Nəsimidə Zəfər bağı və xatirə kompleksinin açılışı oldu – Fotolarbackend

Nəsimidə Zəfər bağı və xatirə kompleksinin açılışı oldu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda Zəfər bağının və Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışı olub. “Qafqazinfo” xəbər verir ki, 8 noyabr – Zəfər günü münasibəti ilə ümumi sahəsi 1 ha-dan artıq ərazini əhatə edən Zəfər bağının açılış mərasimi keçirilib.

Hazırlanmış layihəyə uyğun olaraq ərazidə geniş miqyaslı abadlıq, quruculuq və yenidənqurma işləri aparılıb, 1200 kv. metr əraziyə tamet daşları döşənilib, işıqlandırma sistemi yenilənib, işıq dirəkləri quraşdırılıb, 1500 kv. metrdən artıq əraziyə qazon döşənilib, mövcud yaşıllıqlar bərpa edilib, həmişəyaşıl ağaclar və mövsümi gül-çiçəklər əkilib, yeni oturacaqlar quraşdırılıb.

Həmçinin Zəfər bağının ərazisində Azərbaycanın tarixinə qızıl hərflər ilə yazılmış 44 günlük Vətən müharibəsində ölkəmizin ərazi bütövlüyünün bərpası, torpaqlarımızın otuz illik işğaldan azad olunması uğrunda canlarını qurban vermiş Nəsimi rayon şəhidlərinin əziz xatirəsinə həsr olunmuş xatirə kompleksinin açılışı olub.

Zəfər bağının və xatirə kompleksinin açılışında rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Vətən müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən müharibəsi qaziləri, rayonun ərazisində fəaliyyət göstərən idarə, təşkilatların rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bildirib ki, ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi: “Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı. Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında tariximizin ən şərəfli günlərini yaşayan respublikamız bütün dünyada qalib dövlət, xalqımız isə məğrur xalq kimi tanınır. Bir daha sübut olundu ki, güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir”.