Tribuna İnformasiya Agentliyi

NATO rəhbəri: Avropaya yeni nüvə silahları yerləşdirməyəcəyik

12 Fevral

NATO Orta və kiçikmənzilli raketlərin ləğv olunması müqaviləsinin qüvvədən düşəcəyi təqdirdə atılacaq potensial addımları müzakirə etsə də, Avropaya quru tipli yeni nüvə raketləri yerləşdirməyi planlaşdırmır.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri NATO baş katibi Yens Stoltenberq səsləndirib.

“Müdafiə nazirlərinin bu toplantısında, Rusiyanın çoxsaylı raketlərinin olduğu bir vaxtda sülhə adaptasiya olunmaq üçün NATO-nun atmalı olduğu addımları, o cümlədən, effektiv qabaqlama və müdafiə yollarını müzakirə edəcəyik. Addımların nələrdən ibarət olacağının təfsilatlarına varmaq fikrində deyiləm”, – deyə Stoltenberq jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.

Xatırladaq ki, fevralın 2-də ABŞ prezidenti Donald Tramp Rusiya (SSRİ) ilə illər əvvəl bağlanmış Orta və kiçikmənzilli raketlərin ləğv olunması müqaviləsindən çıxma prosesini işə saldığını elan edib.