“NAVALNI ÖMÜRLÜK ƏLİL OLA BİLƏR…”- “Noviçok” zəhərini yaradanlardan biri danışdı…backend

“NAVALNI ÖMÜRLÜK ƏLİL OLA BİLƏR…”- “Noviçok” zəhərini yaradanlardan biri danışdı…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verildiyi kimi Almaniya Müdafiə Nazirliyinin məxfi labaratoriyası Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi üçün “Noviçok” qrupundan olan hərbi təyinatlı kimyəvi zəhərləyici maddə tətbiq edildiyini müəyyənləşdirib. Hazırda Qərb ölkələri qadağan olunmuş kimyəvi silahla müxalifət liderinə qarşı sui-qəsdə görə Rusiyaya qarşı atılacaq addımları müzakirə edirlər. Virtualaz.org xəbər verir ki, həmin zəhəri yaradanlardan biri-hazırda ABŞ-da yaşayan sovet alimi Vil Mirzəyanov “Azadlıq” radiosuna Navalnının hansı yolla zəhərlənmiş ola biləcəyi haqda danışıb.

O deyir ki, Navalnıya qarşı tətbiq edilən “Noviçok” növü 2018-ci ilin martında Britaniyanın Solsberi şəhərində keçmiş GRU zabiti Sergey Skripalın və qızının zəhərlənməsi üçün Rusiya xüsusi xidmət orqanları tərəfindən tətbiq edilən “Noviçok”dan qat-qat təhlükəli ola bilər. Onun mövqeyinə görə, zəhər Navalnının orqanizminə mədəsindən keçməklə düşüb, nəticədə ətrafdakılar bu zəhərin təsirinə məruz qalmayıb. Bu isə o deməkdir ki, siyasətçinin zəhərlənməsində Skripallara qarşı sui-qəsdi təşkil edən adamlar dayanır. Bu dəfə onlar öz səhvləri üzərində işləyiblər və daha az iz buraxmağa çalışıblar.

Xatırladaq ki, Skripalların zəhərlənməsi əməliyyatı zamanı Rusiya Baş Kəşfiyyat İdarəsinin əməkdaşları “Noviçok”un izlərini az qala getdikləri hər yerdə buraxmışdılar. Onlar maddəni Böyük Britaniyaya apardılqları ətir flakonunu küçədə atmışdılar, nəticədə həmin flakonu tapan və ətir zənn edib istifadə edən yerli sakin ölmüşdü. Habelə Skripallara yardım edən polis zabiti də zəhərlənmişdi.

Skripalları zəhərləyən GRU zabitləri

Mirzəyanov 1965-ci ildən 1992-ci ilə qədər SSRİ Müdafiə Nazirliyinin və KQB-nin nəzarətində olan orqanik kimya və texnologiya institutunda işləyib. Sonradan “Noviçok” adlandırılan A-230 döyüş təyinatlı zəhəri də həmin institutda hazırlanıb.

O deyir ki, Sergey Skripal və qızı Yuliya zəhərli maddənin dəri ilə təması nəticəsində zəhərlənmişdilər. Müəyyən dozada maddə qapının dəstəyi vasitəsilə onların əlinin dərisindən orqanizmə keçmişdi. Navalnı isə çox güman ki, həzm sistemi vasitəsilə zəhərlənib.

“Mənə elə gəlir ki, bu dəfə zəhərin başqa versiyasını, A-261 kod adı ilə “Noviçok”u tətbiq ediblər. Bu, Solsberidə istifadə olunan maddədən 10 dəfə daha zəhərlidir, üstəlik bərk maddədir. Onu qəndə qarışdırmaq, çay paketinə əlavə etmək olar. Adamı öldürmək üçün bu maddənin cəmi bir neçə milliqramı bəs edir”,-dəhşətli zəhəri hazırlayanlardan biri deyir.

Mirzəyanov

Bəs Navalnı dərhal niyə ölməyib? Mirzəyanov deyir ki, ola bilsin bilərəkdən siyasətçinin öldürməyəcək miqdarda zəhər istifadə ediblər. Yaxud ola bilsin məqsəd onu sıradan çıxarmaq, ömürlük əlil etməkdir. Alim Navalnının tam sağalacağına inanmır.

“Mənə üzvi fosfor tərkibli zəhərli maddə ilə zəhərlənənlərin tam sağalması faktı məlum deyil. Sovet dövründə belə maddənin təsirinə məruz qalanlar bir daha əvvəlki işləri ilə məşğul ola bilmirdilər, onları sadəcə olaraq vəzifələrinə bərpa etmirdilər”,-Mirzəyanov bildirib.

Alim deyir ki, indiki halda A-261 maddəsinin tətbiq edilməsi Navalnını zəhərləyən şəxsin özü üçün tam təhlükəsizdir. O, hətta maddəni əli ilə götürüb siyasətçinin çayına ata bilərdi. Mirzəyanov bildirir ki, “Noviçok”un bərk formasını Kirpiçev adlı alim işləyib hazırlayıb, onu Şixan poliqonunda sınaqdan keçiriblər, məlum olub ki, bu maddə daha əvvəl hazırlanan A-230 və A-232 kod adlı maddələrdən 10 dəfə güclü təsirə malikdir.

Alim qeyd edir ki, Navalnının Omsk xəstəxanasında ləngidilməsi də düzgün taktika idi, bunu ona görə edirdilər ki, zəhərin izləri qalmasın. Amma Almaniya mütəxəssisləri çətinliklə də olsa zəhərin izlərini aşkar edə biliblər.

“Mən “Noviçok”un hazırlanmasında iştirak edənlərdən biri kimi həmişə belə hallarda özümü günahkar hesab edirəm. Bu yaxşı iş deyil. Mən heç vaxt düşünməzdim ki, nə zamansa terror alətinə çevriləcək maddənin işlənib hazırlanmasında iştirak etmişəm. O vaxt sadəcə olaraq hesab edirdik ki, bu, ölkənin müdafiəsi üçündür. Sonra mən dərk elədim ki, bu maddə sadəcə olaraq kütləvi qırğın silahıdır, müdafiəsiz insanları öldürür. Qoşunları yox, dinc əhalini. Qoşunlar həmişə əleyqaz və qoruyucu geyim geyinə bilər, bu halda “Noviçok” onlara heç nə etməyəcək. Lakin mən bu maddənin kütləvi qırğın silahı olduğunu başa düşəndə də indiki kimi alçaqlığa gedəcəklərini təsəvvür etmirdim”,-Vil Mirzəyanov bildirib.