“Nehrem Holdinq”dən aktual və nəcib təşəbbüsbackend

“Nehrem Holdinq”dən aktual və nəcib təşəbbüs

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

SOSİUM.az-ın növbəti qonağı Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) ilk üzvlərindən biri, “Nehrəm Holdinq”ın vitse-prezidenti, 6 kitabın, onlarla populyar mahnının sözlərinin müəllifi, tanınmış yazar Məhəbbbət İbrahimovadır.

Məhəbbət İbrahimova Azərbaycan Neft-Kimya İnsitututunu (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) Texnologiya ixtisası üzrə bitirib və bir müddət mühəndis kimi fəaliyyət göstərib. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya fakültəsində ikinci ali təhsil alıb. Yaradıcı fəaliyyətlə də məşğul olan M.İbrahimova 6 kitabın, yüzlərlə hekayə, povest və şerlərin müəllifidir. Tanınmış müğənnilərin ifa etdiyi onlarla bəstənin sözləri ona məxsusdur. 2005-ci ildən “Nehrəm Holdinq”ın vitse-prezidentidir. Hazırda sahibkarlıq fəaliyyəti ilə yanaşı, fəal ictimai fəaliyyətlə məşğuldur. Ailəlidir, 3 övladı var.

– Məhəbbət xanım, bu gün hər birimiz üçün aktual məsələ Qarabağ və yenə də Qarabağdır. Nəhayət 30 ildən sonra torpaqlarımız işğalından azad edilir, tarixi torpaqlarımıza qovuşuruq. Bu gün Şuşada, Cəbrayılda, Füzulidə, Qubadlıda, Zəngilanda və digər erməni terroristlərindən azad edilən rayonlarda Azərbaycan bayrağı dalğalanır. Keçirdiyiniz hissləri necə izah edərdiniz?

– Çox xoşbəxtəm! Uzun illərdir işğal altında olan torpaqlarımız geri qayıdır, azad olunur. Qafqazın incisi kimi qiymətləndirilən Şuşada bayrağımız dalğalanır. Bu tarixi günlərin şahidiyik. Şuşa, Qubadlı, Cəbrayıl, Füzuli, Zəngilan şəhərləri, yüzlərlə qəsəbə və kəndlərimiz işğaldan azad edildi. Düşmən təslim oldu. Bilirsiniz, razılaşma yolu ilə ermənilər qısa zaman ərzində Laçını, Kəlbəcəri, Ağdamı və digər yaşayış məntəqələrini də tərk edəcəklər. Dövlətimizin, prezidentimuzin apardığı uğurlu siyasət ermənini buna məcbur etdi. Əminəm ki, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan haqq işini zəfərlə tamamlayacaq. Əlbəttə, qazandığımız qələbə qəhrəman övladlarımızın, gənc igidləri uzun, şəhidlərimizin qanı hesabına əldə olundu. Bu çox ağırdır. Amma eyni zamanda bilirik ki, müharibə qurban tələb edir… Canlarını vətən uğrunda fəda edən şəhidlərimiz bu gün bizə qürur, qələbə hissini yaşadır. Sosial media hesablarımda yazmışdım ki, biz ağlamağımızı yox, fərəhimizi, uğurlarımızı paylaşmalı, yaymalı, tirajlamalıyıq. Düşmən bizim göz yaşlarımızı görməməlidir. Bilirsiniz ki, dövlətimiz cəbhədə döyüşən hər bir əsgərimizin, zabitimizin, o cümlədən onların ailələrinin yanındadır. Lazım olan hər bir dəstək göstərilir. Lakin bununla yanaşı, hər bir vətəndaş də bu müqəddəs işə öz töfhəsini verməlidir. “Nehrəm Holdinq” müharibənin başlandığı ilk günlərdən barrikadaların qurulması üçün cəbhə bölgəsinə 10 tırlarla təkər göndərdi. Ehtiyac olarsa bu missiyanı yenə də davam etdirəcəyik. Eyni zamanda əsgər ailələrinə dəstək məqsədilə hazırda 10 ailənin daimi ehtiyaclarını tam şəkildə üzərimizə götürmüşük. Gələcəkdə daha 10 ailənin də ehtiyaclarını qarşılamaq niyyətindəyəm. Bu bir aylıq, bir illik yox, daimi dəstək olacaq. Nə qədər ki, “Nehrəm Holdinq” işləyir, nə qədər ki, imkanım çatır, bu davam edəcək. Yeri gəlmişkən, mən bizi izləyənlər çağırış edib, imkanı olan hər kəsi bu nəcib təşəbbüsə qoşulmağa dəvət edirəm.

