Niyazi Mehdi Hikmət Hacızadədən yazdı: Hamı üçün “ərköyün bala”…backend

Niyazi Mehdi Hikmət Hacızadədən yazdı: Hamı üçün “ərköyün bala”…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Hikmət aramsız şaka yapan adamlardan deyildi. Ancaq hər dəfə dost-tanış qənşərində peyda olanda hamının üzünə işıq gəlirdi və hamı danışanda ona üz tuturdu, sanki onun üçün danışırdı, hamı ondan söz gözləyirdi.
AXC-də Hikmətin parodik pyesi (“Vergül”. – red.) yayılıb cəbhəçiləri şənləndirmişdi, bəlkə də onun şən adam orealı bundan yaranmışdı. Sonralarsa onun duzlu-aforistik deyimləri bu oreolu itməyə qoymamışdı. Bir dəfə Müsavatın Divanında Keçid dövrü haqqında dartışma düşəndə Hikmət qayıtmışdı ki, Keçid dövrü Pənah Hüseyn türmədən çıxan gün bitdi. Əski Baş nazir türmədən çıxanda hamı onu sevincək qarşılayanda Hikmət bəlkə də onu cəbhə hakimiyyətinin çökməsinin baiskarlarından saydığından onu sancan sözlər deyirdi və maraqlıdır ki, cavabında Pənah bəy ona qəzəblənmirdi, elə bil sözlərini eşitmirdi. Eyni ilə Hikmət Elçibəyə, İsa Qəmbərə də «rəhm etməzdi» – hamı üçün elə bil Hikmət “ərköyün bala” idi, düşündüynü üzə deyirdi və heç kimdə bu, kin-küdurət oyatmırdı. Nədən? Axı siyasi camiədə heç kim heç kəsə onu sancan sözü, tənqidi bağışlamırdı. Hikmətəsə bağışlayırdılar və o, Lari Kinq kimi aşırmalı şalvarda evdən çıxıb siyasi camiədə peyda olanda bu görünüş də ona sataşmaq üçün bəhanə vermirdi. Nədən qayış yox, aşırma taxdığını soruşanda mənə demişdi ki, qayış xəstə mədəsini sıxır, ona görə. Onun mədəsində yara olmasını hamımız bilirdik, təxminən 10-15 il bundan qabaq mədə xəstəliyi ilə bağlı yaxşı dərmanlar çıxanda Hikmətin də sağlamlığının zəif yeri söhbətimizdə aktuallığını itirdi. İki-üç il qabaq onun ürəyində ciddi problem yarananda sağlamlığı yenə dostlarında narahatlıq doğurdu. Ürəyinin damarını açmaq məsələsi ortaya çıxdı, Hikmət isə elə hey araşdırma aparırdı ki, haçan və hansı cərrahda əməliyyata razı olsun. Biz qəfil eşidəndə ki, axır ki o uğurla əməliyyat edilib, rahat nəfəs aldıq. Hikmətsə ləzzətlə hamımıza necə vəsiyyət edib cərrah masasına getməsini danışırdı. Çox mutlu idi. Cərraha getməzdən qabaq evdə pultu necə işlətməyi başa salmasını, nəyin harada olmasnı deməsini elə ləzzətlə danışırdı ki, bu ləzzəti bizə də keçirdi. Adamlar, adətən, sovuşmuş təhlükədən belə ləzzətlə danışırlar. Bu danışığından görünürdü ki, Hikmət də əməliyyatöncəsi stressi yaşamışdı.
*
Hikmətin qovğa ilə mübahisə etdiyi adamlar tək-tük idi və onlar bir nəsnəyə mat qalırdılar (bir ara bu reaksiyanı mən də bölüşürdüm): adam necə demokrat ola bilər, əgər başqasının düşüncəsinə bu qədər dözümsüzdür?! Ancaq görəndə ki bəzi başqa adamlar da bu təəccübü bildirirlər, mən deməyi tərgitdim ki, Hikmətlə bağlı təkrarçılıq olmasın. Sonralar isə Hikmətin bu xasiyyətini düşünəndə məndə bir düstur formalaşdı: kiminsə axmaq sözü deməyə, hərəkəti etməyə haqqını tanımaq onları bəyənmək deyil. Hikmət başqasının söz özgürlüyünü tanıyırdı lap Volter kimi, Voltersə demişdi: siz axmaq şeylər deyrsiniz, ancaq bunları deyə bilmək haqqınızın olması üçün həyatımdan keçərəm. Hikmət hər kəsin düşüncə, söz azadlığını tanıyırdı, ancaq bu, onun axmaq sözləri, fikirləri bəyənməsi demək deyildi. Bu üzdən adama «axmaq şey dedin» deyə bilərdi. Ancaq ağıllı düşüncələr arasında mübahisəli gərginlik yarananda onun sevdiyi kəlmə buydu: gəl müzakirə edək (davay obsudim). Hikmətin bu xasiyyəti görkəmli düşüncə adamı Rəhman Bədəlovun diqqətindən yan keçməmişdi. FB postunda Hikmətin ölümü üstünə yazmışdı: o həmişə düşündüyünü adamın üzünə deyən idi. O düz, vicdanlı adam idi…