O, minlərlə ailəyə sevinc bəxş edib – Xəyalə Təhməzi kimdir?backend

O, minlərlə ailəyə sevinc bəxş edib – Xəyalə Təhməzi kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi,   Sosial Media Mərkəzinin “Ən peşəkar mama-ginekoloq kimdir” sualı ilə məşhur xanımlar arasında keçirdiyi sosioloji sorğuya yekun vurulub. 105 respondentin iştirak etdiyi sorğuda ziyalılar, mətbuat nümayəndələri, sosial media fəalları, bir sözlə müxtəlif təbəqəni təmsil edən xanımlar qatılıb.

Sorğunun nəticələrinə görə, mama-ginekoloq, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun dosenti, tibb üzrə fəlsəfə doktoru Xəyalə Təhməzi “Ən peşəkar ginekoloq” nominasiyası üzrə qalib olub.

Sosioloji sorğuda iştirak edən məşhurların fikirlərini və Dr. Xəyalə Təhməzinin müsahibəsini təqdim edirik:

İradə Əlili (“Peşəyönümlü Təhsilin İnkişafına Dəstək” İctimai Birliyinin sədri, BDU-nun müəllimi, Prezident təqaüdçüsü) – Hər bir ölkənin siması həm də müxtəlif sahələrdə uğur qazanan peşəkar mütəxəssislərinin adı ilə bağlıdır. Bu gün dünyada tibb elmi sürətlə inkişaf edir. XXI əsrin qızıl standartı – Avropa protokollarını ölkəmizdə uğurla təmsil edən ən peşəkar mama-ginekoloqların önündə Xəyalə xanım gəlir. O, bu sahənin incəliklərini gənc nəslə ötürür və ərsəyə gətirdiyi kitablarda zəngin informasiyalar yer alıb.

Ülviyyə Qarayeva (Tanınmış teleaparıcı, ATV-nin əməkdaşı) – Xəyalı xanım bu gün Azərbaycanın ən peşəkar ginekoloqlarından biridir. Bu gün ölkəmizdə kifayət qədər mama-ginekoloqlar olsa da, onların içərisində çox az mütəxəssis var ki, həm elm-tədrislə, həm də müalicə və ginekologiya ilə məşğul olur. Onun süni mayalanma sahəsində kifayət qədər uğurları var. Çox sevindirici haldır ki, artıq cəmiyyətimizdə belə peşəkar insanlara öz layiqli qiymətini verir!

Ayşəm Balayeva (Sosial Tədqiqatlar Mərkəzinin şöbə müdiri) – Xəyalə Təhməzi bizim ailənin həkimləri olub. Onunla bağlı sosioloji sorğunun keçirildiyini eşitdikdə mənmuniyyətlə iştirak etdik. O, peşəkar və vicdanlı mütəxəssis olmaqla yanaşı, həm də gözəl insandır. Xəyalə xanım təkcə insanlara şəfa vermir, mama-ginekologiyanın sirlərini gələcək nəsillərə ötürür, peşəkar alimdir. Onun son kitabı da ölkəmiz üçün bir ilkdir. O, bütün mənalarda bu adı haqq edib.

Fizzə Rəhimli (Qocaman mama-ginekoloq, professor) – Ömrünü bütünlüklə mama-ginekologiyanın inkişafına həsr etmiş, minlərlə körpəni öz qucaqlarında dünyaya gətirmiş bir mütəxəssis olaraq çox şadam ki, bizim yolumuzu ləyaqətlə davam etdirən peşəkarlar var. Xəyalə Təhməzi onlardan biri və hətta deyərdim birincisidir. Azərbaycanda mama- ginekologiya məhz Xəyalə xanım kimi peşəkarların sayəsində ayaqdadır.

Gülnarə Abbasova (Jurnalist, araşdırmaçı yazar) – Müasir Azərbaycan mama-ginekologiyasının parlaq nümayəndələrindəndir. Şəxsən tanışlığım olmasa da, fəaliyyətini yaxından izləyirəm. Və gördüyü işlərlə tanış olduqda əmin olursan ki, bu gün Azərbaycanda ölkə səhiyyəsinin üzünü ağ edən belə gözəl mütəxəssislər var. Xəyalə xanım öz peşəkar fəaliyyəti ilə nəinki pasiyentlərinin, onun fəaliyyətini yaxından izləyən sosial media istifadəçilərinin də sevimlisinə çevrilib.

