Tribuna İnformasiya Agentliyi

Növbəti “İnstagram” şantajı: qızı hədələyib, pul alan qohumlar dalaşdılar

04 İyul

Sosial şəbəkədə tanış olduqları qızı şantaj edərək pul istəyən qohumlar hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində qadına hədə-qorxu gələrək ondan pul tələb etməkdə təqsirləndirilən Samir İsmayılzadə və Şəhriyar Abbasovun cinayət işi üzrə məhkəmə iclası keçirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Şəhriyar Abbasov ifadə verib.

Abbasov hadisədən xəbərsiz olduğunu deyib. Bildirib ki, zərərçəkdiyi deyilən şəxs onu tanımadığını deyib: “İstintaq dövründə atam həmin qızın atasından bu barədə soruşub. Atası da qızdan soruşub. O da məni tanımadığını deyib. İttihamda yazılıb ki, guya mən hakerəm. Mənim təhsilim isə natamamdır”.

O, təqsirləndirilən Samir İsmayılzadənin dayısının oğlu olduğunu söyləyib: “Onunla aramızda heç bir problemimiz yoxdur. Samir sadəcə həmin qızla danışanda mənim telefonumdan istifadə edib. Mən də ona inanıb, etibar edib telefon vermişəm. Samir də telefon vasitəsi ilə qızdan nəsə şəkil istəyib. Qız onun tanışı olub. Mən həmin qızı heç tanımıram da”.

Məhkəmədə iştirak edən zərərçəkmiş xanım Şəhriyar Abbasovu gördüyünü deyib. Söyləyib ki, Şəhriyar digər təqsirləndirilən Samirlə birlikdə “Azadlıq” metrostansiyasının yaxınlığında onunla görüşüb: “Özünü mənə haker kimi təqdim etdi. Bildirdi ki, Samirin telefonundan mənim şəkillərimi götürüb, qarşılığında pul istədi. Hələ Samir “vatssap”ıma səs də atıb”.

Təqsirləndirilən Ş.Abbasov isə qızın yalan danışdığını bildirib. Samir İsmayılzadə isə əməlini etiraf edib və qızdan 4 min 500 manat pul adığını qeyd edib. Zərərçəkmiş isə həmin şəxslərə 13 min manata yaxın pul verdiyini söyləyib.

Məhkəmədə tərəflər bir-birini ittiham edib. Samir İsmayılzadə deyib ki, bu işi qohumu Şəhriyar Abbasov edib. Özü isə sadəcə hadisəni bilib və məlumat verməyib: “Həmin puldan Şəhriyar da götürdü”.

Rəsmi məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edən Mədinə Rzayeva (ad və soyad şərti) “İnstaqram” sosial şəbəkəsində tanış olduğu kişinin onu şantaj etdiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Füzuli rayon sakini S.İsmayılzadə və qohumu Ş.Abbasov zərərçəkmişdən 2000 manat alan zaman saxlanılaraq məsuliyyətə cəlb edilib. İttihama görə, həmin şəxslər qadından ümumilikdən 13 min manata yaxın pul alıb.

İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin barəsində Cinayət Məcəlləsinin 182.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən hədə-qorxu yolu ilə tələb etmə) maddəsi ilə ittiham irəli sürülüb.