“O RƏNGDƏ FORMA İSTEHSAL ETMİRİK” – MƏKTƏB FORMALARI TAPILMIRbackend

“O RƏNGDƏ FORMA İSTEHSAL ETMİRİK” – MƏKTƏB FORMALARI TAPILMIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni dərs ilinə sayılı günlər qalsa da məktəb formaları ilə bağlı narazılıqlar səngimək bilmir. Valideynlər, ötən illə müqayisədə məktəb formalarının qiymətinin baha, keyfiyyətinin isə daha aşağı olmasından şikayətçidirlər. Nazirlər Kabineti tərəfindən təsdiq olunan “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirlərinin təsdiq edilməsi haqqında” qərarda məktəblər üçün nəzərdə tutulmuş 4 rəng sırasında qəhvəyi-yaşıl (xaki) geyim forması nümunəsi də müəyyənləşib.Valideynlər isə bu rəngin ümumiyyətlə tapılmamasından, məktəb direktorlarının isə tələb etdiyindən şikayətçidirlər.

Mövzu ilə bağlı TİA.AZ-a saytına açıqlama verən Bakı Tikiş Evinin mətbuat katibi Ömər Bəkirlinin sözlərinə görə, müəssisə sadəcə göy, boz rəngdə formaları istehsal edir:
“Xaki rəngdə istehsal etmirik. Köynəklərimiz, 95 % pambıq, 60 % isə yundan təşkil olunur. Qiymətləri, parçaların dəyərinə, keyfiyyətinə uyğun hesablanır. Parçalar xarici ölkələrdən gətirilir. Burada istehsal olunur. Qiymətlər də dəyərinə uyğun hesablanır”.
Məhsulların kifayət qədər keyfiyyətli olduğundan bəhs edən Ö. Bəkirli qeyd edib ki, bəzi valideynlər başqa mağazalara üz tuturlar və nəticədə keyfiyyətsiz məhsullarla üzləşirlər və həmin formaların da bizə məxsus olduğunu zənn edirlər:
“Ancaq həmin məhsullar Bakı Tikiş Evinə məxsus olmur. Bəziləri də paltarların üzərinə bizim adımızın qeyd edildiyi saxta etiketlər vururlar, insanlar da zənn edirlər ki həmin keyfiyyətsiz məhsulları biz istehsal edirik”.
Məktəbli formaların sayına da aydınlıq gətirən mətbuat katibi, formaların istehsalına yaxın zamanlarda başlanıldığını, bu səbəbdən bəzi problemlərin yarandığını dilə gətirib.
“Bunun səbəbi də xammal istehsalının müəyyən bir müddət olması, logistik problemlərdir. Hansı ki pandemiyadan sonra yaranıb həmin logistik problemlər. Qeyd edək ki, məktəbli formalarının sayının nə qədər olması ilə bağlı statistik göstəricilər olmadığı üçün BTE öz iradəsi ilə tikişə başlayıb. Ən kiçik ölçüdən istehsala başlayıb. İstehsal olunan geyimlər ilkin olaraq ibtidai siniflər üçün nəzərdə tutulub. Yuxarı siniflər üçün istehsal gələn il üçün nəzərdə tutulur. Bu il olmayacaq”,- deyə Ömər bəy bildirib.
Bəs məktəb direktorları təyin olunan, lakin buna baxmayaraq həmin rəngdə tapılmayan məktəb formasını valideynlərdən tələb edə bilərmi? Bu zaman valideynlər nə etməlidirlər?

 

Problemlə bağlı saytımıza açıqlama verən təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ölkəmizdə məktəbli forması ənənəsi kütləvi şəkildə sovetlər dövründə tətbiq edilməyə başlayıb:
“Nazirlər Kabinetinin 2011-ci il tarixli qərarı ilə təsdiq edilən Ümumtəhsil Məktəblərinin Nümunəvi Nizamnaməsinə əsasən, orta təhsil alanların geyim forması hər məktəbin öz nizamnaməsi ilə müəyyən olunurdu. Yəni, hər məktəb öz şagirdləri üçün vahid geyim forması tətbiq edə bilərdi.

