Tribuna İnformasiya Agentliyi

Nikaha məcbur edilən 17 yaşlı qızın faciəsi – Çıxış yolu nədir?

02 Avqust

Zaqatalanın Əliabad qəsəbəsində 17 yaşlı Gülər İsmayılovanın özünü asaraq intihar etməsi geniş müzakirələrə səbəb olub. Gənc qızın ölümü ilə bağlı müxtəlif versiyalar irəli sürülür, intihar olayına görə onun valideynləri ittiham edilir. İddialara əsasən, G.İsmayılova ailəsi tərəfindən məcburi nikaha cəlb edilməsinə etiraz olaraq canına qəsd edib.
BMT-nin Qadınlara Qarşı Ayrı-Seçkiliyin Aradan Qaldırılması üzrə Komitəsinin üzvü Elgün Səfərov Azvision.az -a açıqlamasında bildirib ki, uşaqları nikaha məcbur etmə cinayət və qanun pozuntusudur.

Onun sözlərinə görə, cəmiyyətdə dərk edilməlidir ki, uşaqları məcburi nikaha cəlb etmək olmaz: “Bu, bütün dünya ölkələrində qanun pozuntusu hesab edilir. Azərbaycanda nikah yaşının bir yaş aşağı salınması xüsusi şərtlər əsasında ola bilər və hər bir şəxsə şamil edilə bilməz. Azərbaycan BMT və digər beynəlxalq təşkilatların üzvüdür. Bu sahədə kifayət qədər qanunvericilik aktları var. Bundan əlavə, Cinayət Məcəlləsinə uşaqları məcburi nikaha cəlb etməyə görə 176-1 -ci maddə əlavə edilib. Burada uşaqları məcburi nikaha cəlb etməyə görə məsuliyyət növü kimi 4 min manat cərimə tətbiq edilir və ya 4 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Maddədə cinayət məsuluyyətinə cəlb ediləcək subyekt kimi fərd göstərilmir. Bu, qohum, valideyn, tanımadığı şəxs də ola bilər”.

E.Səfərov qeyd edib ki, sözügedən maddə Cinayət Məcəlləsinə 2012-ci ildə salınsa da, indiyə qədər heç bir məhkəmə qərarı çərçivəsində, cinayət işində öz əksini tapmayıb.

“Elə ölkə yoxdur ki, orada uşaqları məcburi nikaha cəlb etmə olmasın. Regionda – İran, Türkiyə, Rusiya, Ermənistan və Gürcüstanla müqayisədə Azərbaycanda bu problemlər qat-qat aşağıdır. Lakin mətbuatda qaldırılan məsələlərə baxsaq və araşdırılan işlərə nəzər yetirsək, cinayət işinin açılması faktı olmayıb. Dövlət qulluqçularının, hakimlərin, məhkəmə işçilərin, hüquq- mühafizə orqanlarının nümayəndələrinin bu maddənin tətbiqi ilə bağlı təlimatlandırma prosesi davam etdirilməlidir. 176-1-ci maddə tətbiq edilməlidir. Çoxları cinayət işi açanda Cinayət Məcəlləsinin 125-ci maddəsi (özünü öldürmə həddinə çatdırma) ilə işə baxırlar. Lakin təsdiqini tapan hallarda, uşaq məcburi nikaha cəlb edilibsə, o zaman bir neçə maddə tətbiq edilməlidir”.

E.Səfərov əlavə edib ki, Zaqatalada baş verən hadisənin hansı səbəbdən baş verdiyini demək tezdir: “Prokurorluğun rəyi bildirildikdən sonra məhkəmə tərəfindən yaxın vaxtlarda qərar qəbul ediləcək. Yaxın bir həftə ərzində real məlumatlar üzə çıxacaq və faktla bağlı təqsirkar bilinəcək”.