Nəhayət Şirinova (ADPU-nun müəllimi) – Xəyalə Təhməzi öz sahəsində sözünü deməyi bacarmış, örnək bir insandır. Onun qələmə aldığı “Sonsuzluğun müalicə və diaqnostikasında EKSTRAKORPORAL MAYALANMANIN ƏHƏMİYYƏTİ” kitabı ölkəmiz üçün bir ilkdir. Bu metodiki kitabda süni mayalanmanın əhəmiyyətindən bəhs olunur. Xəyalə xanım Azərbaycanın siması olan mama-ginekoloqlarındandır və öz peşəkar fəaliyyəti ilə bu adı haqq edib.

– Xəyalə xanım, müxtəlif təbəqələri təmsil edən 105 peşəkar xanım belə hesab edir ki, Azərbaycanda ən peşəkar ginekoloq sizsiniz. Bu etimadın səbəbini bilmək olarmı?

– İlk növbədə fürsətdən istifadə edib, mənə etimad göstərən xanımlara dərin təşəkkürümü bildirmək istəyirəm. Açığını desəm, bu nəticə mənim üçün də gözlənilməz oldu. O səbəbdən yox ki, özümü bu yerdə təsəvvür etmirəm. Ona görə ki, görünür fəaliyyətimiz yetərincə ictimai dəstək qazana bilib. İnsanların dəstəyini, onların sənin fəaliyyətini izlədiyini, zəhmətinin hədər getmədiyini görmək əvəzedilməz hissdir. Bu gün Azərbaycanda peşəkar ginekoloqların sayı az deyil. Əvvəlki illərlə müqayisədə bu sahədə özünü təsdiq edən peşəkar mütəxəssislərin sayı artır. Bu çox sevindiricidir. O ki qaldı konkret sualınıza, yəni bu etimadın səbəbinə, burada özüm haqqımda məlumat vermək zərurəti yaranır. Qeyd edim ki, 22 ildir ki, peşəkar ginekoloq olaraq Azərbaycanda və ölkəmizin hüdudlarından kənarda fəaliyyət göstərmişəm. 15 ilə yaxındır ki, tibb üzrə fəlsəfə doktoru, yəni, aliməm. Həkimliklə yanaşı, eyni zamanda elmi-pedaqoji fəaliyyətlə də məşğul oluram. Ginekologiya elminin sirlərini gələcəyin ginekoloqlarına tədris edirəm. Bu günə qədər 30-dan artıq elmi məqalənin, həkimlər üçün 60-dan artıq metodik tövsiyyənin, bir tibbi kitabın müəllifiyəm. Paralel olaraq  İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Ginekologiya kafedrasında çalışıram. Səhiyyə Nazirliyi Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının konsultant ekspertiyəm. Beynəlxalq konqreslərdə dəfələrlə Azərbaycanı təmsil edərək, müasir ginekologiyanın tətbiqi sahəsində məruzələrlə çıxış etmişəm.

Əsas fəaliyyət istiqamətim sonsuzluqla bağlıdır. Təvazökarlıqdan uzaq olsa da, deməliyəm ki, bu sahədə böyük təcrübəyə malikəm. Ölkəmizdə süni mayalanma (EKO) prosedurlarını həyata keçirən azsaylı mütəxəssislərdən biriyəm. Bu üsul ekstrakorporal mayalanma sonsuzluğun əsas müalicə üsullarından biridir. Bu zaman superovulyasiyanın stimulyasiyası bir tsikldə bir neçə yetişmiş folikul yaratmaq məqsədilə aparılır. Qeyd edim ki, bu günə qədər yüzlərlə qadın bu prosedurun sayəsində ana olmaq imkanı qazanıb və bir mütəxəssis olaraq bununla qürur duyuram. Hər bir insanın övlad sahibi olmaq haqqı var və bu gözəl imkana sahib olduqlarına görə, həm də mənə minətdarlıq edən xanımların üzündəki o sevinc hissini görəndə, həmin an özünü xoşbəxt hiss edirsən. Eyni zamanda təbii və cərrahi (keysəriyyə) doğuşlar, laporaskopik və açıq ginekoloji əməliyyatlar, histereskopiya, ginekoloji plastik əməliyyatlar, USM diaqnostika da tərəfimdən icra edilir. Məlumat üçün deyim ki, minlərlə insan dünyaya mənim qucağımda göz açıb. Onların arasında bu il ali məktəbi bitirənlər də var (gülür).

– Bu günlərdə sonsuzluğun müalicə və diaqnostikası ilə bağlı yeni kitabınızın təqdimat mərasimi baş tutdu. Bu barədə nə deyə bilərsiniz?

– Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun direktoru, professor Cəmilə Qurbanova ilə birlikdə ərsəyə gətirdiyimiz “Sonsuzluğun müalicə və diaqnostikasında EKSTRAKORPORAL MAYALANMANIN ƏHƏMİYYƏTİ” kitabı tədris vəsaitidir. Gələcəyin mütəxəssisləri, eyni zamanda ginekoloqlar üçün nəzərdə tutulan kitab elm yönümlüdür. Kitabda sonsuzluğun müalicə və diaqnostikasından, XXI əsrin qızıl standartı – Avropa protokollarının tətbiqindən, müasir ginekologiyanın gətirdiyi yeniliklərdən bəhs edilir. Hesab edirəm ki, bu sahədə tələb olunan bir kitabdır. Bəli, söylədiyiniz kimi, bu günlərdə təqdimat mərasimi baş tutdu və mütəxəssislər kitabla bağlı təəssüratlarını bölüşdülər. İstənilən zəhmətin bəhrəsini görmək , bu zəhmətə cəmiyyət tərəfindən qiymət verilməsi stimulvericidir. Bu baxımdan kitabın müxtəlif sahələrin peşəkarları tərəfindən müsbət dəyərləndirilməsi əlbəttə, mənim üzərimə düşən məsuliyyəti daha da artırır.

– Müasir ginekologiyadan söz düşmüşkən. Bu gün Azərbaycan qadınlarını ən çox narahat edən problemlər hansılardır?

– Əvvəlki illərlə müqayisədə bu sahədə müsbət tendensiyaları müşahidə etməyə başlamışıq. Əsas müsbət məqam xanımlarımızın sağlamlıqlarının qeydinə qalması, vaxtaşırı həkim müayinələrinə üz tutması ilə bağlıdır. Xüsusən ginekoloji problemlər meydana çıxdığı və hamiləlik dövründə qadınlar daimi həkim nəzarətində olmağa üstünlük verirlər. Bu da öz növbəsində gələcəkdə risklərin minimuma enməsinə, sağlam insanların dünyaya göz açmasına səbəb olur. Eyni zamanda hamiləlik prosesinin uğurla başa çatmasına gətirib çıxarır. Bütün bunlar müsbət məqamlardır.

Lakin bununla yanaşı, maariflənmə səviyyəsi bir o qədər də yüksək deyil. Bütün bunları əsas götürüb, xanımlara aşağıdakı qısa tövsiyyələri vermək istərdim:

– Müasir mama-ginekologiyada xanımlarımızı narahat edən əsas problem infeksion xəstəliklərdir. İltihabi xəstəliklər həmişə ilk yerdə qərarlaşıb. İkinci yerdə hormonal balansın pozulmasına bağlı disfunksional xəstəliklər yer alır. Yəni, disfunksional qanaxmalar və s. Ondan sonra xoşxassəli törəmələr və digər xəstəliklər gəlir. Bu statistik məlumatlara əsasən deməliyəm ki, qadınların vaxtaşırı müayinə olunması mütləqdir. Çünki qeyd etdiyim xəstəliklərdən bəziləri ilkin dövrlərdə heç bir əlamətlə özünü büruzə vermirlər.

– Tibbi profilaktika həmişə vacibdir. Vahid dünya tibbi protokollarında nəzərdə tutulur ki, reproduktiv yaş dövrlərində, 40 yaşına qədər xanımlar heç bir problemi olmasa belə, müntəzəm olaraq tibbi müayinələrdən keçməlidirlər. Ümumiyyətlə, 40 yaşa qədər qadınlar ildə bir, 40 yaşdan yuxarı qadınlar isə iki ildən bir ginekoloqa müraciət etməli, öz sağlamlıqlarını nəzarətdə saxlamalıdırlar. Təəssüf ki, əksər hallarda buna riayət olunmur.

– Mamalıq-ginekologiya sahəsi təkcə doğuşla məşğul deyil. “Aktiv doğuş dövrünü bitirdikdən sonra müayinələrə ehtiyac yoxdur” fikri kökündən yanlışdır. Nəzərə almaq lazımdır ki, onkoloji problemlər adətən 40 yaşdan sonra meydana çıxır və əksər dövrlərdə yalnız ağırlaşmış mərhələdə pasiyentlər bundan xəbər tuturlar. Bu da həkimlərin müdaxilə imkanlarını çətinləşdirir.

Süni mayalanma yardımçı reproduktiv vasitələrlə aparılan müalicə üsullarından biridir. Necə ki, böyrək, qaraciyər və digər üsullarla insanı həyata bağlayırlar, süni mayalanma da övlad dünyaya gətirmək üçün yardımçı texnologiyadır. Bunu normal qarşılamaq lazımdır. Hesab etmək ki, bu yolla övlad dünyaya gətirmək psixoloji çətinliklər yaradır, bu səhvdir və qəbuledilməzdir. Təəssüf ki, bununla minlərlə ailə özünü övlad sevincindən məhrum edir.