Tribuna İnformasiya Agentliyi

Nazir müavini vətəndaşlara xəstə heyvanların satılmasını təsdiqlədi: “Problem olanda dəyişdiririk”

27 Dekabr

Xəbər verdiyimiz kimi, sosial şəbəkələrdə və mətbuatda özünəməşğulluq proqramı çərçivəsində həyata keçirilən tədbirlərdən narazı olan vətəndaşların şikayətlərinə rast gəlinir. Vətəndaşlar onlara özünəməşğulluq proqramı çərçivəsində xəstə mal-qara verildiyini bildirərək həmin heyvanların fotolarını çəkib paylaşırlar.

TİA.AZ  xəbər verir ki, məsələ ilə bağlı Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev report-a müsahibə verib. Nazir dolayı yolla həqiqətən də dövlət adından vətəndaşa qısır, süd yanığı, dişsiz, şikəst, qotur heyvan verilməsini təsdiqləyib:

“Hər hansı bir problem olduqda biz problemi, səbəbləri ciddi şəkildə araşdırırıq. Bu il vətəndaşlara 21 minə yaxın mal-qara paylanılıb. Verilən mal-qara ilə bağlı hər hansı problem yarananda müvafiq aktivlərlə dəyişdirilib”.

Nazir müavini həmçinin qeyd edib ki, biz təchizatçı şirkətlə aktivlərin, əmlakların alınması və təhvil verilməsi ilə bağlı müqavilə bağlamışıq: “Hər bir özünəməşğulluğa cəlb edilən əməkdaşa bu aktivlər verilərkən keyfiyyəti nazirlik tərəfindən yoxlanılır. Maldarlıqla əlaqədar olanda isə biz bütün hallarda şirkətdən müvafiq baytarlıq arayışları tələb edirik. Vətəndaş aktivlərin keyfiyyəti ilə razı olmadığı halda həmin aktivlər dəyişdirilir. Heç bir halda kiməsə aktivlərin məcburi şəkildə verilməsi halı yoxdur. Bu sahədə bütün imkanlar yaradılıb, vətəndaşlar öz istəklərinə uyğun olaraq şirkət tərəfindən təklif olunan aktivləri seçməkdə sərbəstdir”.
Ümumiyətlə Azərbaycanda gerçəkləşdirilən özünüməşğulluq proqramı təqdirəlayiq olsa da, bəzi rüşvətxor, acgöz məmurların “səyi” nəticəsində bu işin normal gerçəkləşməsinə şərait yaradılmır. Dövlətin ayırdığı milyonları dolayı yolla mənimsəmək istəyən məmurlar dövlət adından vətəndaşa qısır, süd yanığı, dişsiz, şikəst, qotur heyvan verilməsindən çəkinmirlər.