Nazim Babayev: “Erməni atlet mənimlə rəqabətdə zəif oldu”backend

Nazim Babayev: “Erməni atlet mənimlə rəqabətdə zəif oldu”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Balkan çempionatı demək olar ki, bu il mənim ilk yarışım idi. Bundan öncə Fransanın paytaxtı Parisdəki yarışda uğursuzluqla üzləşmişdim. Oradakı arena şou xarakterli idi, standartlara cavab vermədiyi üçün yarışmaq mənim üçün həddindən artıq çətin idi. İstanbuldakı qapalı arena isə dünya standartlarına tam cavab verir. Orada dünya çempionatı da baş tutub”.

Bu fikirləri “Report”a açıqlamasında Türkiyənin İstanbul şəhərindəki Balkan çempionatında qızıl medal qazanan Nazim Babayev deyib. Üç təkanla tullanma yarışında fərqlənən 23 yaşlı idmançı bildirib ki, yarışda əsas məqsədi Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanmaqdan ibarət olub: “Təəssüf ki, bu dəfə də birbaşa lisenziya əldə edə bilmədim. Bunun üçün 17,14 metr nəticə tələb olunur. Amma buna çox yaxın idim. 16.92 m nəticə göstərdim. 5-ci və 6-cı cəhdlərim kiçik qayda pozuntularına görə qeydə alınmadı. “Foul” olan cəhdlərdə 17,20 metr və 17,30 metr tullana bildim. Əsas hədəfimiz Çindəki dünya çempionatı idi. Amma o da koronavirusa görə təxirə salındı. Keçən il ilk yarışımda 16.54 metr, indi isə 16,92 metr nəticə göstərdim. Bu da irəliləyişdən xəbər verir. Bu, hələ mənim pik formam deyil. Fevralın 19-da Fransanın Lyeven şəhərində, fevralın 21-də isə İspaniyanın paytaxtı Madriddə çıxış edəcəyəm. Madriddə olimpiada üçün reytinq xalları toplamaq mümkündür”.

Babayev Balkan çempionatında mübarizə apardığı Ermənistan təmsilçisi Levon Ağasyan barədə də fikirlərini bölüşüb. O, öncədən əsas hədəfinin qələbə qazanmaq olduğunu söyləyib: “Uduzmaq barədə heç düşünmürdim. Psixoloji cəhətdən də yaxşı hazırlaşmışdım və öz gücümə inanırdım. Erməni idmançı güclü rəqabət yaratsaydı, daha uzununa tullanardım. Amma məğlub olsaydım, çox pis olardım. Gümüş medal qazanan Ağasyan 23 yaşadək atletlər arasında Avropa çempionatında qalib olub. Şəxsi nəticəsi 17.08 metrdir. Keçən il özüm Avropa çempionu olana qədər onun göstəriciləri məndən yaxşı idi. İlk dəfədir ki, birgə yarışırdıq. Dünya səviyyəli, ciddi rəqiblər olanda özünü yaxşı hazırlamalısan. Onda isə bu, alınmır. Ciddi yarışlarda həmişə uduzur, finala da çıxa bilmir. Şəxsi nəticəsi normaldır. Mənimlə rəqabət aparmaq üçün göstərdiyi nəticə zəif oldu. Amma orta statistikaya əsasən nəticəsi normaldır. Növbəti yarışları bilmək olmur. Mən İstanbulda ilk cəhddə 16.66 metr, daha sonra isə 16.81 metr tullandım. Bu isə digər atletlərə kifayət qədər ciddi təsir göstərdi”.

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb.