Tribuna İnformasiya Agentliyi

Neftçilərin axtarışına 3 helikopter cəlb olunub

16 Dekabr

Fövqəladə Hallar Nazirliyi (FHN) itkin düşən neftçilərin axtarışı ilə əlaqədar yeni məlumat yayıb. Fövqəladə Hallar Nazirliyi (FHN) itkin düşən neftçilərin axtarışı ilə əlaqədar yeni məlumat yayıb.

FHN-nin mətbuat xidmətindən TİA.AZ-a verilən məlumata görə, 2016-cı il dekabrın 15-də Xəzər dənizində “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsində yerləşən estakadanın dənizə uçması nəticəsində itkin düsmüş neftçilərin axtarışı davam etdirilir.

Hazırda Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin üç helikopteri, “Vixr-5”, “Vixr-8” və “Svetlomor-2” gəmiləri Xəzər dənizində axtarış işlərində iştirak edir. Bununla yanaşı, FHN-in Dövlət Sularda Xilasetmə Xidmətinin və Mülki müdafiə qoşunlarının şəxsi heyəti sahilboyu ərazilərdə axtarış işlərinə cəlb olunub.

Qeyd edək ki, ötən gün səhər saat 05:00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sağ və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

Hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.