Navalnıya görə ABŞ və Britaniyadan Rusiyaya kəskin etiraz – Sərt sanksiyalar qoyulacaqbackend

Navalnıya görə ABŞ və Britaniyadan Rusiyaya kəskin etiraz – Sərt sanksiyalar qoyulacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Britaniyanın baş naziri Boris Conson Aleksey Navalnının zəhərlənməsi üçün məsuliyyət daşıyanların cəzalandırılmasını təmin edəcəyini vəd edib. O Rusiyanın aparıcı müxalifət liderlərindən birinə qarşı kimyəvi silahdan istifadə olunmasını hiddət doğuran hadisə adlandırıb.

Baş nazir deyib ki, Rusiya hökuməti Navalnının başına nə gətirildiyini izah etməlidir.

Sentyabrın 2-də ABŞ milli təhlükəsizlik şurasının nümayəndəsi Con Ulliot Rusiyanı sinir sistemini iflic edən “Noviçok” maddəsindən dəfələrlə istifadədə ittiham edib. O bildirib ki, Navalnının zəhərlənməsi iştirakı olanlara qarşı sanksiyalar tətbiq ediləcək.

Almaniya hökuməti bildirir ki, Rusiya müxalifət lideri Aleksey Navalnının qan nümunələrinin analizi onun qanında “Noviçok” qrupundan olan sinir-iflic zəhərinin mövcudluğunu göstərib.

Almaniya kansleri Angela Merkelin sözçüsü Stefan Seybert sentyabrın 2-də bəyan edib ki, Almaniyanın xüsusi hərbi laboratoriyasında keçirilmiş analiz Navalnının qanında “Noviçok” qrupundan zəhərin mövcudluğunu aşkar edib.

Navalnı avqustun 20-də Sibirdən Moskvaya uçarkən yolda özünü pis hiss etmiş və təyyarə Omsk şəhərində təcili eniş etməli olmuşdu. Müxalifətçi Omsk xəstəxanasında iki gün qaldıqdan sonra Almaniyaya təxliyə edilmişdi. 44 yaşlı Navalnı hələ də Berlindəki “Charite” xəstəxanasının reanimasiya şöbəsində süni yaradılmış tibbi koma vəziyyətindədir.

Almaniya bildirib ki, son qan analizi nəticələri ilə bağlı Rusiyanın bu ölkədəki səfirindən izahat tələb edəcək.

Almaniya hökuməti bəyan edib ki, Aleksey Navalnının həyatına edilmiş sui-qəsdə ən qəti şəkildə etirazını bildirir və Moskvadan bu hadisə ilə bağlı təcili izahat tələb edir.

Rusiyanın “İnterfax” agentliyi bildirir ki, Moskva Almaniyanın səlahiyyətli orqanlarına məktub göndərib. Həmin məktubda deyilir ki, Omsk xəstəxanasının həkimləri Navalnıda karbohidrat mübadiləsinin pozuntusunu və pankreatit aşkar etmişdilər.

Berlindəki “Charité” xəstəxanasının həkimləri Navalnının müalicəsi ilə bağlı məsləhətləşmə keçirmək üçün Britaniya və Almaniyanın hərbi ekspertlərinə müraciət ediblər. Söhbət Münhendəki məxfi əczaçılıq və toksikologiya laboratotiriyasının və İngiltərənin Porton-Daun şəhərindəki Müdafiə Elmi və Texnikası Mərkəzinin əməkdaşlarından gedir.

Bundan əvvəl Almaniya Navalnının zəhərlənməsi hadisəsinə görə Rusiyaya sanksiyaların olacağını istisna etmədiyini bildirmişdi. Ötən həftə Almaniya kansleri Angela Merkel də Navalnı ətrafındakı vəziyyəti şərh etmişdi. Onun sözlərinə görə, daha çox aydınlıq olduqda rusiyalı müxalifətçinin zəhərlənməsinə bir dövlətin deyil, bütünlükdə Avropanın reaksiyası olacaq.

Amma Merkel bu reaksiyaların nədən ibarət olacağı ilə bağlı detalları açıqlamayıb. Böyük Britaniya Solsberi şəhərində Sergey və Yulya Skripallara qarşı sui-qəsddən sonra Avropa İttifaqıölkələri ümumilikdə 100-dən çox Rusiya diplomatını ölkədən çıxarmışdı. O zaman sui-qəsd cəhdində şübhəli bilinən Rusiya hərbi kəşfiyyatçılarına qarşı fərdi qaydada sanksiyalar tətbiq edilsə də bu sərt tədbirlər Avropa İttifaqı səviyyəsinə qalxmamışdı. (azadliq.org)