“Neftçi” “Qarabağ”ı məğlub edib,Azərbaycan çempionu oldubackend

“Neftçi” “Qarabağ”ı məğlub edib,Azərbaycan çempionu oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə yekun vurulub.
XXVIII turun sonuncu matçında çempion komandanın adına aydınlıq gəlib.
Son turadək 57 xalla lider olan “Qarabağ” ondan bir xal az toplayan “Neftçi”nin qonağı olub.
“Dalğa Arena”dakı matç qarşılıqlı hücumlar şəraitində başlayıb. Ağdam təmsilçisi matçın əvvəlində topa nəzarət etməyə çalışıb. Paytaxt klubu isə əsasən rəqibini öz meydanında qəbul edib.
İlk hissənin sonlarına doğru komandalar təhlükəli vəziyyətlər yaratmağa başlayıblar. 36-cı dəqiqədə Patrik Andrade fürsətdən yaratlana bilməyib. 37-ci dəqiqədə Ömər Buludovun yaxın məsafədən iti bucaq altında zərbəsi qapının üstündən keçib.
Hissənin sonunda “Qarabağ”ın futbolçusu Patrik Andrade zədələnib. İkinci hissədə onun yerinə meydana Kvabena Ovusu daxil olub.
İlk yarı qolsuz yekunlaşıb.
İkinci hissə qarşılıqlı hücumlar şəraitində başlayıb. İkinci hissənin ortalarında “Qarabağ”dan Xayme Romero rəqibin cərimə meydançasında yerdə qalib, lakin baş hakim Elçin Məsiyev oyunu davam etdirib. 65-ci dəqiqədə Mahir Emrelinin başla zərbəsi çərçivəyə düşməyib.
Oyunun sonlarına doğru “Neftçi”nin baş məşqçisi Samir Abasov meydana daha 2 hücumçu – Mirabdulla Abbasov və Ahmed Ahmedovu buraxıb. Artıq hamı oyunun qolsuz yekunlaşacağını düşündüyü vaxt 90-cı dəqiqədə Ahmedov qələbə topuna imza atıb.
Bununla da xalını 59-a çatdıran “Neftçi” “Qarabağ”ın ardıcıl 7 mövsümlük çempionluğuna son qoyub və qızıl medallara yiyələnib. Bu, flaqmanın 9-cu çempionluğu olub.
“Neftçi” UEFA Çempionlar Liqasında iştirakı təmin edib. “Qarabağ” isə 2021/2022 mövsümündə Konfrans Liqasına qatılacaq.
“Ağ-qaralar”a qızıl medalları isə baş məşqçi karyerasında ilk dəfə Samir Abasov qazandırıb.