Nərminin işində İlkin Süleymanov dəhşətli faktları açdı: Həmin gecə səhərə qədər…backend

Nərminin işində İlkin Süleymanov dəhşətli faktları açdı: Həmin gecə səhərə qədər…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
TİA.AZ “Teleqraf.com”-a istinadla xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyi ilə baş tutan prosesdə İlkin Süleymanovun yaşadığı evlə üzbəüzdəki mağazanın satıcısı Şamil Vəliyev ifadə verib.
O bildirib ki, ibtidai istintaq zamanı ondan İlkin Süleymanovun əleyhinə ifadə almağa cəhd göstəriblər: “Məndən tələb edirdilər deyim ki, Nərmin itkin olduğu dövrdə İlkin məndən “pampers” alıb. Dedim ki, axı heç o mağazada “pampers” satmıram, necə deyim? Tələb edirdilər ki, de, görən olub”.
Şamil Vəliyevin sözlərinə görə, İlkin Süleymanovu sakit təbiətli biri kimi tanıyıb: “Bu gün də kənddə yaşayanlar, o cümlədən özüm bu cinayəti İlkinin törətdiyinə inanmırıq. Heç kiminlə işi yox idi. Gündə 3-4 dəfə qapıya çıxıb siqaret çəkərdi, evə girərdi. Bacısı müəllimdir, o evə yanına hazırlaşmaq üçün hər gün nə qədər uşaqlar gəlir. Yəni evlərində adam çox olur həmişə”.
Qeyd edib ki, meyit yandırılan yer Süleymanovların evinin qarşısında (maşın yolu ayırır), mağazanın isə yan hissəsində yerləşir. Hadisə vaxtı – 2020-ci il yanvarın 6-da axşam saat 20.00-da mağaza bağlı olub. Şamil Vəliyev deyib ki, qonşu kəndə qayınanasıgilə gediblər, həmin gün mağazanı bir qədər tez bağlayıb: “Buna baxmayaraq, yanvarın 7-də axşam saat 22.00-da məni də Tovuz rayon polis şöbəsinə aparıblar, bir də yanvarın 9-da, səhər saat 7-də buraxdılar. Yanvarın 7-dən 8-nə keçən gecə İlkinlə eyni kamerada saxlanılmışam. Lakin 8-də gecə İlkini kamerada qandallayaraq apardılar”.
İlkin Süleymanov deyib ki, həmin gecədən başlayaraq, ona dözülməz işgəncələr verilib və nəticədə, yanvarın 10-na keçən gecə uşağı oğurlayıb öldürməsi barədə ondan tələb olunan ifadəyə imza atıb.
Şamil Vəliyev deyib ki, hadisə vaxtı mağazada müşahidə kamerası olmayıb və amma şöbədən buraxılandan dərhal sonra mağazaya kamera quraşdırıb.
Şamil Vəliyevin sözlərinə görə, hadisədən bir müddət sonra kamera Nərminin yaxınlarının Süleymanovların evinə hücum etməsini qeydə alıb: “Amma hadisədən sonra mağazaya gələn polislər məndən kameranın yaddaş hissəsini tələb edərək, apardılar. Təxminən 3-4 saat sonra qaytardılar. Mənim başım çıxmır, bu işi biləndən xahiş elədim, gəlib yenidən quraşdırdı. Bilmədim ki, oradan nəyi siliblər”.
Şamil Vəliyev əlavə edib ki, Tovuz rayon polis şöbəsində üç ay onun özünü də incidiblər.
Daha sonra Tovuz rayon polis şöbəsinin əməliyyatçıları Turqut Rəhimli, Azər Məmmədov, Post-Patrul Bölüyünün serjantı Vasif İsmayılov da dindirilib. Onlar bildirib ki, yanvarın 10-da İlkin Süleymanovun cinayəti törətməsi etirafından sonra onun hadisə yerinə aparılmasında iştirak ediblər.
Polislər iddia edib ki, Azər Məmmədovun avtomobilində İlkin Süleymanov onlara meyiti niyə yandırması, həyətlərində basdırmayıb, öz evlərinin qarşısına atmasının səbəbini izah edib.
Azər Məmmədov məhkəmədə belə ifadə verib: “Mən baş əməliyyat müvəkkiliyəm, marağıma görə ona sual verdim ki, niyə yandırdın? Dedi ki, ölünü yandırmaq günah deyil, dirini yandırmaq günahdır. Bildirdi ki, itlər axtarış zamanı gəlib tapa bilərdi deyə, ona görə öz bağımızda basdırmadım, ora atdım. Onu da dedi ki, uşağı kitab vermək adıyla aldadıb evə gətirib. Sonra bu işin səs-küyü qalxdığına görə qorxusundan buraxmayıb”.
Vəkillər baş əməliyyat müvəkkilinə sual verib ki, bəs o danışıqda İlkin Nərmini oğurlamasının səbəbini necə izah edib?
Azər Məmmədov bunun səbəbini soruşmadığını deyib.
Ondan sonra dindirilən ifadə verən polis nəfəri Vasif İsmayılov isə avtomobildə olduğu iddia edilən söhbət haqda başqa cür danışıb: “Dedi ki, təkbaşına quyu qaza bilməzdim, ona görə meyiti ora atdım”.
İlkin Süleymanov isə bildirib ki, hadisə yerində kamera ilə çəkiliş aparılarkən təzyiq altında uşağı kitab vermək adıyla aldatması, ölmüş insanın ağrı hiss etmədiyinə görə meyiti yandırması haqda ifadə verib.
İlkin Süleymanov deyib ki, amma avtomobildə belə söhbət olmayıb: “Yadındadır, məni sənin yanında qandallanmış vəziyyətdə üzüstə yerə yıxdılar. Əllərim qandallı, səhərə qədər dizüstə saxladılar, o vəziyyətdə yeriməyə vadar elədilər?”
Polis əməkdaşları isə İlkin Süleymanovun bu dediklərini təkzib ediblər. Onlar İlkin Süleymanovun yalan danışdığını, ona qarşı heç bir təzyiqin olmadığını bildiriblər.
Hazırda proses davam edir.
İttihama görə, 2019-cu il noyabrın 19-da itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti bu il yanvarın 6-da kənd ərazisində aşkar edilib.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində bu ağır cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, işləməyən, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.
İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.
İstintaq-əməliyyat qrupu tərəfindən İ.Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
İlkin Süleymanov şübhəli şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib.
İstintaq orqanı tərəfindən İlkin Süleymanovun barəsində Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə), 144.3 (adam oğurluğu), 145.3-cü (qanunsuz azadlıqdan məhrum etmə, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib.