Nəsimi rayonunda təhsil ilinə hazırlıq müzakirə olundu – Fotolarbackend

Nəsimi rayonunda təhsil ilinə hazırlıq müzakirə olundu – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəsimi rayonunda 2020/2021-ci tədris ilinin yekunları və 2021/2022-ci tədris ilinə hazırlığın vəziyyəti müzakirə edilib.

Nəsimi rayonunda təhsilin səviyyəsi, orta məktəblərdə şagirdlərin normal təhsili üçün hər cür şəraitin yaradılması, məktəblərin maddi-texniki bazalarının vəziyyəti daim diqqət mərkəzində saxlanılır. Rayonda 8 ali, 26 tam orta, 1 xüsusi məktəb, 2 musiqi məktəbi və 33 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

2020/2021-ci tədris ilində rayonun orta məktəblərini 1468 nəfər şagird bitirmiş, onlardan 1078 nəfəri tələbə adını qazanmışdır. Qəbul imtahanlarında abituriyentlərdən 35 nəfəri 600-dən, 5 nəfəri isə 650-dən çox bal toplamışdır. Məzunlardan 245 nəfəri xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuşlar. 2020/2021-ci təhsil ilinin yekunlarına görə Nəsimi rayonu üzrə 2 məzun qızıl medala layiq görülmüşdür.

Nəsimi rayon İcra Hakmiyyətində xüsusi karantin rejiminin tələblərinə riayət olunmaqla keçirilən rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın geniş tərkibli iclasında rayonda 2020/2021-ci tədris ilinin yekunları və yeni təhsil ilinə hazırlığın vəziyyəti müzakirə olunub. Tədbirdə çıxış edən Nəsimi Rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov ali məktəblərə qəbul imtahanlarının uğurla başa çatdığını qeyd edərək tələbə adını qazanan bütün məzunları, onların valideynlərini və müəllimlərini təbrik edərək bildirdi ki, Ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində əsasını qoyduğu təhsil strategiyası ölkəmizdə milli köklərə bağlı, yeni təfəkkürlü və təhsilli gənc kadrların yetişdirilməsinə hesablanıb. Təhsilin millətin taleyi üçün misilsiz əhəmiyyət daşıdığını hər zaman vurğulayan Ulu öndər Heydər Əliyev öz fəaliyyəti illərində bu sahəyə çox böyük diqqət və qayğı göstərmişdir.

Asif Əsgərov daha sonra bildirdi ki, Ümummilli Liderin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkəmizdə təhsilə olan diqqət və qayğı göz qabağındadır. Son illərdə ölkədə yeni məktəb binalarının tikintisi və köhnələrin əsaslı təmiri böyük vüsət almışdır. Tədris prosesində gənclərimiz ən qabaqcıl texnologiyalardan, distant təhsil imkanlarından istifadə edirlər, ölkənin hər guşəsində şagirdlərin istifadəsinə müasir məktəb binaları, tədris avadanlıqları, sürətli internetə çıxışı olan kompüterlər, elektron lövhələr, zəngin fonda malik kitabxanalar, laboratoriyalar və idman zalları verilib. Yaradılan şərait artıq öz bəhrəsini göstərməkdədir. Ümumtəhsil məktəblərini bitirən gənclər ali, ali hərbi və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərir, ixtisaslı kadr kimi yetişərək ölkəmizin inkişafında, həyata keçirilən quruculuq tədbirlərində yaxından iştirak edirlər. Asif Əsgərov bildirdi ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətində təhsil sisteminin qabaqcıl dünya standartları əsasında təkmilləşdirilməsi xüsusi yer tutur.

Daha sonra 3 təhsil müəssisəsinə – 16 saylı Texniki Humanitar Liseyə, 247 saylı tam orta məktəbə və Texniki Humanitar Liseyə yeni təyinat alan direktorlar tədbir iştirakçılarına təqdim olundu.

Tədbirdə 16 saylı Texniki Humanitar Liseyinin direktoru Ülviyyə İsmayılova və 247 nömrəli məktəbin direktoru Sitarə Abbasova çıxış edərək bildirdilər ki, bu gün ölkəmizdə davamlı inkişaf və sabitliklə yanaşı, həm də sağlam mənəvi mühit formalaşıb,məktəblilər milli ruhda tərbiyə olunur, yüksək diqqət və qayğı əhatəsində əsl vətəndaş kimi yetişirlər.

Natiqlər təhsilə göstərdikləri diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycanın Respublikasının Birinci vitse -prezidenti Mehriban xanım Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Tədbirdə 54 saylı tam orta məktəbin məzunu 658 bal toplamış Lalə Nuriyevə çıxış edərək göstərilən diqqət və qayğıya görə məzunlar adından öz minnətdarlığını bildirmişdir.

Tədbirin sonunda Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən qəbul imtahanlarında yüksək nəticələr göstərmiş məzunlara qiymətli hədiyyələr, həmçinin təhsildə fərqlənən və rayon ərazisində yaşayan sosial qayğıya ehiyacı olan ailələrdən olan 300 nəfərdən artıq şagirdə məktəbli forması təqdim edilmişdir.