Nəsimi rayonunda orden və medalların təqdimetmə mərasimi keçirildi – Fotolarbackend

Nəsimi rayonunda orden və medalların təqdimetmə mərasimi keçirildi – Fotolar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

26 İyun- Silahlı Qüvvələr Günü münasibətilə, Nəsimi rayon İcra Hakimiyyəti Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nəsimi rayon İdarəsi ilə birgə, rayonun Vaqif prospekti və S.Vurğun küçəsinin kəsişməsində yerləşən parkda (R.Zorge parkı), təntənəli tədbir keçirilib.

TİA.AZ xəbər verir ki, tədbirdə Prezidentin sərəncamlarına əsasən orden və medallarla təltif edilmiş Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi əlilləri və veteranlar iştirak ediblər.

Giriş sözü ilə mərasimi açıq elan edən rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov qeyd etdi ki, Müzəffər ordumuz 44 günlük Vətən müharibəsində böyük qəhrəmanlıq göstərərək işğal altında olan torpaqlarımızı mənfur düşməndən azad etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu qızıl hərflərlə zəfər tariximizə yeni səhifə yazdı.

Qeyd olunub ki, Vətən müharibəsi şəhid ailələrinin, əlillərin və iştirakçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlətimiz tərəfindən ardıcıl olaraq sistemli və davamlı tədbirlər həyata keçirilir.

Çıxış edən şəhid ailələrinin üzvləri və qazilər dövlət rəhbərliyinin hər zaman diqqət və qayğısını hiss etdiklərini, göstərilən diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya öz dərin minnətdarlıqlarını bildirdilər.

Orden və medallarla təltif olunmuş Vətən Müharibəsi şəhidlərinin ailə üzvləri, Vətən Müharibəsi əlilləri və veteranlarına orden və medallar təqdim olunduqdan sonra, təntənəli mərasim bədii hissə ilə davam etdirilib.