Naxçıvana yeni baş nazir təyin edildi – FOTObackend

Naxçıvana yeni baş nazir təyin edildi – FOTO

Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin müvafiq qərarını imzalayıb.

Qeyd edək ki, bu gün Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ikinci sessiyası keçirilib. Sessiyada Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin edilməsi məsələsinə də baxılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu məsələ ilə əlaqədar deyib ki, Azərbaycan Respublikası Konstitusiyasının 140-cı maddəsinin II hissəsinə və Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 37-ci maddəsinə əsasən Naxçıvan Muxtar Respublikasının Baş nazirini Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən, Naxçıvan Muxtar Respublikasının Ali Məclisi təyin edir. Buna müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Naxçıvan Muxtar Respublikasının Baş naziri vəzifəsinə şəxsin namizədliyini Azərbaycan Respublikasının Prezidentinə təqdim edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasının Baş nazirinin təyin olunması barədə təqdimatı Ali Məclisə daxil olub.

Təklif səsə qoyulub və Səbuhi Hidayət oğlu Məmmədov Naxçıvan Muxtar Respublikasının Baş naziri təyin edilib.

Xatırladaq ki, Səbuhi Məmmədov bundan əvvəl Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini – maliyyə naziri vəzifəsində çalışıb.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
www.tia.az