Natiq Cəfərli:”Bu işlər görülməsə, Azərbaycanı çox ciddi problemlər gözləyir”backend

Natiq Cəfərli: “Bu işlər görülməsə, Azərbaycanı çox ciddi problemlər gözləyir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu il Azərbaycan hökuməti erməni işğalından azad edilmiş ərazilərin bərpasına 1,5 milyard dollar vəsait qoyacaq”
TİA.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov Asiya İnkişaf Bankının (AİB) Direktorlar Şurasının onlayn iclasında deyib.
Sözügedən məsələ ilə bağlıTİA.az-a danışan tanınmış iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, bu məbləğ hələ ilkin məbləğdir. Gələcəkdə bu rəqəm arta bilər:

“Bu il üçün Azərbaycan büdcəsindən işğaldan azad olunmuş torpaqların bərpasına 2,2 milyard manata yaxın vəsait ayrılıb. Bu da büdcənin təxmini 8%-ni təşkil edir. Göründüyü kimi bu məbləğ büdcə üçün kifayət qədər ciddi bir rəqəmdir. Çox güman növbəti illərdə bu rəqəm daha da artacaq. İndi ayrılan pul sadəcə ilkin mərhələ üçün nəzərdə tutulur. İlkin mərhələdə ayrılan pul işğaldan azad olunmuş ərazilərdə təhlükəsizlik tədbirlərinin görülməsi, kommunikasiya xətlərinin çəkilməsi kimi işlərə xərclənəcək. Sonrakı dövrdə isə təmir-bərpa işlərinə başlanılacaq. Kəndlərin, şəhərlərin, qəsəbələrin bərpası daha böyük vəsait tələb edəcək. Təbii ki, bu xərclər Azərbaycan büdcəsinə əlavə yükdür. Ancaq işğaldan azad edilən əraziləri bərpa etmək mütləqdir. Ona görə də büdcəyə gəlirlər artırılmalıdır ki, yaranan xərclərin fonunda dövlətin sosial və digər sahələrə xərclədiyi vəsait azalmasın”

Ekspert qeyd edib ki, büdcəyə yeni gəlir mənbələrinin yaradılması vacibdir. Əks halda problemlər qaçılmaz olacaq:
“Hazırkı durumda iqtisadi aktivlik artmalı, yeni istehsal, xidmət sahələri yaradılmalıdır. Büdcədən ayrılan vəsaitlərin daha şəffaf xərclənməsinə nəzarət gücləndirilməlidir. Bir sözlə, görüləsi işlər çoxdur. Və bu işlər görülməlidir. Çünki növbəti səkkiz-on ildə dövlət büdcəsinin əhəmiyyətli bir hissəsi işğaldan azad edilmiş torpaqlara xərclənəcək. Hələlik təhlükəsizlik yastığı kimi Neft fondunun vəsaiti var.

Bu vəsait 42 milyard dollara yaxındır. Azərbaycan hökuməti hazırda həmin vəsaitə arxayındır. Əgər əlavə gəlir yerləri olmasa, çox güman dövlət neft fondundan xərcləməli olacaq. Ancaq neft fondu da tükənməz deyil. Digər tərəfdən də neft hasilatının azalması ilə neftdən gələn gəlir də ilbəil azalır. Ona görə də nə qədər ki, neft fondu hökumətə rahat davranmağa imkan verir bundan istifadə etmək lazımdır. Vaxtdan istifadə edərək büdcədən ayrılan xərclərin şəffaflığını artırmaq və iqtisadi aktivliyi gücləndirmək lazımdır. Əks halda böyük problemlər bizi gözləyir”.
Aytac Sahəd

TİA.AZ