– Yaradıcı fəaliyyətlə də məşğulsunuz. Bildiyimiz qədər, yüzlərlə povest, hekayə və şerləriniz dərc olunub. Populyar müğənnilər sizin sözlərinizə musiqilər ifa edirlər. İstərdim bu barədə danışaq.

– Əslində mən ixtisasca ədəbiyyatçı deyiləm. Azərbaycan Neft-Kimya İnsitututunu Texnologiya, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Kimya-Biologiya ixtisası üzrə bitirmişəm. Necə oldu ki, ədəbiyyata gəldim?! Məlumat üçün deyim ki, Bakıda böyümüşəm və orta məktəbdə oxuyarkən görkəmli aktyorumuz Əliabbas Qədirovun rəhbərliyi ilə fəaliyyət göstərən dərnəyin üzvü olmuşam. O zamanlar istehsal müəssisələrində, zavodlarda və s. kiçik proqramlarla çıxış edirdik. Əliabbas müəllim həmişə mənə deyərdi ki, sənin istedadın var, bunu mütləq dəyərləndir. Bədii qiraətçi kimi ifa tərzim çox xoşuna gəlirdi. İlkin dövrlərdə yazdıqlarımı gizlədirdim. Bir gün rəfiqəmməndən xahiş etdi ki, ona şer söyləyim. Mən şeri söyləyəndən sonra onun müəllifi ilə maraqlandı. Deyəndə ki, mən yazmışam, inanmadı. Və yazdığım çoxlu sayda şeirlərimlə tanış olanda təkidlə bildirdi ki, sən bu istedadını gizlədə bilməzsən, buna mənəvi haqqın yoxdur. Mənim üçün əsas motivasiya məhz rəfiqəm Leyla oldu. Ardınca peşəkar ədəbi fəaliyyətlə məşğul olmağa başladım. Bu günə qədər 6 kitabım, povest, hekayə və şerlərim dərc edilib. Açığını desəm, müharibənin bitməsini gözləyirəm. Müharibə bitəndən sonra Xocalı faciəsi ilə bağlı yeni kitabım işıq üzü görəcək. Bəli, sizin də qeyd etdiyiniz kimi, şerlərimə bəstələnən nəğmələri ölkəmizin məşhur müğənniləri ifa edirlər. Bu sırada Röya Ayxan, Zülfiyyə Xanbabayeva, Xumar Qədimova, Nadir Qafarzadə, Eldəniz Məmmədov, İzzət Bağırov və digərləri yer alır.

– Sahibkarlıq fəaliyyətiniz barədə nə deyə bilərsiniz? Bi qadın, ana, ictimai fəal olaraq eyni zamanda biznes fəaliyyəti ilə məşğul olmaq çətin deyil ki? Bütün bu işlərin hamısına necə vaxt ayıra bilirsiniz?

– Deyirlər ki, qadınlar zəif cinsin nümayəndəsidir. Mən bu fikirlə qətiyyən razı deyiləm. Təcrübəmə əsasən deyə bilərəm ki, qadın qarşısına ən ağır məqsəd qoyanda belə, bunu sona qədər aparmağı bacarır. Heç şübhəsiz qadının arxasında güclü kişi dayanmalıdır. Bu mənada mən özümü xoşbəxt sayıram. Mənim dayağım həyat yoldaşımdır və həmişə ondan dəstək görmüşəm. Hər zaman onunla birlikdə addımlamışam. Bu gün oğlumuz da bizimlə birlikdədir, bu mənada ailə biznesi də demək olar. Mən oğluma hər zaman tövsiyyə edirəm ki, bütün fəaliyyətin boyunca, “Nehrəm Holdinq” mövcud olduğu qədər xeyriyyə işlərini davam etdirməlisən. O da mənə söz verib ki, bunu edəcək. Hazırda müxtəlif sahələrdə fəaliyyət göstəririk. Və bu məqama çox böyük yol keçərək, çox böyük zəhmət hesabına gəlmişik.

– Xeyriyyəçi kimi fəaliyyətiniz də maraqlıdır… Təbii ki, qadın, ana xeyriyyəçi obrazı daha çox diqqət çəkir.

– Mənim devizim belədir: kimin harada, nəyə ehtiyacı varsa, mən də ordayam. Çünki insan bölüşməyi bacarmalıdır. Xeyriyyəçilik fəaliyyəti ilə bağlı xüsusi sosial ayrı-seçkiliyim yoxdur. Bugünkü şəraitdə əsas diqqətim əsgər ailələrinə yönəlib və bayaq qeyd etdiyim kimi, bu fəaliyyət sona qədər davam edəcək. Eyni zamanda mənə müraciət edən, dəstək istəyən insanların əlini geri çevirməmişəm. Bacardığım qədər dəstək olmağa çalışmışam. Hətta olub ki, facebookda və digər sosial şəbəkələrdə kiminsə vəziyyətinin acınacaqlı olduğunu görüb, evinə qədər getmişəm. Əksər hallarda digər sahibkar rəfiqələrimi də bu prosesə cəlb etmişəm. Yəni, xeyriyyə təşkilatçılığı ilə də məşğul oluram. Fürsətdən istifadə edib demək istəyirəm ki, Azərbaycanda müasir qadın xeyriyyəçiliyin əsasını Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva qoyub. Mehriban xanım bizim üçün çox gözəl yol cızıb və bu gün ictimai fəal xanımlar olaraq bizlər də bu yolu davam etdiririk.

– AQSİA-nın fəal üzvüsünüz. Necə oldu ki, Assosiasiyaya gəldiniz? Və AQSİA ilə bağlı gələcək planlarınız nədən ibarətdir? Sizcə, Assosiasiyanın sahibkar xanımların fəaliyyətində rolu nədən ibarətdir?

– Yarandığı ilk gündən Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) üzvüyəm. Hesab edirəm ki, əslində, bu Assosiasiya çoxdan yaradılmalı idi. İqtisadiyyat Nazirliyinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) dəstəyi ilə təsis edilən Assosiasiya bu gün çoxsaylı uğurlu layihələr həyata keçirir. AQSİA nəinki xanım sahibkarlar, ümumiyyətlə qadınlar arasında uğurlu əməkdaşlıq platforması olmaqla yanaşı, həm də təcrübə mübadiləsi, birgə əməkdaşlıq baxımından olduqca faydalıdır. Bəzən bu iddialara rast gəlirik ki, Azərbaycanda qadın sahibkarların sayı azdır. Qabaqlar mən də bu fikirdəydim. Lakin AQSİA yaranandan sonra əmin oldum ki, bu belə deyil. Bu gün xeyli sayda xanım sahibkar AQSİA-da cəmləşib və onların sayı sürətlə artmaqdadır. Bizim AQSİA-dan gözləntilərimiz çox böyükdür.

– Bir sahibkar xanım, böyük bir şirkətin vitse-prezidenti olaraq sizcə, Azərbaycanda hansı biznes sahələri inkişaf etdirilməlidir? Təklifləriniz nədir?

– Hesab edirəm ki, aqrar sektorun inkişafına xüsusi diqqət ayrılmalıdır. Bəzən rayonlara səfərlər edərkən yolboyu münbit torpaqlardan səmərəli istifadə olunmaması halları ilə qarşılaşırıq. Sadəcə təəccüb edirəm ki, bu cür yararlı torpaqlar niyə əkilib-becərilmir?! Düşünürəm ki, qadınlar mətbəxə yaxından bələd olduğu və ehtiyac meyarlarını bildiyi üçün bu sahədə xanım əməyinə xüsusi yer verilməlidir. İmkan yaratmaq lazımdır ki, xanımlar bu sahə ilə fəal məşğul olsunlar. Bunun üçün dövlət proqramları qəbul olunmalı, təşviqat və maariflənmə işləri aparılmalıdır.

// Azər Niftiyev, SOSİUM.az