backend

Nə biləydim, ADAMIM…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nə biləydim axı… 

Nə biləydim axı…


Səni tanıyandan sonra ağlayacağam… Guya ağlamağım kəsmişdi, guya ağlamırdım?

Ağlayırdım… Sadəcə əvvəl ağlayırdım kədərdən, indi ağlayıram sevincdən…


Nə biləydim axı yazacağam son olaraq bu yazımı, sənə həsr etdiyim son yazı olacaqdır:


Sonrakı peşimançılıq verməz bir fayda,


Kaş ki, danışmazdın mənə bu qədər yalan…
Kaş ki, başlamazdı sevgi dediyin oyunların…


Kaş ki, itməzdin, arada salmazdın özünü yada…


Atama bənzətmişdim səni…  Bilirsən…


Atamı çox sevdiyimi bilirsən…


Sonra yanıldığımı anladım. Amm nə məyus oldum mən, nə də ki, təəccüb etdim…


Sadəcə ağladım sevindiyimdən…


Nə biləydim axı, sən də atam kimi elmli, savadlı, ağıllı olacaqsan…


Boyun atam kimi hündür olacaq…


Atam kimi şax duruşlu, dərin baxışlı olacaqsan…


Onun kimi xasiyyətcə mülayim, tolerant, demokratik, liberal…


Bilirsən, Adamım… Hər görüşməli olduğumuz gündə görüşə gəlməyəndə, ismarıc və zənglərimə cavab verməyəndə, susanda, ağlayırdım içimdə, sevindiyimdən… Bilirdim ki, boş vaxtım qalacaq özümə, mütaliə edəcəyəm, nəsə yazacağam, musiqi dinləyəcəyəm, ya da filmə baxacağam…


Bilirsən, Adamım… Hər dəfə sən itəndə, ağlayırdım, yenə də sevindiyimdən… Bilirdim ki, başqa dostlarımla görüşə biləcəyəm, evə gec gələcəyəm, dostlarımla deyib güləcəyəm, yeyib içəcəyəm, əylənəcəyəm, sən düşməyəcəksən yadıma, fikrim dağılacaq, dincələcəyəm… Anlayacağam ki, kiməsə lazımam, kimsə var yanımda, tənha deyiləm… Yeni bir görüş, yeni bir sevincdir mənim üçün… Yeni dost, yeni tanışlıq, yeni ünsiyyət yeni bir xilas üçün uzadılan əldir Yaradan tərəfindən…


Bilirsən, Adamım… Sənin mənə biganə baxışlarına, yalanlarına içimdə ağlayıram, sevindiyimdən… Anlayıram ki, yalanı doğrudan, sevgini biganəlikdən seçə bilirəm… Anlayıram ki, məni sevmirsən, yalan danışırsan, aldanmıram sənə, özümü aldatmıram…


Bilirsən, Adamım… Hər görüşdən sonra ağlayıram… Sevindiyimdən, mənə vaxt ayıra bilmisən deyə… Ağlayıram ki, az da olsa, sən danışdın, mən dinlədim… Ağlayıram ki, sən dinləmədin, mən danışmadım… Səni dinlədikcə, susdum… Sənə maraqlı olmadığımı anladığıma görə sevindiyimdən ağlayıram…


Bilirsən, Adamım… Mənə toxunmayanda sən, necə ağlayıram?! Sevinirəm ki, toxunmadın, toxunmağına möhtac deyiləm…

Bilirsən, Adamım… Getsən, məni tərk etsən, ayrılsan, sevindiyimdən ağlayacağam… Biləcəyəm ki, cəsarətli olmusan, güclənmisən, daha sənə lazım deyiləm, vaxtı gəlmişdir, mənim çoxdan qəbul etdiyim həqiqəti sənin də qəbul etməyinin vaxtı yetişmişdir.


Bilirsən, Adamım… Ağlayıram sevindiyimdən… Pisi qoyuram kənara, yaxşıya görə ağlayıram, az olsa da, vardır deyə…

Bilirsən, Adamım… Soyuq havada sən yanımda olmayanda üşüsəm də, ağlayıram sevincimdən, anlayıram ki, sən əslində yoxsan, heç nə dyişməyib, həyat davam edir, sənsiz yaşaya bilirəm, sənsizlikdən deyildir üşüməyim, özümü özümlə isidə biləcəyəm…


Bilirsən, Adamım… Ağlayıram, sən olmayanda, sən görməyəsən deyə, sevindiyimdən… İstəmirəm, düşünəsən kədərdən ağladığımı, peşiman olduğumu, xoşbəxt olmadığımı… Yanılmayasan deyə… Ağladığımı görüb içində sevinməyəsən deyə, yanında ağlamıram, ağlamaram da…


Nə biləydim axı… Sevincdən də hər gün bu qədər ağlamaq olar…