Nigara vida…backend

Nigara vida…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Şahanə Müşfiq
Səninlə ilk görüşümüzü indiki kimi xatırlayıram… Elə sonrakıları da…
2016-cı ilin noyabr ayı idi. Redaktor kimi çalışdığım onlayn TV-Radioda müəllifi və aparıcısı olduğum ədəbi proqram cəmi bir neçə həftə idi yayımlanırdı. Bir gün iş yoldaşım Nigar İsmayılqızı adlı bir jurnalist xanımın yeni sənədli film çəkdiyini dedi. “Ölsəm…yaşat” adlı film aprel döyüşləri şəhidi Əbdülməcid Axundova həsr olunmuşdu. Materialları toplayandan sonra növbəti verilişə filmin ssenari müəllifini və şəhidin anası Ceyran xanımı dəvət etdik…
İlk dəfə onda tanımışdım səni, Nigar. Hələ telefon danışığımızdan məni necə gülərüz, mehriban, savadlı bir insanla tanışlıq gözlədiyini hiss etmişdim. Gözlədiyimdən daha da artıq oldu. Elə ilk dəqiqələrdən bir-birimizə elə isnişdik, sözümüz-söhbətimiz elə yaxşı tutdu ki, sanki illərdir tanış imişik, rəfiqə imişik. Elə buna görə də sonralar əlaqəmiz heç itmədi. Sən məndən həm yaşda, həm də təcrübədə böyük idin. Ona görə də məni yenicə başladığım bu yolda – jurnalistika sahəsində həmişə dəstəkləyirdin.
Elə “həmişə” deyirəm ki… Axı elə də uzun olmadı bizim dostluğumuz. Türkiyədə yaşadığından çox görüşə bilmədik, amma elə hey sosial mediadan əlaqə saxladıq, bir-birimizin uğuruna sevindik, bir-birimizi ruhlandırdıq. Əsas da sən məni…
Neyləyək ki, ünsiyyətimizin heç iki ili də tamam olmamış, zalım əcəl səni alıb apardı. Cəmi bircə ayın içində.
“525-ci qəzet”də işə başladığımı eşidəndə də sevinmişdin. “Əsl yerini tapmısan. “525” dəyərdir” – demişdin. Keçən il də müsahibəmiz yayımlanmışdı elə bu səhifələrin birində. Heç o müsahibənin də bir yaşı tamam olmadı, ay Nigar!
Amma sənin 34 yaşın tamam oldu. Özü də ölümündən bircə gün qabaq.
Sənin xəstəliyini eşidəndən yazırdıq, deyirdik, yanına gəlməyə tələsirdik. Həmkarımız Hacıbəy Heydərli ilə əlaqə saxlayır, hey maraqlanırdıq. Hacıbəyə gələcəyimi də demişdim. O isə sentyabrın 13-nə – sənin doğum gününə açılan səhərin gecəsində ömrümün sonuna kimi unutmayacağım o sözləri yazdı: “Əgər Nigarı görmək istəyirsinizsə, səhər tezdən gedin görün, hər saniyə son ola bilər!”
Onu oxuduğum andan sonrakı neçə saat yerdə, yoxsa göydə olduğumu, nə etdiyimi, nə yeyib, nə içdiyimi bilmədim. Səhər gələ bilməmişdim, amma axşamına özümü çatdırdım sənə. Elə qorxurdum ki, xəstəxanaya çatanda “gecikmisiniz” sözünü eşitməkdən. Hiss edirdim, bilirdim ki, səni son dəfə görməyə gəlirəm. Ona görə elə bil ilahi bir qüvvə məni itələyirdi, daha da tez sənə çatdırmağa çalışırdı. İşdən xəstəxanaya kimi olan məsafəni necə gəldiyimi bilmirəm, bir bildiyim odur ki, ayaqlarımla gəlmədim mən, əlavə qanadlarım da vardı sanki.
Sadiq dostların, həmkarların xəstəxananın həyətində sənə keşik çəkirdilər. İlkin məlumatları onlardan aldım. Hamısının gözündə kədər, dilində isə “Allaha təvəkkül” sözləri asılıb qalmışdı. Mənsə, qəbul etmirdim, edə bilmirdim bəlkə də. Etiraf edim ki, səni bu cür görəcəyimi ağlıma belə gətirmirdim. İnsan tanıdığı, sevdiyi adama yaraşdırmır axı ölümü, acını. Məndə də durum o cür idi. Amma həmin gün öz gözlərimlə gördüm. “Nigar, yanındayıq. Qorxma. Dualarımızdasan, sağalacaqsan” dedim, amma ilk dəfə idi acizliyimi iliklərimə qədər hiss edirdim. Sənin gücünü ən son damlasına qədər toplayıb “Amin” deyişin gözümün önündən getmir. Heç beş dəqiqə yanında qala bilmədim, özümü dəhlizdəki açıq pəncərənin önünə güclə çatdırdım. Hər kəsdən aman diləyən gözlərin nəfəsimi kəsmişdi.
Yarı canımı orda, sənin yanındaca qoyub gəldim. Nə olur olsun, sabah yenidən gedib görəcəyəm Nigarı deyirdim. Ümidli idim, inanırdım ki, bacaracaqsan, gözləyəcəksən və mən səni yenə də görə biləcəyəm. Amma olmadı, o zəhrimar hüceyrələr səni bizdən çox sevdi, elə böyük sürətlə daraşdılar ki, canına, başımızı itirdik, səni əllərindən necə alacağımızı bilmədik, çaşdıq hamımız.
Əminəm, əgər sən olsaydın, çaşmazdın, hamımıza təsəlli verər, hamımızı yaxşı olacağına inadırardın.
Neçə gündür Allan Kardekin “Ruhlarla söhbət” kitabını oxuyuram. Fransız yazıçı bu kitabı ilə insanlara Tanrını anladır, əbədi həyatı başa salır, sanki ölümə hazırlayır. Onu oxuduqca ölüm gözümdə adiləşməyə başlayırdı. Onun son olmadığını bir daha öyrənir, bu öyrəndiyimə bir daha inanırdım. Amma sanki Tanrı mənim bu inamımı sınamaq üçün sənə bu xəstəliyi göndərdi. Mənim o kitabdan öyrəndiklərimin ilk imtahanı səninlə olacaqmış, bilmirdim, gülərüzlüm!
Səni tanıdığım gündən hey işləyir, hansısa yeni ideyalar, yeni layihələr üzərində çalışırdın. Dayanmırdın, bezmirdin, yorulmurdun. Amma sən gözlərini yumarkən anan “yorulmuşdu” deyibmiş…
“Ölsəm…yaşat” sözləri tanıtdı bizi bir-birimizə. Səni kitabların, layihələrin, filmlərin və biz dostlarının, ailənin sevgisi daim yaşadacaq, əmin ol! Sən bizə çox, lap çox lazım idin, amma görünür, göylərə bizdən daha çox lazım imişsən! Sən bu 34 ilə kəmiyyətcə az, keyfiyyətcə çox böyük bir ömür yerləşdirdin! Məkanın cənnət olsun, mələk qız!