Həmin prosesə nəzarət də elə məktəbin özü tərəfindən həyata keçirilirdi. Amma Prezident İlham Əliyevin imzaladığı “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1532-VQ nömrəli Qanununun tətbiqi barədə” fərmana əsasən dövlət ümumi təhsil müəssisəsində təhsilalanlar üçün vahid geyim formaları tətbiq edilməlidir.
Maddi imkanlarından asılı olmayaraq, bütün şagirdlərin məktəbə eyni geyimdə gəlməsi sosial bərabərliyin real nümunələrindən biri kimi həmişə bəyənilib, məktəblilərin mənəvi tərbiyəsinə, təlimin demokratik əsaslarda qurulmasına müsbət təsir göstərib. Respublikamızın, habelə yaxın və uzaq xarici ölkələrin bu sahədəki təcrübəsi göstərir ki, məktəbli forması təhsil aldıqları müəssisədə, eyni zamanda ictimai həyatda şagirdlərin öz fəaliyyətlərinə və davranışlarına məsuliyyətlə yanaşmalarında, cəmiyyətdə özlərinə qarşı hörmət və rəğbət hissi oyadılmasında, bütövlükdə məktəbin nüfuzunun qaldırılmasında əhəmiyyətli rol oynayır.

Bu gün ölkəmizdə fəaliyyət göstərən 4472 orta məktəbində təhsil alan 1.6 milyon şagirdin hər biri vahid məktəbli forması ilə tədris prosesinin iştirakçısına çevrilir.
Amma bu o demək deyil ki, bütün məktəblər eyni məktəbli formasında istifadə etməlidir”.
Ekspert, hər bir məktəbin pedaqoji şurası qərar qəbul edib, təklif edilmiş 4-5 layihədən istədikləri dizaynda forma müəyyən edə biləcəklərini vurğulayıb.
“Yəni ayrı-ayrı məktəblər üçün material və dizayn baxımından fərqli geyim formasının mövcud olması mümkündür və bu barədə məhdudiyyət yoxdur. Bir vacib məqamı qeyd edim ki, məktəbli formasının tətbiqi barədə tədbirlər hər bir məktəb üzrə bilavasitə valideyn komitəsinin, məktəb-valideyn assosiasiyasının, şagird özünüidarə təşkilatının iştirakı ilə müzakirə edilib müvafiq qərar qəbul olunduqdan sonra qəbul edilə bilər. Heç bir məktəb rəhbəri bununla bağlı təkbaşına qərar qəbul edə bilməz”,-deyə K. Əsədov bildirib.
Rayonlarda məktəbli formasından istifadə ilə bağlı müəyyən çatışmazlıqların olduğunu vurğulayan ekspert, bunun hava şəraiti ilə bağlı olduğunu dilə gətirib:
“Belə ki, soyuq havalarda məktəbli formaları nazik olduğu üçün uşaqlar üşüyürlər, onlara soyuq olur. Ona görə də daha çox qış aylarında bu hal baş verir.
Hesab edirəm ki, məktəbli formaları iqlim və hava şəraitinə görə təşkil olunsa, ondan istifadə ilə bağlı problem olmaz”.
Əsədov, geyimlərin tikilməsi ilə sadəcə Bakı Tikiş Evinin (BTE) məşğul olmadığını qeyd edib:
“Bu keyfiyyətə ciddi təsir görtərə və rəqabət mühitini aşağı sala bilər. Ona görə də Elm və Təhsil Nazirliyi 4-5 eskizi müəyyən edib ictimaiyyətə təqdim etməli və məktəblərə göndərməlidir. Onun standartlara uyğun olaraq tikilməsini valideynlər öz ya fərdi qaydada, ya da kollektiv şəkildə, məktəblə birlikdə həyata keçirməlidirlər”.
Bu il məktəb formaları ilə bağlı verilən qərar tövsiyə xarakteri daşısa da görünür yaranan problemlərin həlli üçün valideynlər məktəblə dil tapmağa çalışmalıdırlar.

Şəhanə Quliyeva

TİA.AZ