl: – “Nisyə dəftərləri”backend

Ödəniş kartlarından istifadəyə böyük əngəl: – “Nisyə dəftərləri”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son illər insanların həyatında mühüm rol oynayan yeni texnologiyalardan biri də ödəniş kartlarıdır.

Ödəniş kartı, bankların və bəzi maliyyə qurumlarının müştərilərinə verdiyi, müqaviləli cihazlar, POS-terminal ilə alış-veriş məntəqələrində ödəniş etmək və ya bankomatlardan götürmək üçün istifadə edilə bilən nağd pula alternativ ödəniş vasitəsidir. Bu gün həyatımızı asanlaşdıran və bir çox alış-verişi yanımızda pul daşımadan rahat şəkildə həyata keçirməyə kömək edən ödəniş kartı ilə tanışlıqdan çox vaxt keçməyib.

Bu kartlar ilk dəfə 19-cu əsrin sonlarında ABŞ-da və bir neçə hotel, neft şirkətləri və restoranlarda istifadə olunub. Ancaq müharibələr və iqtisadi problemlərlə bağlı bu kartlara maraq bir qədər azaltdı. Hazırda istifadə edilən müasir kartlar ilk dəfə 1950-ci ildə yaranıb. Ödəniş kartlarının sayı artıq dünyada 1,5 milyardı ötüb.

Azərbaycanda 4,5 milyona yaxın ödəniş kartı istifadə edilir. Ölkəmizdə də artıq bir müddətdir ki, adıçəkilən kartdan istifadə edilməsinə baxmayaraq, hələ də kütləvi hal almayıb. Bunun səbəblərini isə mütəxəssislər müxtəlif amillərlə izah edirlər.

Bu gün dünyada nağd puldan daha sərfəli hesab edilən ödəniş kartlardan daha az istifadə inamsızlığın, yoxsa psixoloji baxımdan nağd pula alışqanlıq, etibardan irəli gəir?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya bildirdi ki, son dövrdə ödəniş kartlarından istifadə sürətlənib:

“Pandemiya dövründə bu istiqamətdə daha da fəallıq müşahidə olundu. Bununla yanaşı, bəzi dövlət xidmətləri, o cümlədən Vergilər Nazirliyinin tətbiq etdiyi “ƏDV-yi geri al”, bankların kartlarının keçirdiyi lotereyalar bu işi stimullaşdırıb. Ancaq yenə də bu, kifayət qədər deyil. Bakıda artım tempi regionlardan fərqlidir. Hesab edirəm ki, 2024-cü ildə bu dövrlə nisbətdə daha 50 faiz artım olacaq. Ancaq rayonlarda daha çox nağd hesaba üstünlük verirlər. Bu da əhalinin öz aralarında sövdələşmə ilə ticarət işlərini qurmağa, nisyə almaqla bağlıdıır. Regionlarımızda çox sayda “nisyə dəftərləri” var, elə Bakının özündə də “nisyə dəftəri” anlayışı var. Bu, yalnız ərzaqla bağlı deyil, bir çox sahələrdə mövcuddur. Həmin işlərdə kart keçərli olmur, burada söhbət ünsiyyət paketindən gedir. Kiçik obyektlər var ki, inşaat, qida, geyim sektorunda müştərinin kartı olsa belə, aparatın çalışmadığını, internet olmaması kimi problemləri irəli sürürlər.

Bir neçə gün öncə mən də belə bir faktla qarşılaşdım. Mağazada kartla ödənişin mümkün olmadığını, müvafiq aparatın təmirdə olduğunu, nəğd ödənişin olacağını bildirdilər. Bu, normal hal deyil. Ümumilikdə hökumət, banklar tərəfindən maariflənmə nöqteyi-nəzərdən bazarda kifayət qədər məlumatlar, elektron daşıyıcılarda, telefonlarda mesajlar, reklamlar var. Yəni vəziyyət qənaətbəxdir və gündən-günə istifadə artır”.

İqtisadçı deyir ki, ölkədə böyük yarışlar ərəfəsində, o cümlədən “Eurovision”, müxtəlif idman yarışları dövründə bəzi taksilərdə post-terminallar quraşdırılırdı:

“Bəzi taksi növlərinə elektron sifariş verməklə vətəndaşlar öz kartlarını həmin xidmətə bağlayır və sürücü ilə heç bir kontakta girmirlər. Taksi müştərini aparır və avtomatik olaraq kartından vəsait silinir. Ancaq bu, kifayət qədər deyil. Avropada bütün taksilərdə post-terminal quraşdırılıb və vətəndaş kartla ödəyə bilər”.

İqtisadçı onu da vurğuladı ki, istənilən alış-verişdə dövriyyədə 1- 3-5 qəpik qaytarılmama ehtimalı var:

“Ancaq kartla ödənişdə bu dəqiq hesablanır. Eyni zamanda, bütün kartlar müəyyən bir faizi də hədiyyə kimi geri qaytarır. Hər bir halda müştərinin özünə də kartla işləmək sərfəlidir. Eləcə də kartla ödəniş ilk növbədə vergi, ticarət dövriyyəsini şəffaf, statistik məlumatı masa üzərinə qoyur. Burada bundan sonra hər hansı əməliyyat etmək mümkün deyil. Yəni bu, həm hökumətə, həm də vətəndaşa xeyirdir. Burada ancaq sahibkar maraqlı olmaya bilər. O da vergi dövriyyəsinin tam şəkildə qeyd edilməməsi nöqteyi-nəzərdən, müəyyən həcmdə malın vergi dövriyyəsindən kənarlaşdırma, gizli iqtisadiyyata şərait yaratma kimi amillərlə bağlı sahibkarlarda maraq olmaya bilər. Ancaq vətəndaş hər qəpiyin qədrini bilirsə, kartdan istifadə etsə, daha əlverişli olar”.

AMEA-nın elmi işçisi, psixoloq Fatimə Bayramova isə bildirdi ki, əhalinin bir qismi nağd ödənişə daha çox üstünlük verir:

“Doğrudur, uzun illər əhalidə nağd puldan istifadəyə alışqanlıq formalaşıb. Digər tərəfdən, bu, əhalinin kredit kartlarına, banklara olan inamsızlığı ilə əlaqədardır. Onlar banklar tərəfindən irəli sürülən hər bir təklifin arxasında özlərinə bir tələnin olduğunu qəbul edirlər. İnamsızlıq, şübhə hissləri yalnız kredit kartlarına, bank sistemlərinə deyil bir çox sahələrə qarşı da var. Ümumiyyətlə, ödəniş kartlarına münasibətdə əhalinin əksəriyyəti nağd ödənişə üstünlük versə də, digər iki tip kredit kart istifadəçiləri də var. Onlardan biri kredit kartından istifadədən asılı vəziyyətə düşənlər, yığılmış borcların qapanması üçün daha böyük məbləğdə kredit çəkənlər,( bunun da sonu acınacaqlı bitir) digəri isə “hər ehtimal”, “dar gün” üçün kart saxlayanlardır. Birincilər istifadə qaydasını, limiti bilmirlər, ikincilər isə ehtiyatlı insanlardır, bu pulun öz pulları olmadığını anlayırlar. Bu baxımdan hələ ki, ölkədə ödəniş kartından istifadə genişlənməyib”.