Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş stolüstü yarışlar keçirilibbackend

Nəsimi rayonunda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə həsr olunmuş stolüstü yarışlar keçirilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanda şəhid ailələri və qazilərə xüsusi diqqət və qayğı göstərilir. Bu, Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin tərkib hissəsidir. Dövlət şəhid ailələri və qaziləri hər cür şəraiti olan mənzillərlə, tibbi göstəriş və ehtiyacı olanları minik avtomobilləri ilə təmin edir. Onlara güzəştli şərtlərlə torpaq, kreditlər verilir, işə qəbulda kvotalar ayrılıb. Övladlarının təhsil xərcləri dövlət tərəfindən qarşılanır. Pensiya və müavinətləri respublika üzrə orta pensiya və müavinətdən yüksək müəyyənləşdirilib. Bundan əlavə, onlar üçün Prezident təqaüdü müəyyən olunub. Bu, Azərbaycanda istər Birinci, istərsə də İkinci Qarabağ müharibələri şəhidlərinin ailələrinə və qazilərə dövlətin xüsusi diqqətinin nəticəsidir. Cəmiyyətdə də o insanlara həmişə böyük ehtiram və diqqət göstərilir.

Vətən müharibəsi əlillərinin və veteranların asudə vaxtının səmərəli təşkil edilməsi ilə əlaqədar Nəsimi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində yerləşən “Zəfər bağı”nda Vətən müharibəsində şəhid olanların əziz xatirəsinə həsr olunmuş Vətən müharibəsi əlliləri və veteranlarının iştirakı ilə stolüstü yarışlar keçirilib.

Rayon icra hakimiyyətindən  bildiriblər ki, əvvəlcə yarış iştirakçıları Nəsimi rayon şəhidlərinin xatirə kompleksinin önünə gül dəstələri qoyub, ehtiramlarını bildiriblər.

Nəsimi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva Vətən müharibəsində əlil olanlara, veteranlara, xüsusən də şəhid ailələrinə dövlət dəstəyinin daim göstərildiyini vurğulayıb, rayon rəhbərliyinin əlillər, veteranlar və şəhid ailələri ilə sıx əlaqədə olduğunu, onların gündəlik problemlərinin həlli istiqamətində müvafiq işlərin görüldüyünü bildirib.

Keçirilən yarışlarda şahmat üzrə Alik Yusifov I yeri, Kamal Quluzadə II yeri, Nurlan Nəzərov III yeri, dama üzrə Əkbər İsmayılov I yeri, Kənan Kərimli II yeri, Elvin Qasımov III yeri, nərd üzrə Rauf Nəzərov I yeri, Elnur Cənnətov II yeri, Kənan İbrahimov III yeri qazanıblar. Qaliblərə diplom, medal və hədiyyələr təqdim olunub. Digər iştirakçılar isə diplomlarla təltif olunublar.

Yarışın sonunda çay süfrəsi arxasında əlilləri narahat edən məsələlərə aydınlıq gətirilib.